Ana fətholunmaz zirvədir…

Tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və inkişafı prosesidir. Bu proses ailədə, uşaq bağçasında, məktəbdə, əmək kollektivində davam edir. Ana mövzusu tərbiyə prosesində əsas yerlərdən birini tutur.
Ümummilli liderimiz Heydər Əliyev ana haqqında fikirlərini belə ifadə edir: “Ana hər bir insan üçün müqəddəsdir”. Təsadüfi deyil ki, biz Vətənə də Ana Vətən deyirik, torpağa da . Azərbaycan xalqının ən böyük sərvəti ondan ibarətdir ki, o əsrlər boyu qəhrəman, cəfakeş, dözümlü analar yetirmişdir.
Hər birimiz dünyaya göz açanda anamızın səsini eşidirik, onun laylasından qidalanırıq, şirin kəlmələr ilə böyüyürük.
Mübariz, vətənpərvər qəhrəman şəhid atası Xəlil Rza Ulutürkün şeirində bu fikirlər daha aydın nəzərə çarpır:
Laylay çalır gəlin ana…
Dörd qulac ip bir yüyrüyü bənd eləmiş kəhkəşana,
Yüyrük dəyər o ulduzdan bu ulduza,
Layla axır, cocuq baxır,
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib, indi ana ruhu əmir.

Ana övladına təkcə həyat vermir, həm də min bir çətinliyə qatlaşaraq, onu böyüdüb boya-başa çatdırır. Ana o qədər müqəddəsdir ki, incəsənətin bütün növlərində ana mövzusuna müraciət edilir. Heykəltəraşlar, rəssamlar, bəstəkarlar, yazıçılar, şairlər öz şah əsərlərini məhz bu mövzuda yazmağa çalışırlar. Ana əlçatmaz bir zirvədir. Ana müqəddəs varlıqdır.
Təsadüfi deyildir ki, analara ən yüksək qiyməti də Məhəmməd peyğəmbər verib “Cənnət anaların ayaqları altındadır”.
Həmyerlimiz, gənc şair Nizami Girdimançaylı yazır:
“Cənnət anaların ayağı altda”
Ulu peyğəmbərin dediyi kəlam.
Əziz müqəddəssən daim həyatda,
Ay mənim mehriban, ağbirçək anam.
Gecə də, gündüz də anıram səni,
Ən ali varlıq sanıram səni.
Ayırmaq olarmı güldən çəməni?!
Ay mənim mehriban, ağbirçək anam.

Azərbaycanın görkəmli şair-dramaturqu Cəfər Cabbarlının məşhur “Ana” şeirindən bir parçanı misal göstərsək Ananın müqəddəsliyinin şahidi olarıq.
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü zəif bir vücud var yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

Şifahi xalq ədəbiyyatında ana mövzusu ilə əlaqədar müdriklərimizin qanadlı sözlərindən misallar göstərirəm. “Ana evin dirəyidir”, “Ana qəlbi kövrəkdir”, “Ana ürəyi dağ çiçəyi”, “Ana məhəbbəti qocalmır”. “Anaya etibar edən heç vaxt unudulmaz”, “ Bir ana duası yeddi kişi qarğışını yox edər”, “Ana səbri böyükdür”, “Ana qəlbinə toxunmaq olmaz”, “Ana haqqı – Tanrı haqqıdır”, “Anadan artıq yaxın olmaz”, “Analı qızın işi görünər, anasız qızın dişi”, “ Analı qızın özü böyüyər, anasız qızın sözü”. Hətta, bəzi bəladan, ölümdən, qəzadan qurtaranda deyərlər “Anası namaz üstə imiş”
Ənvər Məmmədxanlının “Buz heykəl”, Şəhriyarın “Mənim anam”, Hüseyn Arifin “Analar” kimi hekayə və şeirlərində adları çəkilən analar təbiətcə zəif məxluqlar olsalar da onların öz övladları yolunda göstərdikləri fədakarlığa görə həmişə uca dağ başında dayanan, məğrur, qorxmaz və yüksəklikdə uçan bir qartala bənzədirlər.
Bəxtiyar Vahabzadənin “Ana hədiyyəsi” şeirini oxuduqca ananın necə bir yüksək zirvələrə qalxdığının şahidi oluruq.
Anam namaz üstə əl açıb göyə,
Allaha yalvarır “ya rəbbim” deyə,
Sənsən xəlq eləyən göyləri, yeri,
Candan şirin olur, bala ay Allah,
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!

Vəzifəsi müqəddəs sayılan Anaların vətənə bəxş etdiyi qəhrəman, vətənpərvər oğullar, müəllimlər, xeyriyyəçi şəxsiyyətlər, dövlət xadimləri tarixin yaddaşından silinmir. Azərbaycanın xeyriyyəçi şəxsiyyətlərindən olan H.Z.Tağıyevin, vəzifəsi ana qədər müqəddəs olan övladlarımıza bilik verən, yol göstərən müəllimlərdən, öz vətəni uğrunda canını qurban vermiş Babəkdən, Cavanşirdən, Tomrisdən, Məzahir Rüstəmovdan, Gültəkin Əsgərovadan, Salatın Əsgərovadan, Mübariz İbrahimovdan, ömrünü xalqına xidmətə həsr etmiş Atatürkdən, Heydər Əliyevdən hər birimiz nümunə götürməliyik ki, sabah bizim də anamız onların anaları kimi bizimlə fəxr etsinlər.
Azərbaycanın tanınmış müğənnisi Azər Zeynalovun ifasında ana musiqisini dinlədikcə gözlərim önündə yaranan ana surəti vətəndaşdır, vətənini sevən, uğrunda canından belə keçməyə hazır olan döyüşçüdür, dövlət başçısıdır, nazirdir, ən başlıcası isə övladına layla deyən, şirin nağıllar söyləyən qayğıkeş anadır.
Güney və Quzey Azərbaycanın görkəmli şairi Əli Tudənin “Anamın laylası” şeirini oxuduqca hər birimiz öz anamızı xatırlayırıq.
Anamın laylasını,
Bir an yad edirəm mən,
Sonra o lay-lay ilə
Yuxuya gedirəm mən.

Elə bir bəstəkar, elə bir musiqiçi varmı ki, onun ana laylası tək möhtəşəm bir əsəri olsun. Bütün mahnılardan artıq sevdiyimiz şirin bir nəğmədir ana laylası ! Səsi ruhumuzu oyadır sanki bir rəssam fırçası ilə həyatın rəsmini çəkib ana laylası! Şair Əli Vəkilin bir epiteti var: yadigar qalan ana laylasıdır, ana laylası! Bəlkə də buna görə ondakı şirinliyi, lətafəti istifadə etmək üçün yetər ki, ürəklə deyəsən. Ən şirin , ətirli balı dünyanın ana laylasıdır, ana laylası! İlk dil açanda da “ana” deyirik, dünyanı tərk edəndə də son kəlməmiz “ana” olur. Ən ağrılı halımızda da “ana” çağırır, sevinəndə də gözlərimiz “ana” axtarır.
Həmyerlimiz, tanınmış şair Musa Yaqubun “Ana ömrü” şeirini oxuduqca ananın müqəddəsliyinə bir daha əmin olursan. Dərk edirsən ki, hər bir ana öz ömrünü övladına verir, onun böyüyüb boya-başa çatması, əsil insan , vətəninə, xalqına, elinə, obasına xeyirli bir övlad olması üçün ömrünü həsr edir.
Ana ömrü bir laylanın diliylə,
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü – körpəsinin əliylə ,
Yuxuları oğurlanmış bir ömür.

Bir parçası oğul toylu-büsatlı,
Bir parçası nəvə eşqli qanadlı,
Bir parçası qızlarından nigaran…
Ağuşunda qəzəbləri uyudan,
Dünyamızda hərb oyununu soyudan,
Ömrümüzə səpələnmiş bir ömür.

Ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir həsrət keçir. Yaşından asılı olmayaraq laylalı günlərinə qayıdırsan. Ananın birinci rəmzi onun iç dünyasını açan, portretini yaradan şirin laylalardır. Bəlkə də yeganə xalqıq ki, analarımız dünyaya gətirdiyi övladlarını layla ilə oxşayıb əzizləyirlər. Elə bizim muğamatımızın da, segahımızın da ilk notları ana laylalarından su içib. Gecənin sübhə qovuşan o, uzun və nəğməli yolu ana laylasıdır. Laylalar bizim ilk eşqimiz, fəxrimiz, qürurumuzdur.
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgüllər içində,
Şirin yuxu tapasan.

Hələ dünyanın adiliklərindən belə, xəbəri olmayan dilsiz körpələrin üzünə ilk təbəssümü gətirən də onları sevindirən də, onlara xoş hisslər aşılayan da ana laylasıdır. Gecənin şirin yuxusu hamını öz cazibəsinə alıb aparanda səhərədək göz qırpmayan analar körpəsi uyusun deyə beşik başında ayıq-sayıq dayanaraq layla deyir. Bu da bir ovqatdır, əvvəlcə beşik başında analar, sonra isə beşikdəki yavrular böyüyüb vətən sərhədlərində torpağın, millətin və nəhayət, anaların keşiyini çəkir. Qəribə oxşarlıq və bağlılıqdır. Yer üzünün ilk əsgəri analardır! İlk himni də ana laylası!
Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, onun ismi ilə “Ana vətən”, “Ana torpaq” “Ana dilim” deyirik.
Hər bir insanın geri qaytarılmayan bir borcu var. Bu borc ana borcudur. Yalnız hər bir ana bu borcu öz övladına ötürür, öz anasına qaytarmır. Lakin hər kəs öz anasına hörmətlə yanaşmalı, qayğı göstərməli, ömrünün sonunadək qulluğunda durmalı, nəvaziş göstərməlidir.
Uşaq bağçasından başlayaraq uşaqlarda anaya məhəbbət hissi tərbiyə olunmalı, məktəblərdə bu iş planlı, ardıcıl, sistemli şəkildə davam etdirilməlidir.
Bu yazının son sətirləri hamımız üçündür: “Analarımızın qədrini sağlığında bilək! Onların bizdən istədiklərini onlara verməyi əsirgəməyək. Öz övladlıq borcumuzu layiqincə yerinə yetirək. Unutmayaq ki, bu dünyadakı borclu olub, amma o borcu heç vaxt və heç cür qaytara bilməyəcəyimiz yeganə varlıq anamızdır! Allah analara can sağlığı, uzun ömür, fəxr edəcəyi övladlar və xoşbəxt günlər qismət etsin!
Xatirə Orucova,
İsmayıllı şəhər A. Aslanov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz