Qayğı unudulmur

Torpaqlarımıza daim göz dikən erməni işğalçılarına qarşı gedən döyüşlərdə İsmayıllının mərd oğulları da şücaət göstərmişlər. Rayonumuzdan Qarabağ döyüşlərində onlarca gənc hünər və rəşadət göstərmişdir. Onlar bu savaşlarda Vətən uğrunda canlarını qurban verməyə hər an hazır olduqlarını döyüşləri ilə sübut etmişlər. İki həmyerlimiz – Mahmudov Ərəstun İsbəndi oğlu və Abbasov Mehdi Yusif oğlu Azərbaycanın Milli Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüş, üç nəfər isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. 138 nəfər İsmayıllı balası Vətənin azadlığı yolunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır.
Bu gün hər bir şəhidin xatirəsi əziz saxlanır, onlar yad edilir və nümunə göstərilirlər. Şəhid ailələrinə qayğı və diqqət də unudulmur. İsmayıllının ən axar-baxarlı, hər tərəfdən görünən bir yerində, şəhidlərimizin əbədi xatirəsinə hörmət əlaməti olaraq, möhtəşəm abidə kompleksi yaradılmışdır. Şəhidlərin harada dəfn olunmasından asılı olmayaraq şəhid məzarları müqəddəs ziyarət və and yerimizdir. Bu məzarlar həmişə diqqət və qayğı ilə əhatə olunmuşlar.
Şəhidlərin bir çoxu dünyaya göz açdığı doğma kəndlərində dəfn edilərək əbədiyyətə qovuşmuşdur. Rayonumuza yeni təyin edilmiş icra başçısı, həmyerlimiz Mirdaməd Sadıqovun tapşırığı ilə səkkiz şəhid məzarı yenidən bərpa edilərək, onlara mərmərdən başdaşı qoyulmuşdur. Bu xeyirxah işə görə qəzetiniz vasitəsilə hörmətli Mirdaməd müəllimə bütün şəhid və əlil ailələri adından dərin minnətdarlığımızı bildiririk.
Kamil Dadaşov,
QMƏVŞA İctimai Birliyi İsmayıllı rayon şöbəsinin sədr müavini

Şərh Yaz