VIII konfransın davamı

May ayının 11-də YAP İsmayıllı rayon təşkilatının VIII konfransının davamı keçirildi.
VIII konfransın davamıVIII konfransın davamı
May ayının 11-də YAP İsmayıllı rayon təşkilatının VIII konfransının davamı keçirildi. Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə qızıl gül dəstələri qoydular.
VIII konfransın davamı
Sonra tədbir İsmayıllı rayon Heydər Əliyev adına parkdakı Gənclər Mərkəzinin iclas zalında davam etdirildi.
Konfransı giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova hesabat məruzəsi ilə çıxış etdi. Natiq çıxışında yığıncaq iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan xalqı bu günlər öz tarixinin ən şərəfli, ən parlaq və ən əlamətdar dövrünü yaşayır.
Bu günləri şərəfləndirən cəhət odur ki, konfransımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyi ümumxalq bayramına çevrildiyi günlərə təsadüf edir. Ölkəmizin hər bir guşəsində olduğu kimi, İsmayıllı rayonunda da ulu öndərin 90 illik yubileyi rayon rəhbərliyinin təşəbbüsü ilə bir çox mühüm əhəmiyyət kəsb edən, yaddaşlarda qalan tədbirlər keçirilmişdir. Ən ümdəsi odur ki, ümummilli liderin irsinin öyrənilməsi məqsədilə idarəetmə məktəbi yaradılmış, onun İsmayıllıya səfərlərinə həsr olunmuş kitab çap edilərək təqdimat mərasimi keçirilmiş, rayon mərkəzində və yerlərdə əhalinin geniş təbəqəsinin iştirakı ilə tədbirlər keçirilmişdir. Bütün bunları isə böyük şəxsiyyətə, ulu öndərə ismayıllıların ümumxalq məhəbbəti, hörmət və ehtiramının bariz nümunəsi hesab etmək olar.
Parlaq şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla təsəlli tapırıq ki, Ulu öndərin prezident İlham Əliyev kimi, müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.
Ə.Vahabova qeyd etdi ki, böyük Azərbaycanlı Heydər Əliyev qüdrətindən və ona ümumxalq sevgisindən yaranmış Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkəmizdə baş verən yüksəliş və yeniləşmədə uğurlu layihələrin həyata keçirilməsində aparıcı, vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi iştirak etmiş, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübut etmişdir.
Prezidentimiz İlham Əliyevin sədrliyi, yorulmaz və məqsədyönlü fəaliyyəti sayəsində Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da artmış, cəmiyyət içərisində rolu yüksəlmiş, avanqard dəstəyə çevrilmişdir.
Regionda ən güclü siyasi təşkilat olan, yaradıldıqdan 6 ay sonra hakimiyyətə gəlmiş YAP bu günə qədər bütün seçkilərdə qalib gələrək hakim partiya kimi Azərbaycanın inkişafına öz töhfələrini verməkdədir. Partiyamız cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir. Fərəhləndirici haldır ki, son illər YAP dünyada ən geniş əlaqələrə malik bir partiya kimi tanınır, Avropa və Asiya ölkələrinin aparıcı dövlətlərinin hakim partiyaları ilə konstruktiv münasibətlər qurur, onların müxtəlif qurumları ilə əməkdaşlıq edir.
Natiq tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, YAP-ın mübariz dəstələrindən biri olan, İsmayıllı rayon təşkilatı yarandığı gündən rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, ideoloji işin mərkəzində olmaqla, əhali arasında nüfuz qazanmış, başlıca siyasi qüvvəyə çevrilmişdir. Təşkilatımızın üzvləri Heydər Əliyev siyasətinin etibarlı davamçıları kimi bölgəmizdə gedən proseslərdə, yeniləşmə və inkişafda səylərini əsirgəmirlər.
Bildirildi ki, son illər YAP İsmayıllı rayon təşkilatı daha da güclənmiş, sıraları genişlənmişdir. Hazırda Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı özündə 86 ərazi ilk partiya təşkilatını birləşdirir. Partiya üzvlərinin boy sırası son 5 ildə 19,4 faiz (1455 nəfər) artaraq 7483 nəfərə çatmışdır. Onların 39 faizini (2910 nəfər) gənclər, 35,4 faizini isə (2684 nəfər) qadınlar təşkil edir.
Partiyaya qəbul olunanların keyfiyyət tərkibinə diqqət artırılmış, son dövrlərdə qəbul olunan yeni üzvlər arasında gənclər və qadınlar çoxluq təşkil edir. Təkcə 2013-cü ilin 4 ayında partiya sıralarına qəbul olunan 327 nəfərin, 42,5 faizi qadınlar, 55,3 faizi isə gənclərdir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov çıxış edərək qeyd etdi ki, bu gün YAP öz ətrafında 600 mindən çox alimi, ziyalını, müəllimi, sadə vətəndaşı birləşdirir. Bu da Azərbaycan xalqının Heydər Əliyev siyasətinin ölməzliyinə, qətiyyətinə, bu siyasətin davamçısı prezident İlham Əliyevin dövlətimizin inkişafı və beynəlxalq arenada nüfuzunun artırılması naminə gördüyü işlərə verdiyi qiymətdir. Məhz İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası gün-gündən inkişaf edir, sıralarını daha da genişləndirir. Bu da müstəqil Azərbaycanın işıqlı gələcəyinə təminat verir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Azərbaycanın mirvarisi olan İsmayıllıda da sürətli tikinti, quruculuq işləri gedir, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni-yeni iş yerləri açılır. Məhz buna görə də xalqımız bu ilin oktyabr ayında Azərbaycan Respublikasına keçiriləcək Prezident seçkilərində bir daha Heydər Əliyev siyasətinin alternativsizliyini dövlətimizin inkişafı naminə gördüyü işlərlə sübut edən prezident İlham Əliyevi dəstəkləyəcəkdir.
Millət vəkili Ərəstun Cavadov çıxış edərək bildirdi ki, xalqımızın və ölkəmizin tarixində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin XX əsrin 90-cı illərində Yeni Azərbaycan Partiyasının yaranmasına rəhbərlik etməsi çox mühüm əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilməlidir. Yaxın tariximizin çətin və ağır dövründə ulu öndər Heydər Əliyev dühasından qaynaqlanan yeni tipli, sivil dünyanın tələblərinə uyğun siyasi qüvvənin meydana çıxması ilə Azərbaycanda müxtəlif ideya və təfəkkürlərin daşıyıcısı olan insanlar arasında münasibətlər tamamilə yeni bir müstəviyə keçmişdir. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində belə qeyd etmişdir ki, “Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün, zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır”.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov çıxış edərək qeyd etdi ki, hər bir siyasi sistemin gücü onu ətrafında toplaşan, onu əhatə edən üzvlərinin gücündə, zəkasındadır. Yeni Azərbaycan Partiyası insanlardan fəal vətəndaş mövqeyi tutmağı, müstəqil və sərbəst düşünməyi, milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və ümumbəşəri dəyərlərlə daha da zənginləşdirilməsi məqsədi ilə yaradılan ictimai təşkilatların, hərəkatların və birliklərin işində yaxından iştirak etməyi vacib hesab edir. Biz ismayıllılar da həmişə dövlətimizə sədaqətliyik və Yeni Azərbaycan Partiyasının sədri prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdə onun apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirik.
Konfransda YAP İsmayıllı rayon təşkilatından Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçildi.
Anar Nəbiyev

Şərh Yaz