Gəncliyin yolu zirvəyə doğrudur

Müasir Azərbaycan gəncliyi ölkə idarəçiliyinin bütün sahələrində aparıcı qüvvəyə çevrilib. Gənclərimiz istər mədəniyyət, istər iqtisadiyyat, istərsə də siyasətdə öz fəallığı ilə seçilir. Bu dövlətin gəncliyə inam və qayğısından irəli gəlir. Son zamanlar dövlət tərəfindən gənclərin fəallığının artırılması yolunda silsilə, inkişaf yönümlü sərəncamlar imzalanır, tədbirlər həyata keçirilir.
Təhsil sahəsində də gənclərin rolu danılmazdır. İsmayıllı gəncləri də bu sahədə ən öndə gedən yerlərdədir. Son zamanlar keçirilən tədbirlərdən, qazanılan uğurlardan təhsil sahəsindəki gənclərin rolu aydın hiss olunur. Həmin uğurlarda A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Eminə Orucovanın əməyi də yetərincədir.
Eminə Orucova şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənləri üzrə metodbirləşmə rəhbəri, məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”nın vitse-prezidentidir. O, bu sahədəki işlərini də uğurla həyata keçirir. Eminə müəllimə məktəbimizin istər pedaqoji, istərsə də ictimai həyatında fəal və məhsuldar işləyir.
Eminə müəllimə şagirdləri ilə birlikdə bir neçə Respublika və dünya əhəmiyyətli layihələrdə iştirak etmiş və uğur qazanmışdır. Həmin layihələrdən biri 2012-ci ilin may ayında təqdimatı baş tutan İREX- Azərbaycan, Azərbaycan Yeni Media Layihəsi çərçivəsində keçirilən “Məktəb Şagirdlərinin Tədqiqat Layihəsi” müsabiqəsidir. Müsabiqə ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir. Bu müsabiqədə Eminə müəllimənin şagirdləri Zaur Ağazadə və Xəyalə Ələkbərova mümkün 3 yerdən ilk 2 yeri-I və II yerləri qazandılar. Eminə müəllimə isə qalib tədqiqat rəhbəri olaraq I yerə layiq görülərək netbukla, şagirdləri işə netbuk və rəqəmsal filipkamerayla mükafatlandırıldı. Bu nailiyyətlər “Azərbaycan müəllimi” qəzetində də işıqlandırıldı. Bundan başqa, Eminə müəllimə 2011-2012-ci dərs ilində öz şagirdləri ilə birlikdə Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” müsabiqəsində “Vətənim Azərbaycan” bloqu ilə iştirak edirdi.
2013-cü ilin ilk günləri də bizim məktəb üçün uğurlu oldu. Belə ki, yanvar ayının əvvəllərində Eminə müəllimənin şagirdi XI sinif şagirdi Seymur Səmədzadə “Nizami Gəncəvi-870” adlı Ümumrespublika İnşa Müsabiqəsinin qalibi olaraq II yerə layiq görülərək Təhsil Nazirliyinin Diplomu ilə mükafatlandırıldı. Bir neçə gündən sonra isə “20 Yanvar qan yaddaşımızdır” mövzusunda keçirilən müsabiqədə yetirməsi – X sinif şagirdi Səbinə Vəliyeva II yer tutaraq Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin Diplom və qiymətli hədiyyələrinə layiq görüldü.
Eminə müəllimənin şagirdləri Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Komitəsi, Birləşmiş Millətlər Assosiasıyasının, Dünya Federasiyasının Minilliyin Layihəsinin Azərbaycan Bölməsi, Azərbaycan Futuroloq Cəmiyyəti tərəfindən keçirilən “Gələcək nəsillərlə üz-üzə” mövzusunda II Ümumrespublika İnşa Müsabiqəsində “Əhali artımı və mövcud olan resurslar” mövzusunda inşa müsabiqəsinin qalibi olmuşdur. Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ailə Qadın Problemləri üzrə Dövlət Komitəsi Minilliyin Azərbaycan Bölməsi, İsmayıllı RTŞ tərəfindən Diplom və mükafata layiq görülüb.
X sinif şagirdi Bahar Əsədova “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilən bədii qiraət müsabiqəsində I olaraq Diplom və mükafatlara layiq görülüb.
E.Orucova həm özü, həm də şagirdləri məktəbin və rayonun ictimai tədbirlərində fəal iştirak edirlər. Eminə müəllimə İsmayıllı bələdiyyəsi, Rayon Təhsil Şöbəsinin əməkdaşlarının, məktəb rəhbərliyi və pedaqoji heyətin iştirakı ilə bu il Yeni il ərəfəsində rayondakı şadlıq evlərindən birində artıq təqaüdə çıxmış, əvvəllər bu kollektivdə çalışan, uğurlarımızda payı olan şəxslərin iştirak etdiyi bayram tədbirinin keçirilməsinə rəhbərlik etdi. Həmin tədbirdə artıq məktəbdə işləməyən, lakin daim öyrətmək eşqi ilə dolu olan qocaman müəllimlər iştirak edirdilər.
Eminə müəllimə mətbuatla daim sıx əməkdaşlıq edir. Belə ki, onun metodiki yazıları, iş təcrübəsini əks etdirən məqalələri, ictimai mövzulu esseləri “Azərbaycan Müəllimi”, ”Təhsil Problemləri”, ”Kurikulum”, ”İsmayıllı xəbərləri” və “Girdiman” qəzetlərində mütəmadi dərc olunur.
Eminə müəllimə bu il “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edir. Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarətdir. O, müsabiqənin ilk mərhələsini uğurla başa vuraraq II mərhələdə iştirak hüququ qazanıb. Və bu yaxınlarda müsabiqənin növbəti turunda iştirak edəcək. Bütün A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi adından ona bu çətin və məsuliyyətli işdə uğurlar arzulayırıq.
Gəncliyin yolu zirvəyə doğrudurGilas Musayeva,
məktəbin tərbiyə işləri üzrə direktor müavini

Şərh Yaz