Hüseyn Cavid – 130

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin iclas zalında Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilmişdir. Şərqin Şekspiri adlandırılan H.Cavidin Azərbaycan poeziyasında özünəməxsus yeri var. Onu dünya klassikləri olan Şiller, Höte, Şekspir və digərləri ilə müqayisə edirlər. Kimlərlə müqayisə olunsa da, Cavid öz xalqının əvəzedilməz, cəsur oğlu idi. Onun qəlbində xalqının ağrı-acılarını çəkən bir ürək döyünürdü. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı olmuşdur.
H.Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Onun dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları xalqımızın zəngin bədii fikir xəzinəsində özünə layiqli yer tutur. Teatr mədəniyyətimizin inkişafında Cavid dramaturgiyasının rolu böyükdür.
Tədbir başlanır və aparıcılar onun məqsəd və məramı barədə giriş verirlər. Sonra məktəbin dil-ədəbiyyat müəllimi Yasəmən Ağayeva çıxış edərək Cavid yaradıcılığı haqqında danışdı, onun əsərlərindən misallar gətirdi. Aparıcılar tədbir boyu tamaşaçılara şairin yaradıcılığı haqqında ətraflı məlumat çatdırdılar. Slaydlar vasitəsilə ekranda şairin həyatını əks etdirən video kadrlar nümayiş etdirilmişdir. Şagirdlər şairin əsərlərindən nümunələr söylədilər. Şagirdlərin ifasında şairin əsərlərindən parçalar tədbir iştirakçılarının alqışlarına səbəb oldu.
Səhnədə şairin əsərlərindən ibarət sərgi də təşkil edilmişdi.
Maraqlı keçən tədbir başa çatdı. Rayon təhsil şöbəsinin metodisti Sabir İsmayılov çıxış edərək H.Cavid yaradıcılığına toxunaraq, onun əsərlərinin gənc nəslin tərbiyəsindəki rolundan danışdı. O, tədbirin baş tutması üçün məktəb kollektivinin çəkdiyi zəhmətə görə onlara minnətdarlıq etdi və razılığını bildirdi. Sabir müəllim qarşıdan gələn Novruz bayramı münasibətilə hamını təbrik etdi.
RTŞ metodik kabinetin direktoru Hümbət Əsədov çıxış edərək belə tədbirlərin gənc nəslin tərbiyəsinə müsbət təsirindən söz açdı. O, tədbirin təşkilində əməyi və zəhməti olan hər kəsə, o cümlədən məktəb rəhbərliyinə təşəkkür etdi. Hamının bayramını təbrik etdi.
Onu da qeyd edək ki, bu tədbirə bəzi kənd məktəblərinin, həmçinin şəhər məktəblərinin kitabxanaçıları da qatılmışdı. Qonaqlar da belə tədbirlərin əhəmiyyətli olduğunu vurğuladılar, işin təşkilindən razı qaldıqlarını bildirdilər.
Məktəbin təşkilat işləri üzrə direktor müavini Elvüsal Babayev ünvanlarına deyilmiş xoş sözlərə görə qonaqlara təşəkkürünü bildirdi.
Şahin Gənciyev,
məktəbin müəllimi

Şərh Yaz