Sumağallıda da problemlər var

Sumağallıda da problemlər varİsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov aprel ayının 24-də Sumağallı kənd sakinləri ilə görüşdü. Görüş kəndin məktəbində keçirildi. Kəndin problemləri haqqında başçı özü danışdı və bu qədər problemin mövcudluğuna təəccüb etdiyini bildirdi. Çünki bir çox hallarda kəndin bəzi problemlərini elə kənd sakinləri özləri yaradırlar.
Məktəb direktoru məktəb binasının günün tələbləri səviyyəsində olmamasından danışdı.
Kəndin ağsaqqalı Hüseyn Xəlilov kənddə sosial obyektlərin olmamasını bildirdi və qeyd etdi ki, kənddə yeni məktəb binası tikilərsə, mövcud binada bir sıra sosial xidmət göstərən müəssisə və obyektlər yerləşdirmək olar.
Səmimi söhbət zamanı qeyd olundu ki, çox iş görülməlidir. Məktəb və sair binalar tikmək asandır. Başlıca vəzifəmiz insanları müasir, bəşəri düşüncə tərzində tərbiyə etmək, yetişdirməkdir.
Özünə dəyər verən insan ələbaxımlıqdan qaçmalı, yaxınları, etibar etdiyi adamlarla iş birliyi qurmalı, halal zəhməti hesabına yaşamağa can atmalı dövlətini, dövlətçiliyi qorumalı, sevməli, ölkəsinin qanunlarına hörmətlə yanaşmalıdır.
Söhbət əsnasında təbiətin qorunması və sakinlərin məişət vəziyyətini yaxşılaşdırmaq baxımından kəndə qaz verilməsinin vacibliyi qeyd olundu. Kənddəki problemlərin aradan qaldırılması üçün aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlar verildi.
Görüş qarşılıqlı anlaşma şəraitində keçdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz