Yaddas kitabcasi

Heç kim unudulmur

Heç kim unudulmur“Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik…” Öndər Heydər Əliyevin bu sözləri qədirbilən xalqımızın ürəyindən xəbər verir. Torpağı şəhid qanı ilə suvarılan ölkə heç vaxt əsarətdə ola bilməz. Şəhidi olmayan məmləkət isə azad ola bilməz.
Ağbulaq Azərbaycanın kiçik bir hissəsi olsa da, onun da öz şəhidləri var. Onların xatirəsi həmişə əziz tutulur. Bu günlərdə kənd məktəbində maraqlı tədbir keçirildi. Məktəbdə adını daşıdığı, Qarabağ döyüşlərində şəhid olmuş Ziyad Mehdiyevin xatirə günü keçirilmişdir. Tədbirə döyüşçü veteranlar, kənd camaatı, məktəbin müəllim və şagird kollektivləri qatılmışdı.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehman Əşrəfov açaraq şəhidlərin hər an yad edilməsinin vacibliyini diqqətə çatdırdı. Müəllimlərdən Rəfiqə Mustafayeva, Xuraman Səlimova, Gülxar Əkbərova, kənd ağsaqqalları, şəhidin qohumları, övladları şəhid ailələrinə dövlət qayğısından, prezident İlham Əliyevin əməli qayğısından söz açdılar. Z.Mehdiyevin döyüş dostları adından Zöhrab Bayramov döyüş xatirələri ilə bir daha hamını o, ağır və dəhşətli günlərə qaytardı…
Məktəblilərin bu mövzuda hazırladıqları ədəbi-bədii kompozisiya tədbiri daha təsirli və yaddaqalan etdi. Şagirdlərdən Aliyə Baxışlının, Nuranə Bağırovanın, Bəhruz Dosməmmədovun, Elnarə Yusifovanın, Səadət Məmmədovanın, Elnarə Əkbərovanın, Sübhanə Bağırovanın, Könül Mahmudovanın, Soltan Əsədovun səsləndirdikləri şeirlər tədbir iştirakçılarının ürəyincə oldu, gəncləri isə Vətəni daha ürəkdən sevməyə, onu göz bəbəyi kimi qorumağa səsləyirdi.
Tədbir şəhidin uyuduğu Ağbulaq kənd qəbiristanlığında – şəhid məzarı önündə davam etdirildi.
Bu tədbir kəndətrafı yolların kənarlarında yeni ağac əkilməsi işləri ilə başa çatdırıldı.
Əflatun Baxışov,
Ağbulaq kənd ümumi orta məktəbin müəllimi

Şərh Yaz