Yaşamağa dəyər

Bəlkə də borcundan çıxmadım Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir ovuc torpağın artsın.
(Musa Yaqub)

İsmayıllı! Qoynunda doğulub boya-başa çatdığım, müqəddəs torpağına ayaq basıb, saf suyundan içib, təmiz havasını udduğum yurdum. Əcdadlarımın uyuduğu torpağın mənə nə qədər müqəddəs və əzizdir.
Mənim yurdum, sənin gözəlliklərin biz ismayıllıların qürur yeri olub. Rayonumuza gələn qonaqların qarşısında həmişə öyünmüşük, fəxr etmişik.
Zümrüd meşələrin, durna gözlü, diş göynədən bulaqların, başı qarlı dağların gələnləri valeh edib.
Sənin hər daşı bir tarix olan Lahıcın, Basqalın, Mücün sənətkarlar yurdu kimi tarixlərə düşüb. Heyif ki, bu sənətlər və sənətkarlar haqqında keçmiş zamanda danışırıq. Ona görə ki, bu sənətlər unudulmaq təhlükəsi ilə qarşılaşmaqdadır. Deyəsən, bu sahəyə də işıq düşəcək. Hər iki sənətkarlıq məkanında qədim sənətkarlığın inkişafı haqqında planların həyata keçirilməsi nəzərdə tutulub. Yəqin ki, yaxın zamanlarda biz bunun şahidi olacağıq.
Müqəddəs ziyarətgahlar and yerimiz olub, dağlar, zümrüd donlu meşələr, durna gözlü, buz bulaqlar yüzlərcə qonağı qoynuna alıb. Rayonumuzdakı turizmin imkanlarından daha geniş istifadə edildikcə gələn qonaqların sayı da dəfələrlə artmaqdadır. Turistlərin qəbulu üçün tikilən yeni obyektlər bunu deməyə əsas verir.
İsmayıllılar təhsilə, elmə həmişə böyük önəm vermişlər. Təhsil sahəsindəki nailiyyətlərimiz də bunu çox yaxşı sübut edir. Elmin elə sahəsi yoxdur ki, oraya İsmayıllı ziyalılarının ziyası düşməsin. Onların hansı sahədə çalışmasından asılı olmayaraq, çətin gündə elinə-obasına dayaq olmuşlar. Biz İsmayıllının belə övladları ilə həmişə fəxr etmişik və fəxr edəcəyik də.
Son illər rayonumuz sanki susqunluq dövrünü yaşayırdı, hər tərəfdə laqeydlik, biganəlik vardı. Sanki bu dilbər guşə gözdən uzaq, könüldən iraq düşmüşdü. Qonşu rayonlarla müqayisədə bizim rayon unudulmuş ucqar kəndi xatırladırdı. Çox şükürlər olsun ki, rayonumuz son vaxtlar böyük tikinti meydançasını xatırladır. Şəhərin şərq tərəfində Nizami küçəsində geniş təmir və tikinti işlərinin həcmi get-gedə genişlənməkdədir. Buradakı ikimərtəbəli yaşayış evləri beşmərtəbəli binalarla əvəzlənəcəkdir. Həmin zonada yaşayacaq insanlar üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. İndi burada qızğın işlər gedir. Bütün bunları görəndə insanın qəlbi fərəhlə döyünür. Ağızdolusu deyirsən: yaşamağa dəyər.
İnkişaf olan yerdə hər şeyə nail olmaq mümkündür. Atalar gözəl demişlər: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik “. Bu gün işlər çörəkçinin – yeni icra başçısı Mirdaməd Sadıqovun əlindədir. Az müddətdən sonra böyük abadlıqların,dəyişikliklərin şahidi olacağıq. Böyüməkdə olan gənc nəsil abad rayonda yaşayacaqdır. Ulu Tanrı belə xeyirxah işlər görən ismayıllılara dayaq olsun.
Təranə Məmmədova,
İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin müəllimi

Şərh Yaz