Yaddas kitabcasi

Yaşıllıqlar və zibilliklər

Bu günlərdə Sərdahara yolum düşmüşdü. Təbiətin oyandığı bir vaxtda yol boyu gözlərimi ekoloji “düşmən”lərdən canını qurtarmış, ağaclara zilləmişdim. İstəyirdim ki, bir neçə dəqiqə də olsa, gözüm, könlüm istirahət etsin. Diyallı altına, “Babaxanı suyu” deyilən yerə çatmamış sol tərəfdəki qamışlıqda kisələrdə atılmış zibil əhvalımı pozdu.
Təzəkənd altına çatanda isə xoş mənzərə ilə rastlaşdım. Yenicə əkilmiş ağacların qorunması üçün beton dirəklər basdırılıb, tor da çəkilib. Nə yaxşı, nə xeyirxah əməl! Qubaxəlilli zonasında da belə etmişdilər. Sağ olsunlar.
Yoluma davam etdim və çatdım Kələmərcə – “Qaya” istirahət mərkəzini ötər-ötməz döngədə, sağ tərəfdə göz önündə zibil qalaqlanmışdı. Getdim Sərdahara. Qayıdanda Namazgaha dəyməli oldum. Burada da kəndin girəcəyində, sol tərəfdə, yamac aşağı zibil töküldüyünü əvvəllər necə görmüşdümsə, eləcə də qalmışdı. Nə olsun ki, mən görmüşdüm? Görünür, gördüklərimi Lahıc İƏD-i üzrə nümayəndə və bələdiyyə sədri görməmişdir (vurğunu birinci hecanın üzərinə salmağı xahiş edirəm).
Çox istərdim ki, bələdiyyə sədrləri, İƏD-lər üzrə nümayəndələr, məktəb direktorları, tibb işçiləri, əslində, hamı ərazilərində hər nə varsa, onu görsünlər, diqqətli olsunlar. Heç kəs məişət tullantılarını çölə, yol kənarlarına tökməklə mənəviyyatının dərəcəsini aləmə faş etməsin.
“İsmayıllı xəbərləri”nin ictimai müxbiri

Şərh Yaz