Yaddas kitabcasi

“Sağlığında qiymət verin insanlara”

Məktəblərdə təcrübə mübadiləsi etməyin, öyrənməyin bir üsulu da nümunəvi dərslərin təşkilidir. Məhz buna görə də belə tədbirlərə mühüm əhəmiyyət verilir. Bu günlərdə şəhər 1 nömrəli tam orta məktəbində belə nümunəvi bir dərsin şahidi olduq. Məktəbin dil ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımovanın X sinifdə keçirdiyi nümunəvi bir dərsin şahidi olduq. Mövzusu da çox maraqlı idi: Şair Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri təhlil olunurdu. Nümunəvi dərsə şəhər məktəblərindən bir qrup ədəbiyyat müəllimi dəvətliydi.
Mövzu ilə əlaqədar xeyli hazırlıq işləri görülmüşdür. Represiyaya məruz qalmış şair və yazıçılara, ictimai xadimlərə həsr edilmiş fotostend, xeyli videogörüntülər ekranda nümayiş etdirilmişdir. Onların arasında kimlər yoxdur: Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid və başqa bu kimi, Azərbaycanın say-seçmə oğulları. Represiya qurbanlarının fotoları ekranda iştirakçıların diqqətinə çatdırılır. Bu insanların heç birinə sağlığında qiymət verilməmiş, əksinə, onları xalqın yaddaşından tamamilə silməyə çalışmışlar. Onlar ancaq bəraət aldıqdan sonra xalqa tanıdılmışlar.
Mövzu ilə əlaqədar C.Novruzun yaradıcılığı haqqında videogörüntülər ekrana gəlir. Müəllim “Sağlığında qiymət verin insanlara” şeirindən parçalar qoyur ekrana, şagirdlərə suallar verir, onlardan dolğun cavablar alır. Hiss olunur ki, şagirdlər yaxşı hazırlaşmışlar. Haqqında söhbət gedən şairə sağlığında verilən qiymətə də toxunuldu. Məlum oldu ki, şairə elə sağlığında yüksək qiymət verilmişdir. Fəxri adlar, yüksək mükafatlar dediklərimizə yaxşı sübutdur. Onu da qeyd edək ki, şairin 128 şeirinə mahnı bəstələnmişdir. Müəllimə mahnıların siyahısını ekrana gətirdi. Şeirdəki digər məziyyətlər şagirdlərin fəallığı ilə təhlil edildi, müəllimə bu cavablardan razı qaldı. Dərsi xırdalıqları ilə təhlil etmək fikrində deyilik, buna ehtiyac da yoxdur. Qısaca desək, nümunəvi dərs maraqlı keçdi və vaxtın necə başa çatması hiss olunmadı.
Nümunəvi dərsə ədəbiyyat kabinetində yekun vuruldu, hamı öz fikrini söylədi. Məktəbin dil ədəbiyyat müəllimi, respublikanın Əməkdar müəllimi Mirvari Musayeva dərsi yekunlaşdırdı, işdən razı qaldığını bildirdi, həmkarının həddən artıq təvazökarlığından söz açdı. Mirvari müəllim qeyd etdi ki, o işindən söz açmağı xoşlamır. Məlum oldu ki, hamı tədbirdən razı qalmışdır. Çıxış edənlər onu da vurğuladılar ki, mövzu bu gün üçün çox aktualdır. Böyüməkdə olan gənc nəslə məhz insanların işinə sağlığında qiymət verilməsi ideyası aşılanmalıdır.
Məktəbin direktoru, respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov Sevda müəllimin iş fəaliyyətindən, sadə və təvazökarlığından söz açdı. O qeyd etdi ki, Sevda müəllim gördüyü işi reklam etməyi xoşlamır, köməyini də heç kəsdən əsirgəmir. Onun tədqiqat işindən, bu sahədəki əməyindən danışdı.
İş elə gətirdi ki, nümunəvi dərs Sevda müəllimin yubileyinə təsadüf etmişdir. Dərsin yekunlaşması zamanı bir sirr də açıldı, sən demə, Sevda müəllimin xeyli şeirləri də varmış. Bu şeirlər Türkiyədə çıxan “Antalya Sanat” aylıq ədəbiyyat dərgisində dərc edilmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Sevda müəllim həmin bu dərginin redaksiya heyətinin üzvüdür.
Sevda müəllimin yubileyi ilə əlaqədar şagirdləri ona yaxşı bir sürpriz hazırlamışdılar. Şagirdlər onun Vətənə, şəhidlərə həsr edilmiş şeirlərini toplantı iştirakçılarına çatdırdılar. Şagirdlər onun “Mən şəhidəm” şeirinə məktəbin musiqi müəllimi Surə Kərimlinin bəstələdiyi mahnını da xorla oxudular.
Məktəb direktorunun müavini Dilbər Yəhyayeva Sevda müəllimin çapdan çıxmış iki kitabı haqqında məlumat verdi.
RTŞ-nin metodisti Nəriman Qəniyev yubiley münasibətilə Sevda müəllimi təhsil şöbəsinin müdiri Rasim Orucovun və öz adından təbrik etdi. Şöbənin Fəxri fərmanını və qiymətli hədiyyəsini yubilyara təqdim etdi. Tədbir çay süfrəsi ilə yekunlaşdı.
B.Babayev

Şərh Yaz