Yazın, amma Allahı başınızın üstündə görərək yazın

İsmayıllı XXI əsrin yeni tarixinə məlum 23-24 yanvar hadisələri ilə yazıldı. İsmayıllılar istəmədən, arzulamadan xeyli vaxt dillərə dastan oldular. Nə etməli?! Biz də çox istəyərdik ki, doğma İsmayıllımız hər bir sakininə şərəf gətirən işlə tanınsın, amma…
Əslində ismayıllılar heç vaxt elə o məlum günlərdə də utanc verəcək, baş yerə soxacaq şərəfsiz bir iş görməyiblər və bizim yurdun oğul və qızları həmişə dövlətə, dövlətçiliyə sədaqəti, qanunlara hörməti ilə seçiliblər.
Məlum hadisələrdən keçən 2 ay ərzində İsmayıllıda çox şey dəyişib. Prezident tərəfindən işindən azad edilmiş sabiq icra başçısının yerinə İsmayıllı torpağının övladı, yetirməsi və ağsaqqalı rayona icra başçısı təyin edilib.
Rayonda sakitlikdir. Yeni icra başçısı çox sıx və səmimi şəkildə yerlərdə əhali ilə görüşür. Saysız qəbullar keçirir və yanvar hadisələrinə səbəb olan, yığılıb qalmış problemlərin haradan, nədən qaynaqlandığını işgüzar, yurdsevər, ziyalı həmyerliləri ilə birgə araşdırır.
Martın 16-da rayon İcra Hakimiyyəti başçısının şəxsi dəvəti ilə İsmayıllıdan kənarda yaşayan 160 nəfər İsmayıllı övladıyla – alimlər, hüquqşünaslar, dövlət qulluqçuları, sənət və iş adamları ilə rayon mərkəzində böyük görüş keçirildi, müzakirələr aparıldı, rayonun hazırkı vəziyyəti götür-qoy edildi.
Çox problemin yalnız bir səbəbi var: iş yerlərinin olmaması. İsmayıllıda nə fabrik vardır, nə də zavod. Mövcud xalça fabriklərinin də “alıcısı yoxdur” bəhanəsi ilə qapılarından qara qıfıllar asılıb, binalarını da satışa qoyublar.
Camaata çörək verə biləcək qapılar beləcə, bağlanıb, əvəzində bir qapı açılıb: insanları mütiliyə, işsizliyə, pulsuzluğa və bunların nəticəsi olan diliqısalığa yönəldən “yardım” yolu. Bax, elə bunun nəticəsidir ki, bu gün icra başçısının qəbuluna gələn hər 3 vətəndaşdan 2-si yardım istəyir, çünki işi olacağına, iş yeri açılacağına ümidini çoxdan itirib. Elə buna görədir ki, mart ayının 17-də İsmayıllı Mədəniyyət Mərkəzində təşkil olunmuş əmək yarmarkasında ismayıllılara 415 iş yeri təklif olunanda, rayonda açılacaq tikiş fabrikinə 100 nəfər qadın işə dəvət ediləndə adamların üzündə sevincdən çox heyrət var idi.
Bəli, İsmayıllıda görüləcək işlər həddən artıq çoxdur və öncə insanların itmiş ümidlərini özünə qaytarılmalıdır. Bu isə təbii ki, sözə qarnı tox olan ismayıllılar üçün əməli işlə başlamalıdır.
Əməli iş isə artıq başlayıb. Rayonun təəssübünü, ana-bacısının qeyrətini çəkməyi bacaran ismayıllılar ağsaqqalının – dövlətin məsləhət bilib İsmayıllıya təyin etdiyi rəhbərin ətrafında sıx birləşməyi də bacarırlar, görülməyə başlanan və planlaşdırılan hər işdə onunla birlikdədirlər. Hər şeyi olduğu kimi, görə bilən və görmək istəyənlər gördükləri barədə düzünü deyir, düzünü yazırlar. Bunun üçün onlara “Sağ olun!”, bununla yanaşı, üzümüzü İsmayıllıda suları duru görmək istəməyən əli qələmlilərə tutub: “İsmayıllıdan nə istəyirsiniz?” – deyirik. Məgər ismayıllıların sizin ağlınıza, sizlərin onlara yol göstərməyinə ehtiyacları var? Belə hesab edirik ki, sizin özünüzün – ağa qara, gündüzə gecə deməyi özünə peşə edənlərin ağıllı hamiyə, düz yolu göstərəcək birinə ehtiyacınız var.
Mart ayının 16-da ismayıllılarla olan görüşü respublikanın əksər kanalları lentə alıblar. O tədbirdə 365 nəfər iştirak edib. Bu insanlar həmin görüşdə səslənən fikirlərin canlı şahidləridir – 365 şahid. Bəs siz hansı ağıl, hansı məntiq və vicdanla orada deyilməyən, heç müzakirəsi belə açılmayan, dilə gətirilməyən “faktlar” barədə yazırsınız. Niyə? Nə istəyirsiniz?
Yazın. Amma unutmamağınız üçün bir daha təkrar edirik: İsmayıllıların ağlı, düşüncəsi yetər də, hələ sizlərə haqqın yolunu göstərməyə də çatar. Təbii ki, əgər istəsəniz. Amma istəməzsiniz, çünki Sizlərin yeganə qayəsi suları bulandırmaqdır. Bulanıq suda balıq tutmaq daha asan olur axı. Keçməz, a yazarlıqdan xəbərsiz olan qərəzli qələm əhliləri, keçməz!
İsmayıllı dağlar qoynunda yerləşir. Kürəyini bu dağlara söykəyən, bu dağların saf havası ilə nəfəs alan, bu dağlardan süzülüb gələn saf bulaq suyu içən insanların suyunu sizin kimilər çətin bulandıra bilsin! Yaxşı-yaxşı fikirləşin, gözünüzü dörd açın, hər şeyi obyektiv qiymətləndirməyi bacarın, yazanda, danışanda, Allahı başınızın üstündə görün!
Bir qrup İsmayıllı sakini

Şərh Yaz