İlk tanışlıq və sonrakı illər

İlk tanışlıq və sonrakı illərOnunla tanışlığımız keçən əsrin yetmişinci illərin əvvəllərinə təsadüf edir. Onda mən Bakıdan İsmayıllıya bir-iki il olardı ki, qayıtmışdım, yenidən nəşr edilən “Zəhmətkeş” qəzetində məktublar şöbəsinin müdiri işləyirdim. Ən başlıca vəzifəm qəzetin ətrafına yaxşı yazmaq qabiliyyəti olan fəal müxbirlər toplamaq, onların gücündən istifadə edib, oxucu məktublarının coğrafiyasını genişləndirməkdən ibarət idi. Yaxşı, savadlı yazan fəal müxbir bizim üçün böyük tapıntı sayılırdı. Xüsusilə də gediş-gəliş çətin olan dağ kəndlərində belə fəallar tapmaq heç də asan deyildi. Belə imkanlardan maksimum istifadə etməyə çalışırdıq…
Bir yay günündə redaksiyaya üç gənc gəldi, yazı gətirmişdilər. Rayonda məşhur olan “Bədo” bulağının ətrafındakı meşələrə olan pis münasibət, bulaqda fəaliyyət göstərən yeməkxanadakı antisanitariya, burada çalışanların laqeydliyi, ancaq öz qazanclarını güdməsi və sair tənqid edilirdi. Həmin gənclərlə bu mövzuda və digər problemlər barədə xeyli söhbət etdik. Bizim söhbətimiz tuturdu, tanışlığımızı genişləndirmək qərarına gəldik. Belə də oldu, onlar qəzetimizin fəallarına çevrildilər. Gənclərdən biri Diyallıda müəllim işləyən təzəkəndli Rizvan Rzayev, digəri Müdri kəndində müəllim işləyən Məmmədmirzə Rzayev idi. Hər ikisi ədəbiyyatçı, həm də əmiuşağıydı. Üçüncüsü isə digər ixtisas sahibiydi.
M.Rzayev sonralar redaksiyanın ən fəalı, sonda qəzetin əməkdaşı oldu. Onunla tanışlığımız dostluğa çevrildi, ailəvi gediş-gəlişimiz də buradan başladı, uşaqlarımız da dostlaşdılar. Sonradan məlum oldu ki, Mirzə müəllim ( həmişə ona Mirzə deyə müraciət etmişəm) mən Göyçayda texnikumda oxuyarkən ən yaxın tanışım, dostum olan Vəli Qarayevin qohumu imiş. Sən demə, Vəli də rayonda enerji satışı idarəsinin müdiri işləyirmiş. Düzdür, Vəli məndən iki kurs aşağı oxuyurdu. Buna baxmayaraq, texnikumda ən səmimi münasibətlərimiz vardı, həmyerli idik axı.
Rzayev Məmmədmirzə Şahsuvar oğlu 1943-cü ilin yanvarında İsmayıllı rayonunun Müdri kəndində anadan olmuşdur. Atası Şahsuvar Rzayev uzun illər kolxozda mühasib, kolxoz sədri vəzifələrində işləmişdir. Anası evdar qadın idi.
M.Rzayev 1955- 59- cu illərdə Göyçay Pedaqoji Məktəbində təhsil almışdır. Uzun illərdir ki, müəllim işləyir, ömrünün çox hissəsini uşaqların təlim-tərbiyəsinə həsr etmişdir. Onunla dostluğum mənə əsas verir, deyim ki, Mirzə anadangəlmə müəllimdir. Belələrini digərlərindən tez çeçmək olur, onlar tamam başqa xasiyyətdə adamlardır.
Pedaqoji məktəbi bitirdikdən sonra (1959-cu il) onun təyinatını doğma kəndi olan Müdri 7-illik məktəbinə verirlər. Gənc müəllim bir il burada işlədikdən sonra ali təhsil almaq məqsədilə sənədlərini Azərbaycan Dövlət Universitetinə (indiki BDU) verir və qəbul olunur. 1960-1969-cu illərdə tələbə olur. Qiyabi təhsil aldığına görə 1964-67-ci illərdə Sovet ordusu sıralarında xidmət edir. Hərbidə xidmət zamanı aviacihaz və oksigen avadanlığı üzrə mexanik ixtisası alır. Xidmətinin sonunadək hərbi təyyarələrdə öz ixtisası üzrə çalışır. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirir, həm də Müdridə (1968-72-ciillərdə) müllimlik edir, dil və ədəbiyyatdan dərs deyir…
M.Rzayev yaradıcı ziyalı olduğu üçün, onun ucqar dağ kəndində qalıb işləməsi heç insafdan deyildi. Mirzə müəllimi rayon qiyabi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edirlər. O, 1972-1977-ci illərdə bu vəzifədə çalışdı. Sayılan- seşilən pedaqoqlardan sayılırdı. Mötəbər konfranslarda çıxışları oldu.
1973-cü ildə İsmayıllıda keçirilən Respublika elmi-praktik konfransında fərqləndiyinə görə (konfrans iştirakçılarına pionerlərin müraciətini o hazırlamışdı) Azərbaycan Maarif Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.
1981-ci ildə Yerevan şəhərində keçirilən Ümumittifaq Pedaqoji Mühazirələrində (“Füzuli əsərlərinin tədrisi təcrübəsindən” mövzusunda) uğurla çıxış edərək SSRİ Pedaqoji Elmlər Akademiyasının Fəxri fərmanına və pul mükafatına layiq görülmüşdür.
Yeri gəlmişkən, rayonumuzdan pedaqoji mühazirələrin Respublika turunu adlayaraq (Kiyev şəhərində keçirilən) Ümumittifaq turuna vəsiqə qazanan ilk müəllim Təzəkənd Orta Məktəbinin direktoru Şahlar Bədəlov olub. M.Rzayevin çıxışı ikinci olub.
Tezliklə M.Rzayevi şəhər 1 nömrəli orta məktəbə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə göndərirlər. 1977-82-ci illərdə həmin vəzifədə işləmişdir. Onsuz da yaradıcılıqdan uzaq düşməyən Mirzə müəllimin artıq yaradıcılıq mühitində çalışmaq arzusu gerçəkləşir. Belə yer redaksiya ola bilərdi. 1982-ci ilin mayında rayonda çıxan “Zəhmətkeş” qəzeti onu işə dəvət etdi. Əmək haqqında bir az itirsə də, yaradıcılıqda rahatlıq tapdı. Redaksiyanın kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edildi.
M.Rzayev müəllim işlədiyi zamanlarda da ədəbi yaradıcılığından qalmadı, yazdı, çap olundu. Onun Azərbaycan radiosuna müsabiqəyə göndərdiyi “Biz dörd nəfər idik” adlı povesti ikinci yer tutmuşdu. “Ulduz” jurnalında hekayəsi çap edildi. Rayon qəzetində tez-tez satirik şeirləri çap olunurdu, digər mövzularda yazdığı şeirləri də maraqla oxunurdu. Hətta, satirik şeirlərin qəhrəmanları, digərləri ona eşqdən, məhəbbətdən yazmağı məsləhət görürdülər. Tənqidi yazıları, satirik şeirləri bir qrup adamın isti aşına soyuq su qatmışdı. Ona vəzifə verib qələmini kütləşdirmək xəyalına düşənlər də vardı. O, əqidəsindən dönmədi, olduğu kimi qaldı.
Mirzə müəllimin imzası ilə çıxan digər yazıları da oxucular tərəfindən maraqla qarşılanırdı. Onun “Yol gedər sizə dağlar” adlı etnoqrafik silsilə yazıları dediklərimizə nümunə ola bilər.
M.Rzayevin imzasına “Azərbaycan” jurnalında da rast gəlmək olar. 1974-cü ildə həmin jurnalda onun “Biz dörd nəfər idik” povesti, 1976-cı ildə isə “Ulduz” jurnalında “Dayan, kimdir gələn” adlı povesti çap edilmişdir.
İlk tanışlıq və sonrakı illərMirzə müəllim üçün 2003-cü il daha əlamətdar olub. Həmin ildə onun “Sarabəyim” adlı, altıyüz səhifəlik bir kitabı işıq üzü gördü. Kitabda üç povesti, 18 hekayəsi, xeyli tərcümə materialları (kiçik hekayələr) və mənzum tərcümeyi-halı verilmişdir. Kitaba tanınmış yazıçı Səyavuş Sərxanlı ön söz yazmışdır. Redaktorlar Səyavuş Sərxanlı və Adil Abdulladır.
M.Rzayev rayon mərkəzinə köçəndən sonra redaksiya ilə daha sıx əlaqə saxlayır, redaksiyanın tapşırıqlarını yerinə yetirirdi. Redaksiyaya daxil olmuş şeirləri saf-çürük etmək, gənc yazarlara məsləhətlər vermək məqsədilə tez-tez bu mövzuda xülasələr vermək ənənə halını almışdı. Əlbəttə, bu işi Mirzə müəllimə həvalə edərdik. “Dağ çiçəkləri” ədəbi məclisinin ən fəal üzvlərindən olan Mirzə müəllim burada da öz məsləhətləri ilə yeni yazarlara əsil müəllim idi. Yazarlara göstərdiyi köməkliyi təzəkəndli Usta Cəlil (Bədəlov) çox gözəl ifadə etmişdir:
Sözlərimə Mirzə çəkdi rəndəni,
Şair etdi mən günahsız bəndəni.
Rəndəsini bir çox digərlərinin şeirlərindən də əsirgəməyən Mirzə ondan kömək istəyəni heç vaxt naümid qoymayıb. Bir neçə gənc yazarın kitabına redaktorluq edib.
90-cı illərin əvvəllərində Sovetlər məkanında, xüsusilə Azərbaycanda elə hadisələr baş verdi ki, bunlar uzun illər unudulmayacaq. Xalqımız üçün ən dəhşətlisi isə 20 Yanvar hadisələri oldu. Azadlıq hərəkatı genişlənirdi. Qırmızı imperiyanın özülü laxlayırdı. Bu olayların qarşısını saxlamaq üçün Moskva Bakıda qan tökməkdən belə çəkinmədi. Qanlı Yanvar da bunun nəticəsi idi.
1991-ci ilin yanvarında qəzetin adı (“Zəhmətkeş”) dəyişilərək “Cavanşir yurdu” qoyuldu. Qəzet 2001-ci ilin fevralınadək bu adla çıxdı və o, tarixdən də bağlandı. Redaksiya kollektivi qəzeti bağlamaq, işçiləri qeyri-müəyyən müddətə məzuniyyətə buraxmaq məcburiyyətində qaldı. M.Rzayev şəhər 3 nömrəli orta məktəbdə müəyyən saat dərs deməli oldu. 2005- ci ilin əvvəlində buradan da pensiyaya çıxdı. Bundan sonra onun yaradıcılıqla məşğul olmağa daha çox vaxtı olacaq.
M.Rzayev pensiyaya çıxandan sonra heç bir kitab nəşr etdirməyib, ancaq yaxşı bilirəm ki, bu istiqamətdə gərgin iş görür. Yəqin ki, yaxın zamanlarda biz şair, yazıçı və publisist dostumuzun yeni-yeni əsərlərini oxuyacağıq.
Məmmədmirzə müəllimin çox mehriban ailəsi var, hamısı da ali təhsil alıb, hərəsi də bir sahədə çalışır.
M.Rzayev Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Bu günlərdə dostumun 70 yaşı tamam oldu, illərin belə sürətlə keçib- getməsini təsəvvür edə bilmirəm. Gözüm önünə cavan, şəvə kimi gur saçlı bir gənci gətirirəm. Ancaq bu gün qarşı-qarşıya oturduğum dostumun simasında geridə buraxdığı illərin izləri var. Dostum, nə tez qocaldın sən? Belə qocalıq sənə heç yaraşmır. Sorası da, sənə qoca deməyə dilim gəlmir. Qocalıq odur ki, bel bükülə, diş tökülə, ikidən üçə keçəsən, maşallah cavansan, yubileyində sənin ünvanına söylənən tərif və arzular səni cavan və gümrah saxlayacaq. Qəm eləmə qardaş, mən səni həmişə ilk dəfə gördüyüm kimi təsəvvür edirəm. Sənə son sözüm nə ola bilər: ailənlə, nəvələrinlə birlikdə sənə can sağlığı, uzun ömür arzulayan dostun:
Bəybala

Şərh Yaz