Sosial həyata yönəlik layihələr

Rayonun sosial-iqtisadi inkişafında, tikilib qurulmasında özünü göstərən sükunətə və hərəkətsizliyə son qoyuldu. Bu sonluğa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2013-cu il tarixli sərəncamı ilə çatdıq. Bütün fəaliyyətində insanlara, xüsusilə gənclərə istinad edən hörmətli Mirdaməd Sadıqov İsmayıllıya rayon icra hakimiyyətinin başçısı təyin edildi. İndi hara baxırıqsa, orada qaynar işin şahidi oluruq.
İlk olaraq qeyd edim ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vəzifəsinin icrasına başlayan kimi müasir avtobuslar gətirdi. Şəhər əhalisi ölkə rəhbərinə minnətdar olaraq, icra hakimiyyəti başçısına təşəkkür edərək bu nəqliyyat vasitələrindən istifadə edirlər.
Əvvəllər şəhərin girəcəyində yol patrul xidməti postu, onun ətrafındakı əzilmiş maşınlarla rastlaşırdıq. Həmin mənzərə də qanuni sonluğuna yetdi. Oradan yolun daha da genişləndirilməsi və hər iki tərəfdə səkilərin tikilməsinə başlanmışdır. İş çox sürətlə gedir. Başlanğıc yer ən müasir formada çəmənlik, gül kolları və yaşıllıqlarla tərtib olunacaq. Şəhərimizə gələnlər yüksək intellektin nəticəsi olan gözəlliklə rastlaşacaqlar.
Rayonda həyata keçirilən bütün layihələr insan həyatının zənginləşməsinə yönəlir, onlara xidmət edir. Heydər Əliyev prospektində, Nizami və M. Müşfiq küçələrində müasir üslubda, yüngül konstruksiyalı xeyir-şər evləri tikilir. 120 nəfərlik bu evlər xidmətçilər və xidmət avadanlıqları ilə təmin olunacaq. Buradakı xidmət pulsuz olacaq. Hər hansı bir mərasimi keçirtmək üçün heç kim çətinlikdə qalmayacaq.
Çox paradoksal hal idi ki, şəhər ərazisindəki bağça yaşlı uşaqların heç 25 faiz də məktəbəqədər tərbiyə ilə əhatə olunmurdu. Buna baxmayaraq şəhər ərazisindəki 1 və 2 nömrəli uşaq bağçaları özəlləşdirilmişdi. Valideynlər bir neçə ildir ki, uşaqlarının bağça tərbiyəsindən kənarda qalması narahatçılığını yaşayırdılar. Nəhayət, bu problem də öz həllini tapır. Şəhərin Mican hissəsində, keçmiş inzibati ərazi dairəsi binasının yanında uşaq bağçasının tikintisinə artıq başlanılmışdır. 2 nömrəli məktəbin və peşə məktəbinin köhnə binalarının yerində də uşaq bağçaları tikiləcək. Bunun üçün ilkin hazırlıq işləri aparılır.
Şəhərimizdə 193 kilometr uzunluğunda 81 küçə var. Onun yalnız 15-i pis-yaxşı işıqlandırılır. Mübariz Orucov küçəsindən başlanğıcını götürən yeni işıqlandırılma sistemi bütün istiqamətlərə şaxələnəcəkdir.
Biz gənclər bütün bu işləri gördükcə sevinir, həm də işləmək, dövlətə, xalqa xidmət etmək nümunəsi götürürük. İndidən fəxr edirik ki, İsmayıllı az müddətdə ölkənin sürətli inkişafına qoşulacaq.
Taleh Salehov,
YAP rayon təşkilatı Gənclər birliyinin sədri

Şərh Yaz