Yaşıllaşdırma aylığı

Yaşıllaşdırma aylığıAzərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və Fəaliyyət Planından irəli gələn vəzifələrin həyata keçirilməsində məktəblilərin fəal iştirakını təmin etmək və ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə mart-aprel aylarında “ Yaşıl Azərbaycan” devizi altında məktəblilərin yaşıllaşdırma aylıqlarını keçirmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın bitki ehtiyatlarının qorunmasında və artırılmasında məktəblilərin fəal iştirakının təmin edilməsi, floranın bioloji müxtəlifliyinə dair ekoloji biliklərin artırılması, ekoloji məsuliyyətin və mədəniyyətin formalaşdırılmasından ibarət olmuşdur.
Aylıq ərzində “Gənc meşəçilər”, “Ekoloji patrul”, “Yaşıl patrul” dəstələrinin fəaliyyəti canlandırılmış, onlar bioloji müxtəlifliyin qorunmasında fəal iştirak etmiş, yaşayış yerlərində, təhsil müəssisələrində yaşıllıqların qorunması və artırılmasına dair ekoloji təbliğat aparılmış, əhalinin ekoloji dünyagörüşünün formalaşdırılmasına diqqət artırılmışdır.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar rayonun hər bir təşkilatı 90 ağac əkmək təşəbbüsü ilə işə başlamışdır. Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində yetişdirilmiş Ağcaqayın tinglərindən yol kənarlarında və digər yerlərdə əkmək üçün Hacıhətəmli, Quşencə, Qalagah, Soltankənd, Zərnava, Gəraybəyli, Qubaxəlilli, Mollaisaqlı, Kəlbənd və Uştalqışlaq kəndlərinin hər birinə 90 ədəd 990 ədəd verilmiş və məktəblilərin iştirakı ilə ağacların əkilməsi təmin olunmuşdur. İsmayıllı rayon Peşə Təhsil Mərkəzində 2 iməcilik keçirilmiş, hər birində 90 ədəd Eldar şamı və ağcaqayın tingləri əkilmişdir.
Peşə Tədris Mərkəzinin şagirdləri İsmayıllı-Muğanlı istiqamətində yol kənarının və Şəhidlər xiyabanının ətrafının yaşıllaşdırılmasında da fəal iştirak etmişlər.
Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində 90 ədəd ağac və 1150 ədəd ağcaqayın, Fıstıq və Palıd şitilləri əkilmişdir. Təhsil müəssisələri və digər təşkilatlar rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən təmənnasız olaraq müxtəlif gül toxumları ilə təmin olunmuşdur.
Məktəblilərin gücü ilə aylıqlar ərzində cəmi 9075 ədəd ağac əkilmişdir.
Aylıqlarda daha fəal iştirak edən Təzəkənd kənd tam orta məktəbi birinci yerə, rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ikinci yerə, şəhər 1 və 3 nömrəli tam orta məktəbləri isə üçüncü yerə layiq görülmüşdür.
Fəridə Şirəliyeva,
rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbəri

Şərh Yaz