Antik ədəbiyyatdan seçmələr

Antik ədəbiyyatdan seçmələr: niyə belə deyirik?
Bəzi klassik deyimlərin yaranma tarixçəsi
Herostrat şöhrəti

Bu ifadə “ rüsvayçılıq ilə qazanılmış “şöhrət” mənasında işlədilir. İfadənin tarixi maraqlı bir əhvalatla əlaqədardır. Eramızdan əvvəl VII-VI əsrlərdə Yunanıstanın digər vilayətlərinə nisbətən Kiçik Asiyada elm və incəsənət daha yüksək inkişaf etmişdi. Burada ovçuluq və məhsuldarlıq ilahəsi Artemidanın kultu çox geniş yayılmışdı. Onun şərəfinə Efes şəhərində tikilmiş məbəd bütün qədim dünyanın fəxri olub, məşhur yeddi möcüzədən biri sayılır. Bir çox ölkələrin köməyi ilə tikilən həmin əvəzsiz məbədin başa gəlməsi 120 ilə mümkün olmuşdur.
Artemidanın şərəfinə “Artemision” adlandırılan mərmərdən hörülmüş bu gözəl bina yüz ildən sonra – e.ə. 356-cı ildə yandırılıb xaraba qoyuldu. Efes şəhərində yaşayan Herostrat adlı birisi öz adını tarixə salmaq məqsədilə müqəddəs məbədi yandırmaq qərarına gəlmişdi. Herostratın törətdiyi yanğın nəticəsində məbədin tavanı uçmuş, divarları və sütunları yanıb qaralmışdı.
Herostratın cinayəti yunanları hədsiz qəzəbləndirmişdir. Yunan dövlətləri Herostratın adını heç bir yerdə çəkməmək, onu tamamilə unutmaq qərarına gəlmişdir.
Artemida məbədindəki yanğından bəhs etdikdə belə, heç kəs onun adını çəkməməli idi. Bütün bunlara baxmayaraq, bəzi qədim müəlliflərin əsərlərində ara-sıra Herostrat xatırlanır. Deməli, hər halda Herostrat öz çirkin məqsədinə çatmışdır. Onun adı tarixdə yaşamaqdadır.
Şah tənbəli
Çox tənbəl, əsl tənbəl mənasında işlədilir. Bu ifadə xalq arasında məşhur olan bir lətifədən yaranmışdır.
Guya bir şah ölkəsindəki bütün tənbəlləri öz hesabına saxlayırmış. İldən-ilə xəzinənin boşaldığını görən vəzirlər şaha məsləhət görürlər ki, ən tənbəl adamları seçib saxlamaq lazımdır. Əsl tənbəlləri müəyyən etmək üçün gecə yarı onların yaşadıqları binaya od vururlar. İki tənbəldən başqa, hamı durub, qaçır. Qalanlardan biri “Vay yandım, vay yandım!”- deyə inildədikdə uzandığı yerdə ikincisi yalvarır ki, ”Mənim yerimə də yandım de!” Bundan sonra hər ikisi əsl tənbəl kimi şahın hesabına yaşayır.
Susmağı və dinləməyi öyrədən filosof
Afinaya Sokratın yanına yaxın dostlarından birinin oğlu natiqlik sənətini öyrənmək üçün gəlir. Bu sənəti öyrətmək üçün ondan ikiqat haqq istəyir. “Nə üçün belə edirsən?”- deyə alimdən soruşduqda cavab verir ki, mən sənə təkcə danışmağı yox, həm də susmaq və dinləməyi öyrətməliyəm.
Qəssabı qorxutmur
Makedoniyalı İsgəndər qoşununu Daranın üzərinə yeridəndə, Dara İsgəndəri qorxutmaq üçün ona yazır: “Bil ki, Dara tək deyil, biz yetmiş min nəfərik”.
İsgəndər cavabında: “ Sən də bil ki, qoyunların çoxluğu qəssabı qorxutmur.”
Babil qülləsi
Babil şəhəri qədim Babilistanın paytaxtı olmuşdur. Yüksək mədəniyyəti ilə şöhrət qazanmış Babilistanda ən yaxşı sənət nümunələri bu şəhərdə toplanmışdı. İndi tamamilə məhv olmuş həmin şəhər haqqında həm qədim Şərq ədəbiyyatında, həm də qədim dini əfsanələrdə çoxlu rəvayətlər mövcuddur. Əfsanəyə görə, Babil əhalisi bir dəfə göylərə qədər ucalan bir qüllə tikmək qərarına gəlir. İşə başlayan əhalinin hamısı eyni dildə danışırmış. Qüllənin tikilməsindən narazı qalan və qəzəblənən Allah adamların hərəsinə bir dil verir. Odur ki, bir-birlərini başa düşmədiklərindən tikintini davam etdirə bilmir və adamlar dağılıb müxtəlif ərazilərdə məskən salırlar. Guya dünyada dillərin müxtəlif olmasının səbəbi bu imiş.
Yerində oturtmaq
Məcazi mənada cavabını vermək, qarşısını almaq deməkdir.
Qədimlərdə nəinki dövlət vəzifələrində işləmək, hətta yığıncaq və məclislərdə oturmaq üçün yerlər əsil-nəcabətə görə müəyyənləşdirilirdi. Buradan da zənginliyinə və nəslinin qədimliyinə görə özündən aşağıda olanlara öz yerini güzəştə getmək istəməyənlərlə bu yerləri tutmaq istəyənlər arasında kəskin ixtilaflar, mübahisələr olurdu. Hər kəsi öz yerində oturtmaq o qədər də asan deyildi.
Kimin harada oturmalı olması Oğuz xan tərəfindən müəyyənləşdirilmişdir. O, xanın sağında, solunda kimlərin oturması qaydalarını göstərir.
“Dədə Qorqud” dastanlarının birində deyilir ki, Bamsı Beyrəyin atası Baybura ipək xalçaları saldı, keçdi oturdu. Oğlunu sağ yanına aldı.
İranın Sasanilər hakimiyyətində müxtəlif yığıncaqlarda padşahın sağ tərəfində oturmaq böyük şərəf hesab olunurdu.
“Şahnamə”də göstərilir ki, İsfəndiyar qonaqlığa gəlmiş Rüstəmi özündən sol tərəfdə oturtmaq istədikdə, Rüstəm qəzəblənir və bunu özü üçün həqarət sayır.
Muzey
(Bir sözün yaranma tarixçəsi)
E. ə. 332-331-ci illərdə Makedoniyalı İsgəndər Nil çayının deltasında məşhur İsgəndəriyyə şəhərini saldırmışdı. Bu şəhərdə muzeorın (xalqın adıdır) elm və incəsənət hamisi olan ilahələrin məbədi Museyon çox məşhur idi. Muz məbədində alim və şairlər bütün dərd-sərdən azad edilərək yaradıcılıq və elmi işlərlə məşğul olurdular. Odur ki, İsgəndəriyyə şəhərinə hər yerdən alimlər axışıb gəlməyə başlamışdı. Bununla da Museyon elmi fikir mərkəzinə – bir növ akademiyaya çevrilmişdi. Burada həm də məşhur İsgəndəriyyə kitabxanası yerləşirdi. 700 min ən qiymətli əlyazması olan bu kitabxana dünyanın ən yaxşı alimlərini çəkib buraya gətirmişdi.
Hazırda Musey – Museyon sözündən düzəlmiş “Muzey” sözü mədəni, elmi, tarixi sənədlər saxlanılan və elmi-mədəni işlərlə məşğul olan mərkəz mənasında dünyanın bir çox dillərində işlədilməkdədir.
Nəhs rəqəm
Çox qədim zamanlarda yəhudilər rəqəmləri hərflərlə işarə edirdilər və 13 rəqəmi “M” hərfi ilə yazılırdı. “M” hərfi isə yəhudi dilində “O”lum ( “Mem”) sözünün ilk hərfi idi.
İngiltərədə 13 rəqəmi nəhs rəqəm kimi qəbul edilmişdir. İngiltərə küçələrində 13-cü bina, 13-cü otaq yoxdur. 1970-ci ildə Meksikada keçirilən futbol üzrə Beynəlxalq yarışlarda qərarla 13 rəqəmi ləğv edilmiş, oyunçunun istəyi ilə başqa rəqəmi qəbul etmək olardı.
Heydər Xəlilov

Şərh Yaz