31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart Azərbaycanlıların Soyqırımı GünüdürAzərbaycanın əzəli torpaqlarına xaincəsinə göz dikmiş ermənilər bir əsrdə azərbaycanlılara qarşı dörd dəfə soyqırımı və deportasiya siyasəti həyata keçirmişlər. Çox təəssüf ki, ermənilərin bu xəyanətkar əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməmişdir. Cəzasız qalan ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, dinc əhalini qətlə yetirmiş, bir milyondan artıq həmyerlimizi öz doğma yurdlarından didərgin salmışlar. Beynəlxalq ictimaiyyət isə bu faktlara ikili standartlarla yanaşır, Ermənistana qarşı sərt tədbirlər görmək istəmir.
Ermənilərin uzun illər ərzində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarının coğrafiyası genişdir. Qərbi Azərbaycan, Naxçıvan, Qarabağ, Şirvan, Quba və digər ərazilərdə törədilən soyqırımlar buna misal ola bilər. “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərin törətdiyi vəhşilikləri saymaqla qurtaran deyil. 1918-ci ildə Bakıda törədilən qətliamlarda minlərlə azərbaycanlı öldürülmüşdür. Belə soyqırımı rayonumuzdan da yan keçməmişdir.
1918-ci ilin mart hadisələrindən sonra Şamaxı, Ağsu, İsmayıllı bölgələrində də erməni başkəsənləri fəallıq göstərmişlər. Onlar rayonun müxtəlif kəndlərində qəddarlıq etmişlər. 1918-ci ildə Tircan kəndində ermənilər tərəfindən 300 kişi, 40 qadın, 20 uşaq öldürülmüşdür. Xeyli maddi ziyan dəymişdir. Zərnava kəndində 40 kişi, 4 qadın, 5 uşaq öldürülmüş, Bizlanda 50 kişi, 30 qadın, 20 uşaq qətlə yetirilmişdir. Mücüdə 150 kişi, 55 qadın, 25 uşaq öldürülmüşdür. Hər bir kəndə milyonlarla rubl (o dövrün pulu ilə) maddi ziyan vurulmuşdur. Biz bu faktları artıra da bilərik, ancaq çəkdiyimiz misallar kifayət edir ki, erməni vəhşiliklərin başa düşək.
Ulu öndər Heydər Əliyevin sərəncamı ilə hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi anılır. Anım günü rayonumuzda mart ayının 30-da qeyd edildi. Həmin gün İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun iştirakı ilə hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların, eləcə də məktəb kollektivlərinin nümayəndələri Gənclər Mərkəzinin iclas zalında bir araya gəldilər. Əvvəlcə Vətən torpağının günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla yad olundu.
Toplantıda Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, tarix müəllimi Ramiz Baloğlanovun Azərbaycan xalqına qarşı edilən soyqırımlarla bağlı məzmunlu çıxışı dinlənildi. Talıstan kənd tam orta məktəbinin tarix müəllimi Xalid Mürşüdov, Sumağallı kənd tam orta məktəbinin tarix müəllimi Rza Salahov, şəhər 5 nömrəli tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Fərəcov son 100 ildə mənfur ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlardan, bu tarixi həqiqətin acı nəticələrinbdən danışdılar və qeyd etdilər ki, biz xalqımıza edilmiş zülmləri təkcə anım günlərində deyil, hər an yadda saxlamalıyıq. Əks təqdirdə, unutqanlıq başımıza daha ağır bəlalar gətirə bilər.
Tədbirdə yekun sözü söyləyən RİH başçısı M.Sadıqov hamını Vətəni sevməyə, yetişən nəslin vətənpərvər kimi böyütməyə, birliyə, xoş amallar uğrunda əməli işə dəvət etdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz