Valideynlər təşəkkür edir

Dövlətimizin böyüməkdə olan gənc nəslə göstərdiyi qayğı günü-gündən artır. Bu, bir valideyn kimi məni çox sevindirir. Bağçaya getdiyi qısa müddət ərzində övladımın çoxlu şeir, mahnı, say və rəsm çəkməyi öyrənməsi mənim ürəyimcədir.
Bağça kollektivinin həyata keçirdiyi valideyn iclasları, səhərciklər, məşğələlər bizə bu kollektivin işi ilə daha yaxından tanış olmağa imkan verir. Burada aparılan məşğələlərin günün tələbləri səviyyəsində qurulması, uşaqların məktəbə hazırlanması işinə xeyli köməkdir. Birinci sinfə uşaq bağçasından gedən uşaqlar daha hazırlıqlı olurlar.
Bağça rayon üzrə keçirilən müsabiqələrə, idman yarışlarına, H.Əliyev adına parka, muzeyə ekskursiyaların təşkilinə diqqət yetirir. Belə tədbirlər uşaqların dünya görüşünün, əqli və estetik tərbiyəsinin formalaşmasına kömək edir. Bu il RTŞ-nin uşaqlarda kiçik yaşlarından vətənpərvərlik tərbiyəsi aşılamaq məqsədilə “Gözəl vətənim – Azərbaycan” mövzusunda keçirdiyi şer müsabiqəsində bağçanın yetirmələri Fatimə Məmmədova və Əli İsayev çox yaxşı çıxış etmişlər. Buna görə də bağça RTŞ-nin Diplomuna layiq görülmüşdür.
Bağçada keçirilən Novruz şənliklərində uşaqların milli geyimlərdə çıxışları, zalın milli tərtibatda bəzədilməsi, orada qədim milli məişət əşyalarının nümayişi, uşaqların bunlardan istifadə edərkən rollara girib səhnəcik hazırlamaları onlara çox şey verir. Ən əhəmiyyətlisi isə odur ki, uşaqlar milli adət və ənənələrlə tanış olacaqlar.
Ulu öndər H.Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir də maraqlı oldu. “Biz balaca Heydərçilərik” adlı tədbirdə uşaqların çıxışları Vətənə, xalqa ulu öndər kimi xidmət etməyə, onu sevməyə ruhlandırır. Bu isə kiçik yaşlardan onların vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcəkdir.
Tədbirdə RTŞ-nin əməkdaşları H.Əsədov, S.Məmmədova, rayonun digər bağçalarından qonaqlar, Talıstan İƏD-i üzrə nümayəndəsi S.Şirəliyev, kənd mədəniyyət evinin və kitabxananın işçiləri də iştirak etmişlər.
Valideynlər komitəsinin sədri kimi, bütün valideynlər adından Talıstan kənd uşaq bağçası-körpələr evinin kollektivinə təşəkkür edir, onlara işlərində uğurlar arzulayıram.
P. Məmmədova,
Talıstan kənd sakini

Şərh Yaz