Heydər Əliyevin müdrik dil siyasəti


Daima xalqı dilini sevməyə, ona milli varlıq kimi yanaşmağa sövq edən ümummilli lider Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirərək deyirdi: “ Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən amillərdəndir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.”

Heydər Əliyevin  müdrik dil siyasətiHeydər Əliyevin müdrik dil siyasəti
Daima xalqı dilini sevməyə, ona milli varlıq kimi yanaşmağa sövq edən ümummilli lider Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirərək deyirdi: “ Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən amillərdəndir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.”
Heydər Əliyevin  müdrik dil siyasəti
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının əsas, bəlkə də yeganə təminatçısıdır. İnsan vətənini itirib müvəqqəti qürbətdə yaşaya bilər, azadlığını itirib bir müddət asılı qala bilər, lakin dilindən məhrum olsa, o insanın ruhu məhv olar. Necə ki, Azərbaycan xalqı dəfələrlə belə sınaqlarla qarşılaşmış və hər dəfə də öz dilinə söykənərək milli ruhunu qoruyub saxlaya bilmişdir. Əsrlər, qərinələr keçib, ana dilimiz min illərin sınağından alnıaçıq, üzüağ çıxıb. Elə buna görə də ata-babalarımızın bizə əmanət qoyub getdiyi dilimizi milli kimliyimizin atributu kimi dəyərləndirərək onun saflığını, müqəddəsliyini qoruyub şaxlamaq hər birimizin vətəndaşlıq borcudur.
Hələ XVI əsrdə Azərbaycanda Səfəvilər hakimiyyəti dövründə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan olunsa da, real tarixi şərait üzündən uzunömürlü ola bilmədi. Hər bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Lakin dilin dövlət dili statusu alması təkcə xalqdan, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı müstəqillik ideyalarına sadiq olan, böyük ziyalı iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin hərtərəfli inkişafı, onun yalnız kağız üzərində deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, praktikada rəsmi dövlət dilinə çevrilməsi beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, dünyanın mötəbər kürsülərindən eşidilməsi məhz ulu öndərin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən 20-60-cı illərdə Azərbaycan dili hakim bir dil deyildi. Dilin inkişaf etdirilməsi və zənginləşdirilməsi üçün dövlət tərəfindən heç bir tədbir görülmürdü. 1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan Konstitusiyasına Azərbaycan dilini dövlət dili elan edən maddə daxil olunsa da, bu nəcib iş siyasi müdrikliklə həyata keçirilmədiyindən müvəffəqiyyətsizliyə uğradı. 70-ci illərin ortalarından bu məsələ ictimai-siyasi həyatda yenidən gündəmə gətirildi. O vaxt “vahid sovet xalqı”, “vahid dil” ideologiyasının hakim olduğu bir dövrdə milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün tale məsələsi ola bilərdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili ststusunu qorumaq məqsədini daşıyırdı. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, prinsipiallığı sayəsində ovaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olmasını təsbit edən 73-cü maddə daxil edildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğının və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi.
Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılmış, çoxcildlik “Müasir Azərbaycan dili“ kitabları yaradılmışdır. Həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən bu müdrik şəxsiyyət praktik olaraq ana dilinin ictimai-siyasi nüfuzunun yüksəlməsinə təsir göstərmiş, başqalarına nümunə vermişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha geniş işlənməsi və nüfuzunun artması üçün real üfüqlər açıldı. Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bu dəfə də dil məsələsinə xüsusi önəm verirdi. Ulu öndər ana dilini bilməyənləri mənəvi cəhətcə şikəst adlandırırdı. Gənclərə dönə-dönə tövsiyə edirdi ki, onlar öz milli dəyərlərinə sadiq qalsınlar, ana dilini mükəmməl bilsinlər. Ölkə başçısı müstəqil Azərbaycan Respublikasında gənclərin 5 fevral 1996-cı ildə keçirilən 1-ci forumunda demişdir: “Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, rus dilini də, ingilis, fransız, ərəb dillərini də mənimsəsin. Amma bunlardan əvvəl öz ana dilini mənimsəmək lazımdır. Bu dildə yaxşı danışmaq, bu dili sevmək lazımdır. Öz dilini bilməyən öz tarixini bilməyəcək, milli-mədəni köklərimizi bilməyəcək, onları bilməsə, o vətənpərvər olmayacaq.”
Müstəqilliyimizin ilk günlərində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artmasına təsir etdi. Müzakirələrin nəticəsi 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili olması şəklində öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, sərəncamlar verildi. 2001-ci il iyunun18-də böyük öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” haqqında fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli nəzarət etmək məqsədi daşıyırdı. 2001-ci ilin avqustunda Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı. Artıq latın qrafikalı Azərbaycan əlifbası beynəlxalq aləmə daha da yaxınlaşıb. Ulu öndərin 2003-cü il yanvarın 2-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət dili” haqqında qanun ölkəmizdə dil siyasətinin uzunmüddətli strategiyasını ifadə edirdi. Bu gün Ümummilli liderin siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən dil siyasəti uğurla davam etdirilir. Onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları, ”Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 2012-ci il 23 may tarixli fərmanı da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin fərmanlara uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı hazırlanmış və çap olunmuş, yeni mərhələdə dilimizin tərəqqisi uğrunda qarşıya çox önəmli vəzifələr qoymuşdur. Bu tarixi sənədlər möhtərəm Prezidentimizin milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqlədi.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir. Dilimiz var olduqca Heydər Əliyev var olacaq, bizim qəlbimizdə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaq.
Rəna Məmmədova,
Ruşan kənd tam orta məktəbinin direktoru

Şərh Yaz