Azərbaycanın özü qədər əbədi

Azərbaycanın özü qədər əbədiAzərbaycanın iqtisadi inkişaf strategiyasının müəllifi və iqtisadi müstəqilliyimizin təminatçısı
Bu il mayın 10-da görkəmli siyasi xadim, nəinki müasir Azərbaycan dövlətçiliyinin təməlini qoymuş, həm də bütövlükdə Cənubi Qafqaz registrinin sivilizasiyalı inkişafı yolunu irəlicədən müəyyən etmiş Heydər Əliyevin 90 illik yubileyi qeyd olunur. Zamanı qabaqlamış ümummilli liderimizin “Heç bir cəmiyyət şəxsiyyətsiz yaşaya bilməz“ müdrik kəlamı sübut edir ki, xalqların taleyində müstəsna rol oynayan liderlər həm də milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, ölkənin ictimai-siyasi həyatının tərəqqisi üçün dayanıqlı əsasların, inkişaf strategiyasının müəllifinə çevrilirlər. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Həqiqətən də Heydər Əliyevin dahiliyi ondadır ki, o XX əsrin sonunda ən ziddiyyətli və mürəkkəb siyasi şəraitdə ictimai-siyasi və iqtisadi proseslərin gedişatını və tarixi situasiyanı düzgün qiymətləndirərək siyasi uzaqgörənlik istedadı sayəsində özü regionda yeni geosiyasi şəraitin formalaşmasını və böyük dövlətlərin regionda olan maraqlarının balansını təmin edə bilmiş, unikal inkişaf strategiyasına hazırlanmış və Azərbaycanın xilaskarı kimi öz adını xalqının tarixinə əbədi həkk etmişdir.
Heydər Əliyev iqtisadiyyatı cəmiyyətin inkişafının bazisi hesab edirdi və bu sahənin inkişafına çox önəm verirdi.
Ulu öndər “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir“, “İqtisadiyyat hər şeydir, çünki o cəmiyyətin bünövrəsidir“ kimi fikirləri ifadə etməklə iqtisadiyyatın cəmiyyətin inkişafında rolunu olduqca yüksək qiymətləndirirdi.
Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövründə 1969-1982-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 32 milyard rubldan çox vəsait qoyulmuşdur. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının müstəqillik dövründə inkişafını təmin edə biləcək real iqtisadi baza yaradıldı.
Bu gün Azərbaycanın özünə məxsus heç bir ölkənin təcrübəsini təkrar etməyən, Heydər Əliyevin adı ilə birbaşa bağlı olan iqtisadi inkişaf kursu formalaşmışdır. 1993-2003-cü illər ərzində Heydər Əliyev bu strategiyanı həyata keçirməklə, yüksək inkişaf yoluna qədəm qoymuş, iqtisadi cəhətdən günbəgün qüdrətlənən bir ölkəni bizə miras qoyub getmişdir. 2003-cü illə 1993-cü ili müqayisə etsək görərik ki, ölkəmizin makroiqtisadi göstəricilərinin yaxşılaşdırılması, cəmiyyətdə iqtisadi sabitliyin təmin olunması, iqtisadi bazanın formalaşdırılması, bunun əsasında iqtisadiyyatın qərarlaşması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin yaradılması, yeni neft strategiyasının qəbul olunması, neft kəmərlərinin inşası zamanı Bakı-Tbilisi-Ceyhan marşrutunun üzərində dayandırılması nəticəsində Azərbaycan nəinki bölgədə, eyni zamanda bütünlüklə türk dünyasında və hətta Avropada çox əhəmiyyətli bir ölkəyə çevrildi .
1993-1995-ci illərdə yeni neft strategiyasının işlənib hazırlanması 1995 -2000-ci illərdə milli iqtisadi inkişaf strategiyasının formalaşdırılması, iqtisadi tənəzzülün dayandırılması və inkişaf prosesinin başlanması, geniş təkrar istehsal prosesinin normal gedişinin təmin edilməsi, bazar prinsiplərinə əsaslanan milli iqtisadiyyatın və sosial-iqtisadi sistemin formalaşdırılması məsələsinə keçid, sabit iqtisadi inkişaf tempinin bərqərar edilməsi, 2000-2003-cü illərdə bazar iqtisadiyyatına keçid və Azərbaycanın geoiqtisadi və geosiyasi məkanda inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi müstəqil Azərbaycanın inkişafında Heydər Əliyev dövrünün mərhələsi kimi xarakterizə oluna bilər .
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni, neft strategiyasının hazırlanaraq həyata keçirilməsidir.
1994-cü ilin 20 sentyabrında dünyanın ən iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi“ Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı olan Heydər Əliyev yeni mərhələdə torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsinin vacibliyini önə çəkmişdir. Hesab edirdi ki, dövlət mülkiyyətinin uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması , milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası deməkdir.
Özəlləşdirmə prosesi ilə eyni vaxtda respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən, yerli və xarici investisiyalar, müasir texnologiyalar cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir.
Aqrar islahatların birinci mərhələsində 2239 kolxoz və sovxoz ləğv edilmiş, onlara məxsus əmlak və torpaq kənd əhalisinə paylanmışdır.
Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı yalnız MDB məkanında deyil, bütünlükdə şərq ölkələrində analoqu olmayan cəsarətli addım idi.
Aqrar islahatların ikinci mərhələsində sahibkarlığın inkişafını təmin etmək və özəlləşdirilmiş torpaqlardan səmərəli istifadə etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, hüquqi və fiziki şəxslər 2001-ci il yanvarın 1-dən bu günə qədər torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildi.
Həyata keçirilən tədbirlərin nəticəsində aqrar bölmədə bu gün qeyri-dövlət sektorunun xüsusi çəkisi 99 faiz təşkil edir.
İnfrastrukturun inkişaf etdirilməsi baxımından həyata keçirilən nəqliyyat siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun bərabər paylı inkişafı, eləcə də Azərbaycanın yol-nəqliyyat sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin gücləndirilməsi üçün TRASEKA, Şimal-Cənub, İNOGEYT layihələri həyata keçirilmişdir. Rabitə sahəsinin inkişafına ümumi investisiya qoyuluşunun həcmi xeyli artmış və xarici sərmayələr cəlb olunmuş, müxtəlif sahələrdə fəaliyyət göstərən yeni birgə müəssisələr yaradılmışdır.
SSRİ-nin dağılmasından sonra dövlət nəzarətini aradan qaldırmadan, xüsusi mülkiyyət formasına söykənən iqtisadi azadlıqları təmin etmədən, nəinki sosial-iqtisadi tərəqqidən, hətta, Azərbaycanın iqtisadi potensialının qorunub saxlanılmasından söhbət gedə bilməzdi. Bu tarixi sınaq dövründə yalnız ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyətin müdrikliyi, uzaqgörənliyi və iradəsi Azərbaycanı düşdüyü siyasi və iqtisadi uçurumdan çıxarmağa qadir oldu.
Dövlət əmlakının özəlləşdirilməsi üçün mükəmməl normativ-hüquqi bazanın yaradılması zərurəti Heydər Əliyevin rəhbərliyi altında özəlləşdirmənin I Dövlət Proqramının işlənib hazırlanaraq qəbul edilməsi ilə başa çatdı.
Özəlləşdirmə və liberallaşdırma siyasətinin davamı olaraq 2000-ci ilin avqust ayında isə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı“ qəbul olundu. Yeni mərhələdə bu proqramın əsas məqsədləri artıq bərpa edilmiş və inkişafda olan iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliliyini yüksəltməkdən, bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirməkdən, iqtisadiyyata investisiyalar, o cümlədən investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdan, özəlləşdirmə prosesinə əhalinin maksimum geniş hissəsini cəlb etməkdən ibarət olmuşdur.
Həyata keçirilən tədbirlər nəticəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyllər özünü göstərməyə başladı, müasir dövrün tələblərinə cavab çevik və işlək mexanizmlərin ,əmək hüquqlarını təmin edən tam ədalətli hüquqi, iqtisadi və sosial təminat sisteminin yaradılması imkanları xeyli genişləndi.
Heydər Əliyevin “Azərbaycan dövləti sahibkarlığın inkişafını özünün əsas vəzifələrindən biri hesab edir“ fikri ölkəmizin iqtisadi siyasət strategiyasının əsas istiqamətlərindəndir.
Ümummilli liderin 2002-ci ilin aprel və may aylarında xarici və yerli sahibkarlarla görüşü Azərbaycanda özəl bölmənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Məhz Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsi, özəl bölməyə kənar müdaxilələrin qarşısının alınması, lisenziyalaşdırılan fəaliyyət növlərinin xeyli azaldılması və bu kimi tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır.
Bu gün tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin zəngin məzmuna və böyük təsir imkanlarına malik davamlı inkişaf konsepsiyası dövlətimizin qüdrətlənməsinə, iqtisadiyyatımızın güclənməsinə və Azərbaycan xalqının rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan xalqının milli inkişaf strategiyasına çevrilmiş bu konsepsiya ölkənin gələcək inkişafının gedişinə də güclü təsir göstərmək imkanına malikdir.
Biz bütün bunlara görə Heydər Əliyev ideyalarına, Heydər Əliyev iqtisadi strategiyasına minnətdar olmalıyıq. Eyni zamanda, biz daim ulu öndərimiz Heydər Əliyevin xatirəsini əziz tutmalıyıq, onun tövsiyələrinin yerinə yetirmək üçün əlimizdən gələni etməliyik.
Tahir Hüseynov,
İsmayıllı RİH başçısının Cülyan İƏD-i üzrə nümayəndəsi

Şərh Yaz