Ümummilli lider hər zaman anılır

Ümummilli lider hər zaman anılır
Ümummilli lider Heydər Əliyev bütün şüurlu həyatını vətənə xidmətə həsr etmişdir. Heydər Əliyevə xas olan yüksək siyasi və işgüzar keyfiyyətlər, səmimilik və insanlara qarşı həssaslıq ona təkcə vətənində deyil, çox-çox uzaqlarda da dərin hörmət qazandırmışdır. Ulu öndər özünün bütün qüvvə və biliyini müstəqil Azərbaycan dövlətinin təşəkkülü işinə həsr etmişdir.
Azərbaycan Respublikasının iqtisadiyyatında, siyasətində, sosial problemlərinin həllində qazandığı nailiyyətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi iradəsi, qətiyyəti və məqsədyönlülüyü öz ölkəsinə və xalqına çox böyük məhəbbəti sayəsində Azərbaycanda demokratiya, sabitlik və sülh bərqərar olmuşdur. Müstəqilliyin ilk illərində Azərbaycanda sabitliyin yaradılmasında ümummilli lider Heydər Əliyevin rolu böyükdür. Onun güclü liderliyi sayəsində Azərbaycan dünya dövlətləri arasında öz mövqeyini təsdiq edə bildi. Azərbaycan xalqının gücünə, zəngin dərindən inanan Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin, iqtisadiyyatımızın, siyasətimizin mənbəyinin əsasını yaratmağa başlamışdır.
Bütün bunlarla yanaşı ölkədə elmi, mədəniyyəti və incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırmışdır. Azərbaycanın zəngin tarixini bütün dünyaya tanıtmışdır.
Ulu öndərin gördüyü bütün bu işlər Tircan kənd sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Uzun illər Tircan məktəbi köhnə, istifadəyə yararsız bir binada yerləşib. Lakin Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yaradılmış Heydər Əliyev Fondunun ayırdığı vəsait hesabına 11 noyabr 2005-ci ildə yeni, müasir tələblərə uyğun ikimərtəbəli məktəb binası istifadəyə verildi. Bu bütün kənd əhalisinin, müəllim və şagird kollektivinin sevincinə səbəb oldu. Buna görə biz Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk.
Hər il Tircan kənd tam orda məktəbində ümummilli lider Heydər Əliyevin həm anım günü, həm də doğum günü böyük təntənə ilə qeyd edilir.
Bu il də məktəbimiz öz ənənəsinə sadiq qalaraq ulu öndərin 90 illik yubileyini yüksək səviyyədə qeyd etdi. Tədbirdə məktəbin direktoru İlqar Gərayev öz çıxışında Heydər Əliyevin xalqımız üçün gördüyü bütün işlərdən, respublikamızı dünyaya necə tanıtmasından böyük fərəh və qürurla məlumat verdi. O, qeyd etdi ki, bugünkü xoşbəxt, müstəqil və azad həyatımıza görə Ümummilli liderimizə borcluyuq.
Məktəbin tarix müəllimi, bu sətirlərin müəllifi Gülyanaq Əliyeva öz çıxışında dahi şəxsiyyətin şərəfli həyat yolundan, tutduğu məsul vəzifələrdən, xalqına olan sevgi və hörmətindən danışdı.
Məktəbin direktor müavini Firuz Aslanov, ibtidai sinif müəllimi Şərafət Hacıyeva öz çıxışlarında Heydər Əliyevin gördüyü işlərdən söz açdılar.
Tədbirdə məktəbin şagirdləri ulu öndərə həsr olunmuş şeirlərlə çıxış etdilər. Onlar söylədikləri bu şeirlərlə Ümummilli liderə olan hörmət və ehtiramlarını bildirdilər. Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video görüntülər nümayiş etdirildi.
Heydər Əliyev Azərbaycan tarixində qızıl səhifələr yazdı. Zaman keçsə də hər bir Azərbaycan vətəndaşı bu səhifələri qürurla, fərəhlə oxuyub yaddaşına həkk edəcək.
Əsrlər keçsə də Azərbaycan xalqının ali baş komandanı, ağsaqqalı, bələdçisi və yol göstərəni kimi onun nəzəri üstümüzdə olacaq.
Gülyanaq Əliyeva,
M. Piriyev adına Tircan kənd tam orta məktəbinin tarix-coğrafiya müəllimi

Şərh Yaz