O gün olsun ki…

O gün  olsun ki...68 ildir ki, alman faşizmi üzərində qazanılan tarixi qələbəni təntənə ilə qeyd edirik. Qələbə günü bəşəriyyət tarixinə yazılmış ən möhtəşəm bayramlardandır. Bu qələbəni qazananların sıraları get-gedə seyrəlir. Gənc nəsil müharibə veteranlarından vətənpərvərliyi, qəhrəmanlığı estafet kimi qəbul etməli və bu keyfiyyətləri onlardan öyrənməlidir. Onlar heç vaxt unudulmamalı, yaddan çıxmamalıdırlar.
Hacıhətəmli kəndinin oğulları da Böyük Vətən müharibəsində igidliklə vuruşmuşlar. Onlarca həmkəndlimiz döyüşlərdə həlak olmuşdur. Qədirbilən kənd camaatı onların xatirəsini həmişə əziz tutur. Kəndin mərkəzində onların xatirəsinə ucaldılmış “Ana abidəsi” gənclərin and yeridir. İkinci dünya müharibəsində həlak olanların adları burada daşlaşmışdır. Qələbə gününü də burada qeyd etdik. Tədbirə kənd tam orta məktəbinin müəllim-şagird kollektivi, kənd sakinləri, ictimai təşkilatların nümayəndələri, ağsaqqallar qatılır. Onlar Vətən yolunda canlarından keçənləri yad edirlər.
Məktəbin kollektivi də 9 May gününə xüsusi hazırlaşmışdı. Təzə tər güllərdən hazırlanmış əklil, gül-çiçəklər abidəyə qoyuldu. Şagirdlərin əzbərlədikləri şeirlərdə doğma yurda sevgi, insanlara qayğı, insanpərvərlik və vətənpərvərlik, düşmənə nifrət hissləri öz əksini tapmışdı.
Nəzərdə tutduğumuz tədbirdə veteranlarla görüş də vardı. Onlara dəstək olmaq istəyənlər də çox idi. Şagirdlər əvvəlcə Həbulla Ağayevə, sonra isə Bəybala Azayevə baş çəkdilər. Veteranlarımız bu görüşdən çox razı qaldılar. Onlar qeyd etdilər ki, dövlətimiz bizə pul yardımı etdi, bizim daha çox mənəvi qayğıya ehtiyacımız var.
Bu cür tədbirlərlə veteranları sevindirmək hamımızın borcudur. Sonda veteranlar bir arzularını bildirdilər: Qarabağ azad olunsun, bu münasibətlə əsl qələbə bayramımızı qeyd edək.
Ziyarət Sadıqova,
Hacıhətəmli kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi

Şərh Yaz