Nə qədər gec deyil

Nə qədər gec deyil


“Susmaq qızıldır” – deyib atalarımız. Babaların ruhu məni bağışlayar, atalar məndən inciməz. Bugunkü cəmiyyətimizdə baş verən bəzi məqamları görə-görə susa bilmərəm. Haradan, nədən başlayım? O qədər deyiləcək söz, fikir var ki. Dəqiq bilirəm ki, çox danışsam deyəcəklər boşboğazdır, danışmasam vaxt-bivaxt özümü danlayıb, avamlıq etdiyimi düşünəcəyəm. Hazırda düşündüyüm bir şey var: axı necə edim ki, fikirlərimi çatdıra bilim? Hər halda cəhd edib ürəyimi boşaltmalıyam.

Nə qədər gec deyil

Nə qədər gec deyil

“Susmaq qızıldır” – deyib atalarımız. Babaların ruhu məni bağışlayar, atalar məndən inciməz. Bugunkü cəmiyyətimizdə baş verən bəzi məqamları görə-görə susa bilmərəm. Haradan, nədən başlayım? O qədər deyiləcək söz, fikir var ki. Dəqiq bilirəm ki, çox danışsam deyəcəklər boşboğazdır, danışmasam vaxt-bivaxt özümü danlayıb, avamlıq etdiyimi düşünəcəyəm. Hazırda düşündüyüm bir şey var: axı necə edim ki, fikirlərimi çatdıra bilim? Hər halda cəhd edib ürəyimi boşaltmalıyam.
XXİ əsr “informasiyalaşdırılmış cəmiyyət” əsridir. Bütün dünya dövlətləri cəmiyyət ilə ayaqlaşmağa çalışarkən, biz hələ də yerimizdə sayırıq. İnsafən, qeyd etməliyəm ki, dövlətimiz hər bir sahədə vətəndaşlarımızın savadlanması, müasir elmi biliklərə yiyələnməsi üçün çalışır. Fəqət, əksərimizin, xüsusən də gənclərimizin həyatında dəyişiklik sadəcə, internetə bağlılıqla, texniki tərəfdən gedir. Mədəni baxış, ziyalı fikir, yeni düşüncə cəhətdən hələ də ötən əsrdə qalıblar desək, heç də yanlışlığa yol vermiş olmarıq.
Oxumaq, savadlanmaq, cəmiyyətdə sayılıb-seçilmək varkən, gənclərimizin bir qismi çayxanalarda vaxt öldürməyi, yerli-yersiz söhbət etməyi – cəmiyyətin ictimai, sosial problemlərini “müzakirə”yə qoyub, həlli yollarını axtarmağı üstün tuturlar. Və onlara elə gəlir ki, buna nail olurlar da. Çox maraqlı, əslində, kinayə dolu gülüş yaradan haldır ki, məşhur dünya siyasətçilərinin, elm adamlarının, müxtəlif sahələr üzrə ekspertlərin həll etmək istədikləri məsələləri, ömürlərində bəlkə də bir kitabı sona qədər oxumayan belə “savadlı” gənclər çay içə-içə, biri birini siqaret tüstüsünə boğa-boğa həll edirlər. Çox “maraqlıdır”.
Bu qrupdan olan gənclərimiz son dərəcədə sadəlövhdürlər və onların beyinlərini zəhərləmək çox asandır. Elmdən, təhsildən, cəmiyyətin mədəni-intellektual səviyyəli insanlarından uzaq düşən belə vətəndaşlarımız “təsbeh”, “küçə” söhbətlərinin həvəskarına çevrilirlər. Vaxt keçdikcə, bu həvəs daha da böyüyür, nəticədə, yersiz, mənasız müzakirələr həmin insanların qızıldan qiymətli vaxtını alır, gəncliyini məhv edir. Belələri nə vaxtsa ayılır, ayılanda isə çox gec olur. Ayılıb görürlər ki, nə çayxanalarda oturub-durduğu “qardaş” dediyi gənclər var, nə o söhbətlər, nə o vədlər, nə də ki ətrafında vaxti ilə onu elmə, biliyə səsləyən insanlar. Hamı, hər şey bir əlçatmazlıqda qalıb artıq. Belədə, təhsil alıb irəli çıxmış yaşıdlarına baxır. Görür ki, sinif yoldaşının biri ali təhsilli gənc kadrdır, biri idmançıdır, biri mexanikdir, ailələri, gözəl övladları, səviyyəli işləri var. Özünün vaxtı ilə yuxarıdan aşağı baxdığı, dırnaqarası desək, “kişi” saymadığı həmin dərs oxuyan məktəbli cəmiyyət içində böyük hörmətə, nüfuza malikdir. Özü isə… Heç bir şey əldə edə bilməyib. Özünə baxır, ya narkamandır, ya alkaqol, ya da cinayətə meyilli birisi. Cinayət edib, həbsə düşməyibsə, yenə min şükür. Bir sözlə, nümunəvi insan kimi baxılmır ona. Hamı ondan qaçır. Baxır həyatına, keçdiyi yollara, etdiyi səhvlərə, lakin artıq gec olur. Görür ki, qalıb qıraqda, küncə büzüşüb, soyuqdan, qorxudan tir-tir əsən kimsəsiz uşaq kimi…
Bu yazıda çayxanaları misal çəkdim, məkan seçdim deyə, düşünməyin ki, məqsədim həmin yerlərdən insanları uzaqlaşdırmaqdır. Çayxanada çayın dadına baxmaq, mənalı, məzmunlu söhbətlərdən zövq almaq çox gözəldir. Sadəcə, çayın dadına baxmaq və mənalı keçən dəqiqələrdən zövq almaq.
Əziz gənclərimiz, üzümü sizə tutub deyirəm, mən də gəncəm, həyatınızı məhv etməyinizi istəmirəm. Sizinlə fikir bölüşməyim yoldaşlıq borcumdur. Hər birinizin yüksək hörmət sahibi olmağınızı, vətənimiz, millətimiz və xalqımız üçün layiqli vətəndaş kimi formalaşmağınızı istəyirəm.
Çinarə Bəhərçinli

Şərh Yaz