Yaddas kitabcasi

Yaxşı ana, vəfalı ömür-gün yoldaşı

Yaxşı ana, vəfalı ömür-gün yoldaşı Görkəmli oftalmoloq, akademik, Azərbaycan analarının, xanımlarının simvolu, Heydər Əliyev dühasının formalaşmasında həyat yoldaşı kimi ən fəal iştirakı olmuş Zərifə xanım Əliyevanın dünyamıza bəxş edilməsinin 90 illiyi münasibəti ilə İsmayıllı rayonunun tibb işçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Zərifə xanımın fədakarlığı, tükənməz ana məhəbbəti ailədə ümummilli liderimizlə birlikdə ikinci bir Prezidenti – cənab İlham Əliyevi yetirmişdir.
Zərifə xanımla ulu öndərimiz Heydər Əliyev ailədə, ictimai fəaliyyətdə, insanlara qayğıda, millətə məhəbbətdə, ölkəyə sədaqətdə bir-birini tamamlayırdılar. Bundan Azərbaycanımız da tamlıq, vəhdət, qüdrət, qüvvət tapırdı. Saf və tükənməz məhəbbət üzərində qurulmuş ailəsinin xanımı haqqında Heydər Əliyev demişdir: “O yaxşı ana və vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq idi. Allahın öz bəndəsinə bəxş etdiyi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan idi. Onu hamı belə tanıyırdı”.
Zərifə xanımın 90 illik yubileyi ilə əlaqədar rayon İcra Hakimiyyətinin keçirdiyi təntənəli mərasimdə fədakar həkimin məhz qeyd olunan keyfiyyətlərindən məhəbbət və səmimiyyətlə söhbət açılıb.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov etdiyi məruzədə görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Akademikin respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını bildirib. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin, yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyi qeyd olunub.
Mərkəzi xəstəxananın baş həkiminin müavini İsrayıl İsmayılov, Zərifə xanımın tələbəsi olmuş həkim Narxanım Əkbərova, 1981-ci ildə İvanovka kəndində Zərifə xanım Əliyev ilə görüşmüş dövlət qulluğu veteranı Gözəl Osmanova, mərkəzi xəstəxananın baş tibb bacısı Azadə Bağıyeva da tədbirdə çıxış ediblər.Yaxşı ana, vəfalı ömür-gün yoldaşı
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təntənəli mərasimdə iştirak və çıxış edib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Akademikin oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər dünya oftalmologiya elminin inkişafına töhfələr verib.
Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olub.
Çıxış edənlərin hər biri Əməkdar elm xadimi, insani ucalığın ən yüksək zirvəsində əbədiləşən Zərifə Əziz qızı Əliyeva haqqında böyük məhəbbət, səmimiyyət və mehribanlıqla danışıb və onun Azərbaycan xalqı, dövlətimiz qarşısındakı ölçüyəgəlməz xidmətlərindən bəhs edib.
Tədbir boyu yubilyara həsr olunmuş videofilm nümayiş etdirilib.
Ş.Soltanov

Şərh Yaz