Küçə mədəniyyəti

Küçə mədəniyyəti
Hansı problemimizi işıqlandırım deyə, çox düşündüm. Qaz, işıq, su da yaranan problemlərimi, qızlarımızın kiçik yaşlarından məcbur edilərək ərə verilməsinimi, narkomaniya bəlasınımı? Axı hansını? Saysız-hesabsız, o qədər problemlərimiz var ki… Lakin tələbə qıza verdiyim “Bu gün səni cəmiyyətimizdə ən çox hansı problem narahat edir?” sualına aldığım, “küçələrdəki biabırçılıq” cavabı məni bu mövzunu işıqlandırmağa sövq etdi.
Küçələrdəki biabırçılıq dedikdə, dilimə gələn ilk ifadə küçə mədəniyyəti oldu. Küçə mədəniyyəti… İşlətdiyim söz bir qədər sərt ola bilər, lakin hansı mədəniyyət?
Küçə mədəniyyətindən danışarkən fikrimizdə canlandırdığımız ilk mənzərə zibil qutusuna deyil, yerə atılan tullantılardır. Qarşılaşdığım bir mənzərəni qeyd etmək istəyirəm. Səhər çağı idi. Kiçik yaşlı övladını məktəbə aparan ana bəh-bəhlə yediyi şokoladın kağızını yerə atdı. Uşaq da eynən həmin hərəkəti təkrarladı. Belə halda biz hansı mədəniyyətdən danışa bilərik?
Mövzumuz ictimai problemimiz olan küçə mədəniyyəti haqqındadırsa, təbii ki, gənc qızlarımıza narahatçılıq yaradan mövzulara da toxunmalıyıq. Yol ilə gedərkən hansısa xanımın geyimindən, davranışından asılı olmayaraq loru dillə desək, ona “söz atmaq” dan zövq alan, bunun heç də ədəbsizlik, əxlaqsızlıq olduğunu anlamayan oğlanların olması da problemdir. Hələ bir, bahalı avtomobil idarə edən gənc bəylərimizin sıralarında qeyri-adi siqnallar verən, musiqinin səsini ifrat səviyyədə qaldıranlar da var. Bu harasıdır ki, yol ilə gedərkən uca səslə danışmaq, söyüş söymək də adiləşib.
Küçə mədəniyyətindən danışarkən bir məqamı da vurğulamaq istərdim. Bu da divarlarımıza yazılan yazılardır. Ən çox rast gəlinəni isə “bura zibil atanın…” tipli yazılar və qeyri-əxlaqi saytların reklamıdır. Hə, bir də divarlara edilən sevgi etirafları…
Bir çoxlarının diqqət yetirmədiyi məqamlardan birini də qeyd etmək yerinə düşərdi. Bəzi insanlar, əksərən də kişilərimiz yol gedərkən tez-tez yerə tüpürməyə adət ediblər. Bu da bizim mədəniyyət göstəricimizdir.
Qeyd etmək istərdim ki, belə problemlərimiz yalnız milyonlarla insanlarımızın yaşadığı, bir neçə gün əvvəl ayrıldığım paytaxtda deyil, regionlarda var. Təbii ki, regionlarda insanların əksəri bir-birilərin tanıdıqlarından mədəniyyətsizlik kimi dəyərləndirilə biləcək hərəkətlərə az yol verirlər. Küçə mədəniyyəti heç də kiçik bir məsələ deyil. Burada hamı aldığı tərbiyəni, onun müqabilində xərcləyə biləcəyi mərifəti nümayiş etdirir.
Küçə ilə bağlı mədəniyyətimizi yüksəltmək üçün çatışmazlıqları asanlıqla aradan qaldıra bilərik. Necə? Yaranmışların şüurlusu olmağımızı dərk etməklə.
Çinarə Bəhərçinli,
“İsmayıllı xəbərləri” qəzetinin xüsusi müxbiri

Şərh Yaz