Kitab bilik mənbəyidir

Kitab bilik mənbəyidirKitab bilik mənbəyidir. Bu kəlam illərdən süzülüb gəlsə də aktuallığını itirmir, əksinə, həyatımızın, təhsilimizin şüarına çevrilir. İnsan oxuduğu kitablarla kamilləşir, savadlanır, ucalır. Buna görə də biz bildiklərimizə görə kitablara borcluyuq. Bir müddət bundan əvvəl kitaba həvəs azalsa da son zamanlarda problem aradan qalxmaq üzrədir. Bu sahədə dövlətin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi və vermək üzrədir. Belə ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, bədii və elmi ədəbiyyatın yenidən latın qrafikalı əlifba ilə çap olunması kitaba marağı daha da artırdı. Bu maraq xüsusilə məktəb kitabxanalarında daha aydın hiss olunur, çünki məktəblilər daha yaşlı insanlardan fərqli olaraq əvvəlki əlifba ilə o qədər də yaxşı və sürətli oxumağı bacarmırdılar.
A.Aslanov adına 2 nömrəli tam orta məktəbin kitabxanasında oxucuların çox olması məni sevindirir. Bu hisslər məni sənətimə daha çox bağlayır. Kitabxanada 4750 ədəd dərslik, 1695 ədəd bədii ədəbiyyat və metodiki vəsait toplanmışdır. Məktəb kitabxanasına vaxtaşırı yeni nəşr olunmuş dərsliklər və əlavə vəsaitlər daxil olur. Bunlardan 964 ədəd dərslik 2012-2013-çü dərs ilinin payına düşür.
Hər il məktəb şagirdləri və müəllimlərlə birlikdə ədəbi yubileylər keçirilir, kitab müzakirələri aparılır. Keçən dərs ilində M.F.Axundzadənin 200, bu il isə Xurşudbanu Natəvan – 180, Hüseyn Cavidin 130, Əhməd Cavadın 120 illik yubileyi keçirilmişdir. C.Cabbarlının ”Sevil”, Mirzə İbrahimovun “Böyük dayaq” əsərinin müzakirəsi təşkil olunmuşdur.
Məktəbin pedaqoji kollektivi daim kitabxana ilə yaxından əlaqə saxlayır, burada olan bədii ədəbiyyat, metodiki vəsait və gündəlik mətbuatla müntəzəm maraqlanır.
2006-2007-ci tədris ilində Rayon Təhsil Şöbəsi tərəfində “İlin ən yaxşı kitabxanaçısı” müsabiqəsində qalib olduğuma görə Fəxri fərmanla təltif edilmişəm. Bunlar hamısı mənim işimə olan məsuliyyətimi bir daha artırır, gənc nəslin təlim-tərbiyəsində mənim də əməyimin olduğunu göstərir. Bundan sonra da işlərimi günün tələbləri səviyyəsində quracağam
Fidan Ömərova,
kitabxanaçı

Şərh Yaz