Böyük ümidlər yaradır

Uzun müddət durğunluq mühitində, passiv həyat şəraitində yaşayan ismayıllıların qəlblərində yaşatdıqları narazılıqlar yavaş-yavaş aşkarlanmağa başladı. Sonda respublikaya səs salacaq bir etiraza çevrildi. Bu etirazların xaosla əvəzlənməsi isə normal düşüncəyə, savada, dünya görüşünə malik olan hər bir rayon sakinini narahat etməyə bilməzdi. Çox keçmədi ki, bütün bu baş verənlərə rəğmən ölkə başçısının – “Mən hər bir azərbaycanlının prezidenti olacağam”, – deyən prezident İlham Əliyevin imzaladığı sərəncam bir an içində İsmayıllının durumunu, demək olar ki, köklü surətdə dəyişdi. Güc tətbiq etmədən, zorakılıqdan, yersiz təriflərdən, süni hesabatlardan uzaq bu sərəncam rayonumuza yeni bir ab-hava gətirdi.
Böyük həqiqətdir ki, xalqa arxa, dayaq olan başçı vacibdir ki, ictimaiyyəti öz ətrafında birləşdirə bilsin, işgüzar mühit yarada bilsin, uğurlu gələcəyin hədəflərini müəyyənləşdirə bilsin. Son ayın müşahidələri göstərir ki, ismayıllılar rahat həyatlarını özləri qura biləcəklər. Bir deyim var, ac insana balıq tutub versən, o, yeyib doyacaq, lakin bir azdan yenə ac olacaq. Çalışıb ona balıq tutmağı öyrətmək lazımdır ki, heç vaxt ac qalmasın. Rayonun yeni rəhbərliyinin ayrı-ayrı şəxslər, idarə, təşkilat və özəl qurumlarla keçirdiyi görüşlərin məqsədi məhz bu fikrə köklənmişdir. Hərəni öz dilində dindirməklə, səmimi münasibətlər və qarşılıqlı hörmətlə keçən bu görüşlər rayon sakinlərinin həyat şəraitini, sosial durumunu, yaşam tərzini, infrastrukturunu, sağlam mühitini təmin etmək üçün müasir inkişaf tempinə yönəlmiş istiqamətlərin müəyyənləşməsində çox böyük əks-səda doğurub. Lakin bir həqiqət də var ki, gələcəyin bütün hədəflərinə çatmaq o zaman mümkündür ki, xalq rəhbərin ətrafında birləşə bilsin, ona dayaq olsun. Hər bir ziyalı bu istiqamətdə özünü fərqləndirməyi bacarmalıdır. Hadisələrə öz ziyalılıq zirvəsindən baxmalı, müdrik zəkaya söykənməli, xalqın maariflənməsinə, narahatlıq doğuran məsələlərə şüurlu münasibət bildirməklə özünü sübut etməlidir.
Bir daha demək istəyirəm ki, son bir ayın düşüncələri bütün həmyerlilərim kimi, məndə də böyük ümidlər yaradır. Bu ümidlərin reallaşmasının açarı isə hər bir İsmayıllı sakininin öz əlindədir. Bu ümidlər nağıl deyil ki, sonda göydən düşən almalardan hərəyə biri çatsın. Əl-ələ verib çalışmalı, rifahımız üçün yollar axtarmalı, müəyyənləşən istiqamətlərdə özümüzü sınamalıyıq. Bir vətəndaş olaraq sübut etməliyik ki, biz sabitliyi pozmaq, xırda narazılıqları dövlətin çiyinlərinə qoymaq, dövlətçiliyimizə xələl gətirmək, dava, şantaj üçün deyil, müstəqil Azərbaycanımızı qoruyub saxlamaq, doğma İsmayıllımızı abad görmək, güzəranımızı yaxşılaşdırmaq uğrunda çalışırıq. Yetər ki, arxamızda duran, sözümüzü eşidən, vicdanı təmiz, dərdimizə şərik rəhbərimiz olsun.
Mirvari Musayeva,
Respublikanın Əməkdar müəllimi

Şərh Yaz