Əkinçilik mədəniyyətinin təbliği

Əkinçilik mədəniyyətinin təbliği
24 may 2013-cü il tarixdə İvanovka kəndində, Nikitin adına kolxozun timsalında kənd təsərrüfatı bitkilərinin becərilməsində tətbiq olunan aqrotexniki tədbirlərin nümayiş edilməsi və ətraf ərazilərlə bu işin müqayisəli təhlilini aparılması, ortaya çıxan problemlərin həlli yollarının araşdırılması məqsədi ilə fermerlərin, taxıl istehsalçılarının, müəssisələrinin iştirakı ilə seminar-müşavirə keçirildi.
Müşavirəni rayon İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov giriş sözü ilə açaraq keçirilən müşavirənin əhəmiyyətindən danışdı. Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Nadir Qədirov, İsmayıllı rayon Bitki Mühafizə Stansiyasının rəisi Akif Əsədov, Aqrokimya Laboratoriyasının rəisi Ağarza Zülfüqarov, “Aqroservis” İsmayıllı rayon filialının müdiri Əlağa Həsənov, Mollaisaqlı bələdiyyəsinin sədri Baba Babayev çıxışlarında məhsul istehsalının artırılmasında növbəli əkin sisteminin tətbiqindən, yüksək reproduksiyalı toxumlardan istifadədən, mineral və üzvi gübrələrin tətbiqindən, bitkilərin xəstəlik və zərərvericilərlə qarşı vaxtında mübarizə tədbirlərinin aparılmasının vacibliyindən danışdılar. İştirakçılar kənd təsərrüfatı bitkilərinin becərilməsində tətbiq olunan aqrotexniki tədbirlərin tətbiqini və əldə olunan nəticələri əyani şəkildə gördülər.
Kolxoz-sovxoz rejiminin süqutundan sonra torpağın əkilib-becərilməsinə torpağa qulluq işləri zəifləmişdir. Atalar deyiminə görə: “Torpaq deyir – öldür məni, dirildim səni”. Yüksək məhsul almaq üçün yay şumundan başlayaraq biçin dövrünə qədər torpağa qulluq olunmalı, torpaqdan bitkilər tərəfindən götürülmüş qida maddələrinin əvəzi ödənilməlidir. Keçən ilin payızında əkilmiş 28638 ha əkin sahələrinə lazımi qulluq işləri aparılmış və taxıl sahələrindən bol məhsul gözlənilir.
P.Məmmədov,
RİH-nin Aqrar məsələlər şöbəsinin baş məsləhətçisi

Şərh Yaz