İsmayıllının bugünkü mənzərəsi

İsmayıllının bugünkü mənzərəsi
İsmayıllının bugünkü mənzərəsi
Hər bir bölgənin özünəməxsus gözəllikləri var. Bu gözəlliklər içərisində seçilən və ilin bütün fəsillərində gəzmək, görmək, yaşamaq üçün diqqəti çəkən, insanı özünə cəlb edən guşələrdən biri də İsmayıllıdır. Bu qədim diyar elə bir coğrafi ərazidə tarixiləşib ki, onu görmədən, onu seyr etmədən, onun suyundan içib havasından udmadan da yalnız barəsində eşitməklə, televizorda kadrları gözdən keçirməklə barəsində xəyallar qurmaq, fikir söyləmək mümkündür. Çünki İsmayıllının söykəndiyi Baba dağın zirvəsindən baxanda bir tərəfi aran, bir tərəfi yaylaq olan İsmayıllının qeyri-adi gözəlliyi adamın ürəyini atlandırır. Zümzümə etmək, onun şəninə şeirlər, nəğmələr qoşmaq istəyirsən, səsinə Girdiman çayı səs verir…
Təbii ki, o Allahın Azərbaycan xalqına bəxş etdiyi gözəllikdir, bir hədiyyədir. Bu gözəlliyi qorumaq, onu daha da cilalamaq və bu torpaqda yaşayanların həyat səviyyəsini yüksəldib qayğılarını azaltmaq təbii ki, rayon rəhbərliyinin bilavasitə ölkə Prezidentinin rayona təyin etdiyi icra başçısının gündəlik vəzifəsi və iş qrafikinin əsas göstərcisidir. Oxucuların da xatırladığı kimi, bu ilin əvvəllərində İsmayıllıda baş verən məlum hadisələr sonda rayon rəhbərliyinin dəyişməsi ilə nəticələndi. Ölkə prezidentinin sərəncamı ilə rayona əslən İsmayıllıdan olan, bu bölgəni çox yaxından tanıyan, onun problemlərini dərindən bilən yeni başçı təyin olundu. Necə deyərlər, insanların narahatlıqla gözlədiyi bu təyinat artıq arxada qalmış gərginliyin bir növ azalmasına, həyatın öz axarına düşməsinə gətirib çıxardı.
İsmayıllının bugünkü mənzərəsi
Rayona təyin olunduğu ilk gündən başlayaraq icra hakimiyyətinin başçısı birbaşa insanlarla görüşməyə, onlarla birlikdə bəlli problemləri çözməyə başladı. Bu da İsmayıllı sakinlərinə sanki yeni nəfəs verdi. Onlar əvvəldən də tanıyıb uğurları ilə, cəmiyyətdəki mövqeyi ilə fərx etdikləri yeni icra başçısına hər görüşdə çəkinmədən, tərəddüd etmədən öz istək və arzularını, problemlərini deməyə başladılar. Onları səbirlə və həm də böyük maraqla dinləyən yeni icra başçısı əl-ələ verib işləməyin, rayonun düşdüyü gərgin durumdan çıxarmağı öz başlıca vəzifəsi olduğunu bəyan etdi. Çünki onun arxasında rayon sakinləri, tanıdığı insanlar dayanırdılar. El gücü birləşib yeni bir işgüzar ümid yaratmışdı. Təkcə İsmayıllı şəhərində deyil, həmçinin rayonun kəndlərində keçirilən görüşlər, ictimai müzakirələr yeni rəhbərliyə bütün problemlərin mənzərəsini açıb göstərirdi. Bəlli olurdu ki, rayonun öz gücünə, öz imkanları hesabına həll edə biləcəyi kifayət qədər problemlər var. Həmin problemləri sadəcə diqqətə almaq, aidiyyəti qurumlara vaxtında göstəriş vermək. Onlardan da vaxtlı-vaxtında gördükləri işlərin nəticəsini tələb etmək problemlərin çözümündə əsas və qətiyyətli addım idi. Elə rayonun yeni rəhbərliyi də işə bu cür başladı. Onun keçirdiyi görüşlərdə səsləndirilən fikirlərə, qaldırılan məsələlərə elə yerindəcə konkret və obyektiv münasibət ifadə edilir, günahkarlar tənbeh olunur, rayon imkanlarından kənarda həll edilməsi vacib olan məsələlər isə qeydiyyata alınıb respublika səviyyəsində adiyyəti qurumlar qarşısında qaldırılırdı.
Bu işgüzar mühit ismayıllıları sevindirməyə, onların inamlarını artırmağa başladı. İsmayıllılar hiss etdilər ki, rayonun icra strukturuna iş bilən, onların etimadını doğruldan, doğulduğu torpağı, xalqını, dövlətini sevən bir şəxs rəhbər təyin olunub. Bu isə öz növbəsində İsmayıllının sabahına olan inamın artması deməkdir.
Bugünlərdə rayon mərkəzində inşasına başlanmış çoxmərtəbəli binalardan birinin özülü qoyularkən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu özülqoyma mərasiminə yığışan sakinlərə üz tutaraq bildirib ki, onun ən böyük vəzifəsi ölkə prezidenti İlham Əliyev cənablarının verdiyi tapşırıqları, yəni İsmayıllının layiq olduğu səviyyədə çiçəklənməsini, inkişaf etməsini, rayonun iqtisadi-siyasi durumunun ön cərgəyə çıxarılmasını və rayon sakinlərinin sosial məişət şəraitinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
İcra başçısının söylədiklərini böyük maraqla dinləyən hər kəs bu sözlərin arxasında konkret işin duduğunu artıq öz gözləri ilə görürlər. Yəni keçirilən görüşlərdə səslənən fikirlər demək olar ki, artıq həyata tətbiq edilməyə başlayıb. Necə deyərlər, sözlə əməl indi İsmayıllıda üst-üstə düşür. Bu da rayon sakinlərini məmnun edir.
Hazırda İsmayıllının ən önəmli problemlərindən biri işsizliyin aradan qaldırılmasıdır. Əksəriyyəti gənclərdən ibarət olan həmin o işsiz kontingentin qayğılarını başa düşmək, onları qiymətləndirmək təbii ki, hər bir rəhbər işçidən dövlət və vətəndaş mövqeyi tələb edir. Sevindirici haldır ki, rayonun yeni icra başçısı məhz həmin mövqedən çıxış edən şəxsdir. Onun fəal gənclərlə keçirdiyi görüşlər və həmin görüşlərdə səslənən fikirlərin qısa bir vaxtda gerçəkləşdirilməsi üçün atdığı addımlar indi İsmayıllıda hər kəsə bəllidir. Həmin səslənən fikirlər sırasında daimi iş yeri məsələsi əsas yeri tuturdu. Bu fikirlərə müvafiq olaraq rayonda xalçaçılığın yenidən dirçəldilməsi gündəmə gəldi. Bu sahəyə rəhbərlik edən Qasım Məmmədovun dediyinə görə, rayonda ən ağrılı sahə olan xalçaçılıq demək olar ki, unudulmaq üzrə idi. Rayona yeni başçı təyin olunmuş Mirdaməd Sadıqov cənablarının işə şəxsi müdaxiləsi nəticəsində bu sahəyə yeni nəfəs verildi. Həm işin ahəngi, həm də işləyənlərin ovqatı demək olar ki, kökündən dəyişdi. Artıq xalçaçılıq sahəsində işçilərin sayı yüz nəfəri keçib. Bu daimi iş yeri həm də hər bir ailə üçün əməkhaqqı, çörək deməkdir.
Rayonda aparılan abadlıq işləri də iş axtaranların üzünə sanki qapıları açdı. İndi şəhərin özü ilə yanaşı, onun kəndlərində də geniş təmir, tikinti, abadlıq işləri görülür. Özü də bu işlər planlı şəkildə, keyfiyyətlə icra olunur. Rayon üçün ən önəmli məsələ olan kanalizasiya və içməli su sistemlərinin yenidən qurulması demək olar ki, xüsusi nəzarət altındadır. Ona görə də işin keyfiyyətlə görülüb başa çatdırılacağına heç kimdə şübhə yoxdur.
Bəli, bu gün İsmayıllı öz təbii gözəlliyinə, öz adına layiq bir şəkildə yeni həyatını yaşayır. Onun sakinləri isə bu yeni həyatın qurucuları kimi ürəklə abadlıq, təmir işləri aparır, iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirir və paralel olaraq həm də sahibkarlığın genişləndirilməsinə, özəl sektorun yeni tələblər səviyyəsinə qaldırılmasında öz sözlərini deyirlər. Digər bölgələrimiz kimi, İsmayıllıda da kənd təsərrüfatı üzrə bəlli sahələr – əkinçilik, heyvandarlıq, quşçuluq, bağçılıq, üzümçülük də sürətlə inkişaf etdirilir. Təbii ki, bu da rayonda emal müəssisələrinin yaradılması və yaxud yenidən qurulması üçün əlavə tədbirlərin görülməsini gündəmə gətirir. Rayon rəhbərliyi də regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq elə İsmayıllının özündə istehsal və emal müəssisələrinin paralel inkişaf etdirilməsinə çalışırlar.
Məlumdur ki, təkcə iqtisadi göstəricilər deyil, mədəniyyət, təhsil, səhiyyə sahəsində də zəruri addımların atılması ismayıllıların çoxdan gözlədiyi məsələ idi. Rayon rəhbərliyi dəyişdikdən sonra çox qısa müddət ərzində rayon mədəniyyət evinin, uşaq kitabxanasının təmiri başa çatdırıldı. Uşaq bağçasının təməlqoyma mərasimi keçirildi. Səhiyyə, təhsil ocaqlarında əsaslı dəiyşikliklər başlandı. Bununla yanaşı, rayonun yaşıllıqlarının artırılması üçün ağacəkmə kampaniyaları keçirildi.
Doğrudan da, işə ürəklə girişəndə, işə dövlətçilik və vətəndaşlıq mövqeyindən yanaşanda üzərinə götürdüyün məsuliyyət hissini qiymətləndirməyi bacaranda onda nəticə də sevindirici olur. Bax, bu gün İsmayıllının simasında hər kəs qeydlərimdə göstərdiklərimin canlı şahididir. Ona görə də hər bir İsmayıllı sakini ölkə prezidentinə dərin minnətdarlığını ifadə etməklə İsmayıllının yeni dönəminin qurucusuna çevrilmək əzmindədir.
İslam Niftiyev,
“Ədalət qəzeti”nin bölgə müxbiri

Şərh Yaz