Siqaretə yox deyək

Siqaretə yox deyək
May ayının 6-da İsmayıllı rayon İcra hakimiyyəti başçısı Mirdaməd Sadıqov “Rayon ərazisində ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi barədə” sərəncam imzalayıb.
Sərəncamda göstərilir ki, siqaret çəkməyin insan orqanizminə ciddi ziyanı və törətdiyi fəsadlar hamıya məlum olsa da, bu zərərli vərdişdən əl çəkmək istəyənlərin sayı olduqca azdır. Alimlər sübut etmişlər ki, siqaret çəkməyə başladığı andan insan orqanizminə pis təsir etməyə başlayır və dünyada hər 13 saniyədə bir insan siqaretlə bağlı xəstəlikdən həyatını itirir. Siqaret çəkənlər xərçəng, ürək, ağ ciyər və tənəffüs yolları xəstəliyinə daha tez tutulur və dünyasını dəyişir. Müxtəlif məqsədli məclislərdə, insanların daha çox toplaşdığı yerlərdə, yeməkxana və çayxanalarda, iş otaqlarında siqaret çəkənlər təkcə özlərinin yox, əməkdaşlarının da sağlamlığına qənim kəsilmiş olurlar, onların hüquqlarını, cəmiyyətdə birgəyaşayış qaydalarını pozurlar.
Cəmiyyətin, insanların, ümumilikdə vətəndaşların sağlamlığını qorumaq xüsusi əhəmiyyət kəsb edir. Rayonumuzda son illər vərəm, tənəffüs yolu, xərçəng və hepatit S xəstələrinin sayı çoxalmış, uşaqlarda, yeniyetmə və gənclərdə siqaretə meyil artmışdır. “Siqaretə yox!” həyacan təbilini çalmağın vaxtıdır.
Yaranmış vəziyyəti, siqaret çəkənlərlə mübarizəni gücləndirmək və əhalinin çoxsaylı müraciətlərini, siqaretin insan həyatı üçün ziyanını və təhlükəsini nəzərə alaraq, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.7.2-ci və 6.1-ci maddəsinə əsasən qərara alınıb:
1. Rayon ərazisində ictimai yerlərdə – məktəblərdə, uşaq müəssisələrində, idarə, müəssisə və təşkilatlarda, küçə və parklarda, yeməkxana, restoran və çayxanalarda, turizm obyektlərində, qapalı şəraitdə keçirilən toy və yas mərasimlərində, ictimai nəqliyyatda siqaret çəkilməsi qadağan edilsin.
Siqaret çəkilməsi üçün xüsusi yerlər ayrılsın.
2. Tütün məmulatları satışına razılığı (lisenziyası) olmayan mağaza və dükanlarda, bufetlərdə və əldə siqaret satışına qadağa qoyulsun. Sərəncamın tələblərini pozanlara qarşı ictimaiyyətin və hüquq mühafizə orqanlarının gücündən istifadə edilsin.
3. Rayon ərazisində siqaret və tütün məmulatlarının reklamına, hər hansı formada təbliğinə icazə verilməsin.
4. Siqaret çəkilməsinə qarşı mübarizəyə bütün ictimaiyyət, ziyalılar, müəllimlər, həkimlər, ağsaqqallar, qadın şuraları, gənclər və qeyri-hökumət təşkilatları cəlb edilsin. Siqaret çəkənlərin ictimai, qınaq obyektinə çevrilməsi üçün müvafiq tədbirlər görülsün.
5. Məktəblərdə, səhiyyə müəssisələrində, iri kollektivlərdə siqaretin insan sağlamlığına ziyanı barədə mühazirələr təşkil edilsin və “Siqaretə yox deyək!” aylığı keçirilsin.
Sərəncamın sonrakı iki bəndində onun rayonda çıxan “İsmayıllı xəbərləri”, “Girdiman” qəzetlərində dərc edilməsi, eləcə də bu mövzuda xüsusi rubrika açılması, Sərəncamın icrasına nəzarət RİH ictimai-siyasi, humanitar məsələlər və hüquq şöbələrinə tapşırılması yer tutub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz