Yaddas kitabcasi

Məktəbdə mobil telefondan istifadənin mənfi cəhətləri

Məktəbdə mobil telefondan istifadənin mənfi cəhətləriMəktəbli məktəbə mobil telefon ilə gələ bilərmi? sualına cəmiyyətdə birmənalı cavab verilmir. Bəziləri qəti şəkildə “yox”, bəziləri isə “mümkündür” deyirlər. Sual müasir günümüz üçün çox aktual olduğu üçün fikir bildirməyi lazım bildim.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ili “İKT ili” elan etmişdir. Bu il ölkəmizin ilk süni peyki buraxılmış və artıq orbitdə yerini tutmuşdur. Ölkəmizdə bir milyondan çox internet istifadəçisi vardır. Məktəblərimiz geniş zolaqlı, sürətli internetə qoşulmuş, kompüterlərlə və digər İKT avadanlıqları ilə təchiz olunmuşdur və proses davam edir. Şagirdlərin kompüter biliklərinin artırılması, onların kompüter və digər İKT avadanlıqlarından istifadəsi üçün dövlətimiz tərəfindən lazımi tədbirlər həyata keçirilir.
Müasir dövrümüzdə ən çox işlənən əlaqə vasitələrindən biri olan mobil telefonlar gündən-günə artmaqdadır. Həm növ etibarı ilə, həm texniki imkanları baxımından, həm də qiymət baxımından mobil telefonlar çox cəlbedicidir. Onlara maraq uşaqlarda daha çox müşahidə olunur. Yaşından asılı olmayaraq uşaqlar valideynlərinə müxtəlif üsullarla təzyiq edərək telefon almalarına nail olurlar. Mobil telefonların texniki imkanları, görünüşü, qiyməti baxımından uşaqlar arasında rəqabət gedir.
Məktəbli forması almağa imkanı olmayan valideynə övladı məcburi telefon aldırır!? Hətta, kredit götürərək övladına telefon alan valideynlərə də rast gəlirik. “Nə üçün övladına telefon almısız? Nə üçün həmin pulu dərs vəsaiti, testlər və s. almağa xərcləmirsiz?” sualına valideynlər əsaslandırılmış cavab verə bilmirlər. Təəssüf ki, belə valideynlər məktəbə, məktəb psixoloquna vaxtında müraciət etmir və özü də bilmədən övladının dərsə marağının azalmasına və ya tamamilə yox olmasına səbəb olurlar. Maraqlıdır ki, dərslərinə gündəlik hazır gələn, yaxşı və əla qiymətlərlə oxuyan, qarşısına ali təhsil alaraq yüksək səviyyəli mütəxəssis kimi yetişməyi, ölkənin inkişafına bilik və bacarığı ilə kömək etməyi məqsəd qoyan şagirdlər arasında telefona maraq hiss olunmur. Mobil telefonlara maraq dərslərini zəif oxuyan şagirdlərdə daha çox təsadüf olunur. Dəfələrlə aparılan monitorinqlər zamanı şagirdlərdən telefonlar alınır, valideynlər məktəbə dəvət olunaraq onlara verilir, ancaq yenə bəzi şagirdlər telefonla dərsə gəlirlər. Səbəbini valideyndən soruşduqda “məndən xəbərsiz gətirmişdir” və s. söyləyir, övladına nəzarət edə bilmədiyini, hətta bəzi valideynlər övladının onun sözünə baxmadığını etiraf edir və məktəbdən ümid gözləyirlər.
Ənənəvi və müasir təlim üsullarının başlıca məqsədi şagirdin diqqətini dərsə yönəlməkdən ibarətdir. Telefonla məktəbə gələn şagirdin isə diqqəti tez-tez dərsdən yayınır. Ya ona zəng, ya SMS, ya da MMS gəlir. Şagird özü ilə bərabər bir neçə yoldaşının da diqqətini dərsdən yayındırır. Bu hal müəllimə də təsir edir. Nəticədə, dərsdə qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmur. Telefonlarla dərsdə oturan şagird, o yan-bu yana çevrilmədən, kiməsə müraciət etmədən sinif yoldaşlarının telefonuna mesaj göndərməklə onların əhval-ruhiyyəsinə təsir göstərə bilir və dərsi pozur. Müəllimin həmin şagirdi müəyyən etməsi isə çətinlik törədir. Nəticədə, sinifdə təlim keyfiyyəti aşağı düşür, müəllim-şagird, müəllim-valideyn münasibətlərində gərginlik yaranır.
Narahatlıq törədən əsas məsələ bəzi valideynlərin övladının məktəbə mobil telefon gətirməsinə haqq qazandırması və ya biganə yanaşmasıdır. Kiçik yaşlarından övladını əməyə alışdırmayan, onu ərköyün böyüdən, hər bir tələbini dərhal yerinə yetirən valideynlər sonrakı illərdə artan tələblər qarşısında bəzən aciz qalırlar. Valideynin məcburi şəkildə övladının lazımsız istəklərini yerinə yetirməsi cəmiyyətimizdə neqativ halların baş verməsinə zəmin yaradır. Şagirdlərin məktəbli kitabçalarında məktəbin telefon nömrələri qeyd olunur. Valideynlər övladları ilə, sinif rəhbəri və müəllimlərlə həmin telefonlarla əlaqə saxlaya bilərlər. Ümumiyyətlə, bəzi valideynlərin məktəbə münasibəti təəccüb doğurur, müəllim və məktəb rəhbərləri üçün çətinliklər yaradır. Məktəbin isə belə valideynlərə təsir imkanları yetərincə deyil. Valideynlərin övladı qarşısında, məktəb qarşısında, cəmiyyət qarşısında məsuliyyətini artırmaq üçün qanunvericilikdə yeni əlavələrin olunmasına ehtiyac vardır.
Müəllimlərin də dərsə mobil telefonla girməsi məqbul sayıla bilməz. Dərs prosesində telefona gələn zəng zamanı səslənən bəzi musiqilər gülüşə səbəb olur, dərsdə fasilələr yaranır ki, bu da məntiqi ardıcıllığın itməsinə və şagirdlər tərəfindən mövzunun mənimsənilməsinə mənfi təsir göstərir. Əgər müəllimə dərs zamanı bir neçə dəfə zəng olarsa, vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil. Həm də müəllim hər işdə nümunə olmalıdır. Ona görə də dərs zamanı fənn müəllimi mobil telefonunu ya müəllimlər otağına qoya bilər, ya da söndürə bilər.
Mobil telefonların insan orqanizminə ziyanı barədə KİV-də çoxlu sayda mütəxəssis rəyləri verilmişdir. Hələ tam formalaşmayan uşaq orqanizminə mobil telefonların mənfi təsiri yəqin ki, daha çoxdur. Bu barədə şagirdlər və valideynlər arasında geniş maarifləndirmə işləri aparılmalıdır.
Müasir dövrümüzdə İKT hər bir insanın həyatına nüfuz etmiş, həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Ancaq hər bir işdə olduğu kimi, İKT-dən istifadə zamanı ifrata varmaq arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Xüsusən əqli və fiziki cəhətdən tam formalaşmayan məktəb yaşlı uşaqların internet və mobil telefonlardan istifadəsinə hər bir valideyn, hər bir müəllim diqqətlə yanaşmalıdır. Bununla da gələcək nəslimizi çox bəlalardan qorumuş olarıq.
Məktəbdə mobil telefondan istifadənin mənfi cəhətləriRamil Dadaşov,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin direktoru

Şərh Yaz