Böyük ümidlə, sabaha doğru

Böyük ümidlə, sabaha doğruBöyük ümidlə, sabaha doğru
Hər gün bir kənddə olan, əhalini qəbul edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 14 may 2013-cü il tarixdə məsafəcə şəhərə birləşməkdə olan Cülyan kəndinə gəldi. Giriş nitqində ucqar kəndlərdə olduğu kimi, burada da sosial problemlərin tam həll olmadığını, inzibati ərazi üzrə nümayəndənin və bələdiyyə sədrinin diqqətinə çatdırdı. Həkim ambulatoriyası, klub yox, kitabxana yararsız vəziyyətdə, kəndə gələn və kənddaxili yollar baxımsız. Suvarma və içməli su olsa da, ondan səmərəli istifadəni təmin edən tənzimləyici tədbirlər görülməyib.

RİH-nin başçısı Mirdaməd Sadıqov onu da qeyd etdi ki, Cülyanın torpaqlarından daha çox faydalanan, burada malikanələr ucaldan insanlar sosial problemlərə diqqətsiz olublar. Kəndin rəhbərliyi, icması da belələrinə qarşı qanuni mövqedən tələbkar olmayıb.
Məktəbin iclas zalına 200 nəfərdən çox kənd sakini toplaşmışdı. Mirdaməd müəllim onlara sualla müraciət etdi: – Məgər 5-10 ildən sonra sizin övladlarınıza torpaq lazım olmayacaq? Pay torpağını satandan sonra nə işlə məşğul olacaqsınız? Şəhərə yaxınsınız. Tikilən elektroterm zavodunu görmüşdünüz. İstifadəyə verilmək ərəfəsində idi. Hanı o zavod? İndi onu yerində 5-6 yüz kubik daşı qalıb. Nə üçün bəzi rayonlarda yaşayış məntəqələrinin qazlaşdırılması 85-90 faiz, İsmayıllıda 28 faizdir? Bu sualları verməklə demək istəyirəm ki, mövcud vəziyyət mənə yaxşı bəllidir. Ötən üç ay müddətində problemlərin həlli və rayonumuzu inkişaf etmiş bölgələr sırasına çıxarmaqla bağlı proqram işlənib, layihələr hazırlanıb, həyata keçirilir. Ən geci 2 ildən sonra siz İsmayıllı şəhərində və bütün kəndlərdə tamamilə başqa mənzərənin şahidi olacaqsınız.
RİH-nin başçısı giriş nitqindən sonra hər bir arzusu, təklifi, şikayəti, narazılığı olan kənd sakinini hörmət və ehtiramla dinlədi, xidmət təşkilatlarına müvafiq tapşırıqlar verdi.
Bu gününü yaxşı yaşayan cülyanlılar daha firavan sabahını yaşamaq ümidi ilə “Ən yaxşı ümumtəhsil müəssisəsi”nin iclas zalından getdilər.
Rafiq Orucov,
Cülyan kənd tam orta məktəbinin riyaziyyat müəllimi

Şərh Yaz