Könül verib saza, sözə

Könül verib saza, sözə
1970-ci illərin əvvəli idi. Qəbələ rayonundakı Əmirvan kəndinə toya dəvətli idim. Uşaqlıq dostum Ağabala müəllimin toyu idi. Mağara keçib yerimizi tutduq. Mən musiqiçilər tərəfə baxdım və gözümə tanış üzlər dəydi, onlar həmyerlilərim idilər. Yaxın tanışlığım olmasa da, üzdən hamısını tanıyırdım. Aşığın kim olduğu ilə maraqlandım:
– Aşıq Yanvar, – cavabını aldım. Onunla da tanışlığım vardı, rastlaşanda salamlaşardıq. Az keçdi və aşıq meydana gəldi. Sazı sinəsinə alıb, toyxanada bir dövrə vurdu, kiçik bir giriş verdi. Birdən gözü mənə sataşdı, yaxınlaşıb mənimlə görüşdü, bir-birimizdən hal-əhval tutduq, məclis qızışdı. Yanvar onda çox gənc idi, buna baxmayaraq, məclisi ələ ala bilməsi, çalıb-oxuması hamını heyran etmişdi. Gənclərin: – Sağ ol ay aşıq, – deməsi gənc aşığı daha da ruhlandırırdı. Doğrusu, həmin toyadək Yanvarın məclis aparmasını görməmişdim. Xoşuma gəldi, lap təcrübəli aşıqlar kimi məclis aparırdı. O vaxtdan çox zaman keçib, çox sular axıb. İndi qarşımda 70-i başa vurmuş, saç-saqqal ağartmış bir şəxs oturur. Artıq illər öz işini görmüşdür…
Kiçik yaşlarından çalıb-oxumağa həvəsi olan bu oğlanın haçansa, görkəmli aşıq olacağını bəlkə də heç kəs təsəvvürünə gətirməzdi. O, evdə əlinə keçən hər şeyi saz təsəvvür edərək sinəsinə sıxaraq “çalırdı”. Evin adamları, əmioğlanları onun bu hərəkətlərini hər cür dəstəkləyir, onu daha da həvəsləndirirdilər. Çoxları:
– Bu uşaq deyəsən, rəhmətlik babasına çəkib, onun kimi aşıq olacaq, – deyə təkrarlayanlar heç də yanılmadılar, elə bil fala baxmışdılar.
Onun ata babası rəhmətlik Fətəli kişi görkəmli aşıq idi. Bu el sənətkarı nəinki İsmayıllıda, qonşu Qəbələ, Göyçay, Ağsu və digər rayonlarda da yaxşı tanınırdı. Xeyli gəncin toyunu çalıb onları səadətə qovuşdurmuşdur. Aşıq Fətəlinin oğlu Piralı (Yanvarın atası) aşıqlıq etməsə də heç də musiqidən uzaq adam deyildi. Onun zərb alətlərində yaxşı çalmağı, qavalla muğam və mahnı oxumağı da vardı. Doğma Tircanda, ətraf kəndlərdə Piralısız heç bir şənlik məclisi keçməzdi. Ata kiçik Yanvarda bu həvəsi görüb ona hər cür mənəvi dəstək göstərirdi…
Yanvar Piralı oğlu Bədəlov 1942-ci ildə rayonumuzun Tircan kəndində dünyaya göz açıb. Burada birinci sinfə gedib, 1959-cu ildə onuncu sinfi bitirdikdən sonra gənclər şəhəri olan Sumqayıta gedərək orada işləməyə başlayıb.
Şəhərin “İnşaatçılar” sarayının nəzdindəki bədii özfəaliyyət kollektivinə gəlir və buradakı aşıqlar ansamblının məşqlərində iştirak edir və tezliklə də onun fəallarından birinə çevrilir. Bu kollektivdə iştirakı aşıq sənətinin incəliklərinə yiyələnməkdə ona əməlli-başlı yardımçı olur.
Yanvar kiçik yaşlarından könlünü saza, sözə verib, yatanda da yuxuda özünü toy-düyünlərdə, el şənliklərində görürdü. O, babası aşıq Fətəlini, onun aşıqlıq etməsini görməyib. Uşaqlıq fantaziyası ilə özünü onun kimi, sinəsində saz məclis aparan, çalıb-oxuyan təsəvvür edirdi. Atasının xanəndəliyi də onun bu sənətə vurulmasına səbəb olmuşdur.
Yanvar Bədəlov söhbət zamanı uşaqlıq çağlarını yadına salır:
– Bu sənətin vurğunu olsam da öz sazım yox idi. Özümü aşıq sayırdım. Bax e, sazsız da aşıq olar? Elə bilirdim ki, əməlli-başlı aşığam. 1961-ci ildə atam mənə saz aldı, öz sazım oldu. Dünyanın xoşbəxtiydim, sazdan aralı qala bilmirdim, az qala gecələr də qoynumda saz, yuxuya gedirdim.
Y.Bədəlovun ustadı həmyerlimiz, məşhur el sənətkarı Aşıq Şamil Piriyev olmuşdur. Bu tanınmış ustad aşıq Yanvarın əmisinin qaynı idi. Tağlabiyandan Tircana gələndə onlara düşərdi. Axı atası Piralı saz, söz vurğunu idi, zərb alətlərində çalmağı, xanəndəliyi vardı. Aşıq Şamil bura gələndə Yanvargildə əməlli-başlı çal-çağır başlayardı. Bu məclislər balaca Yanvarın bu sənətə gəlməsinə yol açmışdır. Yanvar xüsusi olaraq aşıq yanında şagird qalmayıb. Aşıq Şamillə ünsiyyətdə olması ona çox şey verib. Onunla toy məclislərində çox olub və bu da Yanvar üçün əsil məktəb rolunu oynayıb. Yanvar ona əmi deyə müraciət etmişdir.
Yanvar 1964-cü ildə öz kəndlərində sərbəst məclis aparıb. Bu onun həyatında tarixi və unudulmaz bir gün idi. Bundan sonra onun sorağı respublikanın müxtəlif rayonlarında toy məclislərindən gəlib. Qubanın ucqar dağ kəndi olan Xınalıqda da bir neçə toyda olub və gedəndə bir neçə toy çalıb.
Yanvarın bu sənətə necə möhkəm bağlılığını onun öz sözləri daha yaxşı sübut edir. O deyir:
– İşdir, xəstələnsəm, hərarətim 39-dan yuxarı olsa, bu məqamda kimsə məni bir məclisə dəvət eləsə, onda mən xəstəliyimi unuduram.
O, özünü 1966-cı ildən tam, sərbəst aşıq sayır. 1967-ci ildə onu Tircan kənd klubunun müdiri vəzifəsinə təyin edirlər. Bir qədər keçir və kənddə mədəniyyət evi tikilir. Yanvar da pensiyaya çıxanadək (2012-ci il) mədəniyyət evinin direktoru kimi çalışır. Tərcümeyi-halından bəzi rəqəmlər:
1974-cü ildən İsmayıllı rayon Aşıqlar Ansamblının bədii rəhbəridir.
1984-cü ildən Respublika Aşıqlar Birliyinin üzvüdür.
Dəfələrlə respublika səviyyəli tədbirlərin iştirakçısı olmuş, diplom, medallarla təltif edilmişdir. Onu da qeyd edək ki, Aşıq Yanvar 1989-cu ildə Dağıstanda keçirilən Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət Ongünlüyünün iştirakçısı olmuşdur. Bir sıra dövlət tədbirlərində ifaçı kimi iştirak etmişdir. 1994-cü ildə Fransada “Şirvan aşıqları” festivalında qrupun bədii rəhbəri və ifaçısı olmuşdur. 2004-cü ildə 28 May Respublika Günü münasibətilə keçirilən I Respublika Aşıq Müsabiqəsinin qalibi olmuş, qiymətli hədiyyə və medala layiq görülmüşdür. Aşıq Şəmşir adına keçirilən gənc aşıqlar müsabiqəsinin münsiflər heyətinin üzvüdür. 2010-cu ildə Beynəlxalq Aşıqlar Festivalında iştirak etmiş, Mədəniyyət və Turizm Nazirliyinin I dərəcəli diplomuna layiq bilinmişdir. Rayonda keçirilən elə bir tədbir yoxdur ki, Aşıq Yanvar öz dəstəsi ilə orada iştirak etməsin, çalıb-oxumasın.
Aşıq Yanvar toylara getməyə başlayanda onu həmkəndliləri Əlibaba Əliyev və Alxan Yolçuyev müşaiyət etmişlər. Birincisi balabançı, digəri isə dəmtutan idi. Onlar birlikdə müxtəlif rayonlarda toy çalmışlar.
– Heç toylarda çətinliyə düşdüyün olubmu, bilmədiyin bir şey sifariş veriblərmi sənə? – deyə aşığa sual verirəm.
– 1992-ci ildə Şamaxının Udulu kəndində toyda idik. Ənnağı adında bir qoca mənə dedi ki, elə bir dastan danış ki, orada baba, ata və oğul iştirak etmiş olsun. Doğrusu, özümü bir qədər itirdim, fikirləşməli oldum və tapdım. Mənə Şah İsmayıl haqqında olan dastanı sifariş verilmişdi. Axı o, dastanda Şeyx Cüneyid, Şeyx Heydər və Şah İsmayıl haqqında söhbət gedir.
Neçə dastan, aşıq havası bilməsi ilə maraqlanıram. O, cavabında:
– 15-ə qədər dastan bilirəm, Şirvan aşıq havalarında aciz deyiləm, hardasa, 50-sini bilirəm. Bütün toylarda məclisin başlanğıcında “Şirvan peşrosu” havasını çalıram, bu mənim vizit kağızımdır. Bu musiqi nömrəsi özümündür.
Y.Bədəlov yüksək səviyyəli ifaçı olmaqla yanaşı yaradıcı aşıqdır. Onun “Şirvanlı Aşıq Yanvar” adlı kitabı işıq üzü görüb, Yanvar 200-ə qədər şeir və qoşmanın müəllifidir. Onun bu yazıları müxtəlif qəzet və toplularda nəşr edilmişdir. Bununla belə, aşığın özünə də həsr olunan bir sıra şeirlər vardır. Şair Şahməmməd Dağlaroğlunun Aşıq Yanvara həsr etdiyi silsilə şeirlərdən “Yanvara” təcnisi xüsusilə diqqəti cəlb edir:
Aşıq qardaş, halallıqla tər salıb,
Nifrət edib, yan baxırsan, yan vara.
El yolunda pərvanədən dərs alıb,
Yan xoş günə, yan bolluğa, yan vara.

Bərəkətdir, qurşağacan yağa qar,
Ötdü payız, yetişdi qış, yağ, a qar.
İldən-ilə saçlarına yağa qar,
Yüz dekabr ömrün verə yanvara.

Bir qayğıkeş müəllimsən Elmana,
Həyat sənə bir atadır, elm ana.
Aşıq olan söz xərcləyə, elm ana,
Mərifətdə bənzər ola Yanvara.

Dağlaroğlu, sev qaşları çatmasın,
Bir gəl yetiş, qəm yükünü çatmasın.
Gen dünyada mətləbinə çatmasın,
O kimsə ki, dost dərdindən yan vara.
Yanvarın yetirmələri də var. Altı nəfər gənc ondan aşıqlıq sənətini öyrənib. Onlardan iki nəfəri artıq respublika səviyyəli tədbirlərdə iştirak edir, toy məclisləri aparır.
Qoy sazın həmişə sinəndə olsun, sözün ürəyində qalmasın, Aşıq Yanvar!
B.Babayev

Şərh Yaz