Yaddas kitabcasi

“Zəif bənd”in güclüsü

E.Məmmədov adına şəhər 3 nömrəli tam orta məktəbində tez-tez müxtəlif səpkili yarışlar keçirilir. Bu yarışların əsas məqsədi şagirdlərin intellektual biliyinin inkişaf etdirilməsidir. May ayının 7-də məktəbin müəllimi Çingiz Muradlının təşəbbüsü ilə Azərbaycan Demokratik Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə “Biz Azərbaycanın gələcəyiyik” devizi altında “Zəif bənd” intellektual yarışı keçirildi. Yarışın keçirilməsinə İsmayıllı bələdiyyəsi maliyyə köməkliyi göstərib.
Yarışda IX-XI sinif şagirdlərindən ibarət 9 nəfərlik komanda iştirak edirdi. İbrahim İbrahimli, Rübabə Zeynalova, Orxan Ağamalıyev, Teyyub Ağazadə, Qəmər Qüdrətli, Elnarə Səmədli, İlkin Hüseynov, Vəsilə Abdullayeva, Fidan Canalıyeva arasında gedən gərgin yarışmada finala İbrahim İbrahimli və Orxan Ağamalıyev vəsiqə qazandı. Təkbətək keçən yarışda sualların əksəriyyətini cavablayan İ.İbrahimli qalib gəldi. Qalibə Fəxri fərman və pul mükafatı təqdim olundu.
Yarışın sonunda məktəbin direktoru Əhmədağa Ələkbərov çıxış etdi və Çingiz Muradlıya, eləcə də yarışda iştirak edən şagirdlərə təşəkkürünü bildirdi. Belə tədbirlərin, yarışların keçirilməsinin öyrədici xarakter daşıdığını söylədi və bundan sonra da şagirdlərə belə tədbirlərin davam etdirilməsini tövsiyyə etdi. Məktəbin yarışda iştirak edən müəllimi, İsmayıllı bələdiyyəsinin üzvü Brilyand Mursalova qalibi təbrik etdi və ona uğurlar arzuladı.
Tədbiri izləyənlər maraqlı dəqiqələrin xoş təəssüratına görə Çingiz müəllimə və məktəbin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Əsli Süleymanzadə

Şərh Yaz