Problemlər, vəzifələr

Problemlər, vəzifələrAprel ayının 23-də Heydər Əliyev Mərkəzində “İsmayıllı rayonu üzrə 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə aid hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq öncəsi RİH-in Şura üzvləri Ulu öndərin abidəsi önünə tər qızılgüllər düzmüşlər.
Yığıncağı giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov öncə RİH-nin strukturunda edilmiş dəyişikliklər barədə son məlumatları açıqlamışdır.
Belə ki, Rövşən Ağayev İcra Hakimiyyəti başçısının birinci müavini, Mahmud Süleymanov başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Sevil Əhmədova isə başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilmişdir.
Daha sonra M.Sadıqov birinci rübün sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir. Məruzədə diqqət görülmüş işlərdən çox, görüləcək işlərə yönəldilmiş, bir sıra təşkilatların işdə buraxdığı nöqsanlar pislənilmişdir. Bir neçə müəssisənin rəhbərinə işdə ciddi dönüş yaratmaq tövsiyyə olunmuşdur.
Məruzədən sonra Nikitin adına kolxozun sədri Qriqori Minnikov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov, Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Mənzil İstismar Sahəsinin rəisi İsmayıl Tarverdiyev, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və başqaları cari ilin birinci rübündə gördükləri işlər, mövcud problemlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
Hesabat yığıncağında prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz