Əbədiyaşar lider

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Qaraqaya kənd ümumi orta məktəbində xatirə gecəsi keçirilmişdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivləri, həmçinin kənd camaatı iştirak etmişdir.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Asif Soltanov dahi rəhbərin həyat yolundan, xalqın rifahı və gələcəyi üçün gördüyü işlərdən, apardığı genişmiqyaslı tədbirlərdən söz açdı. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktor müavini Seyran Qəniyev dahi rəhbərin mənalı ömür yoluna nəzər saldı, maraqlı məlumatları diqqətə çatdırdı. Bu sətirlərin müəllifi isə Heydər Əliyevin həyat və fəaliyyətinə dair geniş məruzə ilə çıxış etdi. Burada ulu öndərin həyat yoldaşı, görkəmli alim Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında da toplantı iştirakçılarına maraqlı məlumatlar çatdırdım.
Şagirdlər də tədbirə maraqlı ədəbi-bədii proqramla gəlmişdilər. Onların ifasında səhnəciklər, şeirlər maraqla qarşılandı. Bundan əlavə, bu yubileylə əlaqədar məktəbdə müxtəlif idman yarışları, rəsm və inşa yazı müsabiqələri də təşkil olunmuşdur. Yubileyə həsr edilmiş foto stendlər də maraqla izlənirdi.
Sonda məktəbin direktoru A.Soltanov yekun söz söylədi və prezident İlham Əliyevə gələcək fəaliyyətində uğurlar arzuladı.
Ceyran Rüstəmova,
Qaraqaya kənd ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi

Şərh Yaz