Zirvədən bax

Zirvədən bax
Zirvədən bax

Söhbət açacağımız, sizə təqdim edəcəyimiz adamın cəmi on yeddi yaşı var. Həmişə öndə olmağı qarşısına məqsəd qoyan Aydan Ağazadənin bir şüarı var: “Yüz dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax” deyimi həyat kredosu kimi qəbul edib. Bunun üçün isə çalışmaq və çalışmaq lazım gəlir. Aydan çətinliklərdən qorxan, geri çəkilən deyil, məqsədinə çatmaq üçün hər cür əziyyətə qatlaşır. Aydan məktəbin ən fəal şagirdlərindən biridir. O, həmişə doğma məktəbinin adını uca tutmağa çalışır. Elə bir tədbir, elə bir bilik yarışı yoxdur ki, Aydan orada fərqlənməsin.
Aydan Mütarif qızı 2002-ci ildə Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin birinci sinfinə getmiş və bu il həmin məktəbi bitirmişdir. Hər zaman məktəbin mənafeyini uca tutmuş bir şagird kimi kollektivdə ad-san qazanmışdır. Elə bunun nəticəsidir ki, təhsil aldığı illərdə bir-birinin ardıyca bilik sahəsində yüksək uğurlara sahib olmuşdur. Bu da onu arzusunda olduğu zirvəyə qaldıracaq. Onun olimpiada və bilik yarışlarında qazandığı nailiyyətlər barədə qısa da olsa söz açmağa dəyər.
Aydan hələ VII sinifdə oxuyarkən dil və ədəbiyyat fənni üzrə rayon olimpiadasında birinci olmuşdur. VIII sinifdə oxuyarkən həmin fənn üzrə II və I yer tutmuşdur. X və XI siniflərdə “Araz kursları”nın keçirdiyi sınaq imtahanlarında 600-dən yuxarı bal toplamışdır. Aydanın uğurlarının hamısını sadalasaq xeyli yer aparmış olar. Ancaq onun son uğuru haqqında danışmamaq olmaz. Ümummilli lider H.Əliyevin 90 illiyinə həsr edilmiş Təhsil Nazirliyi və ARDNŞ-in birgə keçirdikləri məktəblilərin “Ekoerudit” respublika ekoloji breyn-rinq yarışının rayon turunda məktəbin komandası I olmuşdur. Aydan bu komandanın kapitanı idi. Təzəkənd məktəbliləri həmin yarışda respublika turunda II olmuşlar. Aydan TQDK-nın keçirdiyi sonuncu sınaq imtahanında 641 bal toplamışdır.
A.Ağazadənin bir arzusu var. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmaq arzusu ilə yaşayır. Biz inanırıq ki, Aydan bu arzusuna da çatacaq, onun buna imkanı var. Müstəqil və suveren Azərbaycanı bütün dünyada tanıdacaq, yeni-yeni zirvələr fəth edəcək və hər zaman deyəcək: zirvədən baxmaq doğrudan gözəldir. Sənə bu çətin yolda uğurlar arzulayırıq!
“İsmayıllı xəbərləri”

Şərh Yaz