Yaddas kitabcasi

Mənəviyyat varlığımızdır

Hörmətli redaksiya, qəzetinizin 30 yanvar 2013-cü il tarixli sayında Respublikanın Əməkdar həkimi Şahmurad Şirəliyevin “Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq” başlıqlı yazını maraqla oxudum. Müəllif mənəvi tərbiyə məsələlərini həm tibbi, həm də pedaqoji aspektdən şərh etməyə çalışır. Yazının ən yaxşı cəhətlərindən biri də budur ki, hazırda məktəblərin fəaliyyətində ikinci plana keçən əxlaq və mənəvi tərbiyə məsələlərini indi nəinki pedaqoqlarımızı, həm də bütövlükdə ictimaiyyətimizi narahat edir. Məqalə müəllifi bu məsələləri oxucuların müzakirəsinə verməklə mühüm bir addım atıb. Ümid edirəm ki, təhsil işçilərimiz, bu sahə ilə maraqlanan ziyalılarımız məqalədə qoyulmuş məsələlərlə bağlı müzakirəyə qoşulacaq, münasibət bildirəcəklər.
Müasir məktəbin qarşısında cəmiyyətimizin çox mühüm tale yüklü məsələlərin həyata keçirilməsi problemləri durur. Təlim işi çox mürəkkəb bir proses olmaqla, iki əsas vəzifəni həyata keçirir. Bunlardan birincisi, təlim işi ilə ayrılmaz olan əxlaq və mənəvi tərbiyənin aşılanmasıdır. İkincisi isə, yetişməkdə olan gənc nəslin müasir dövrün tələblərinə uyğun biliklərlə silahlandırılır. Unutmayaq ki, tərbiyə bələkdən başlayır, uşaq bağçasında və məktəbdə davam etdirilir. Burada ictimaiyyətin rolunu da əsas götürmək lazımdır. Bu mənada hər bir dərs bizə müəyyən elmi biliklər verməklə yanaşı, əxlaqi vərdişlər, davranış mədəniyyəti və sair də aşılamalıdır.
Müəllifi narahat edən müasir gənclərimizin və yeniyetmələrimizin mənəvi, əxlaqi tərbiyəsi məsələləridir. Müəllif haqlı olaraq problemlə bağlı bir növ həyəcan təbili çalır, ictimaiyyətin, pedaqoqların bu məsələyə münasibət bildirmələrini dilə gətirir. Məqalədə xoşuma gələn odur ki, mövzuya həm tibbi, həm də pedaqoji nöqteyi-nəzərdən yanaşılır. Müəllif bu mövzuda fikir və düşüncələrini oxucularla bölüşmək istəyir. Uzun illərin pedaqoqu kimi mən də bu müzakirəyə qoşulmaq istədim.
Müəllif yazısında qeyd edir ki, hazırda məktəblər şagirdlərə yalnız elmi bilikləri verməklə işini bitmiş hesab edir, tərbiyə məsələlərinə az diqqət yetirirlər. Əslinə qalanda tərbiyə məsələləri hər müəllimin gündəlik işi olmalıdır. Bu işdə buraxılan səhvlər sonradan müəyyən fəsadlar törədə bilər. Hər gün televizor ekranlarında baxdığımız cinayət xəbərləri dediyimiz fəsadlara misal ola bilər.
Müəllif sonra qeyd edir ki, mövcud vəziyyəti dəyişmək üçün əxlaqi keyfiyyətləri özündə əks etdirə bilən əxlaq proqramı tərtib olunmalıdır. Onu tədris etmək üçün müvafiq ali məktəblərdə fakültələr açılsın. Dəqiq fənlərin hesabına əxlaq dərslərinə müəyyən saatlar ayrılsın.
Mən də təqaüddə olan müəllim kimi, məktəblərdə əxlaq və mənəvi tərbiyəyə geniş yer ayrılmasını istərdim. Bu sahədə mənəvi dəyərlərimizə söykənmiş geniş bir proqram qəbul edilməlidir. Orada həmin proqramın məqsəd və vəzifələri konkret aydınlaşdırılmalıdır. Müəllim bilməlidir ki, tərbiyənin məqsədi nədir, o, kimləri tərbiyələndirib həyata hazırlayır. O ki, qaldı əxlaq tərbiyəsinə ayrıca dərs saatlarının ayrılmasına, məncə bu, lüzumsuzdur, özü də dəqiq elmlərin hesabına. Bütün siniflərdə proqram elə tərtib olunmalıdır ki, orada dərslər şagirdlərə həm elmi, həyatı bilikləri aşılasın, həm də məktəbliləri tərbiyə etsin. Proqram və kitab tərtibində xeyli əziyyət çəkmək lazım gələcək. Bu əziyyətə qatlaşıb proqram və dərsliklərimizi yeniləşdirsək gələcəkdə çox şey qazanmış olarıq.
İndiki şagird gündəlikləri barədə bir neçə kəlmə: nəfis şəkildə tərtib olunub, məktəblilərin hüquq və vəzifələri göstərilib, təəssüf ki, orada məktəblilərin intizam qaydaları öz əksini tapmayıb. Odur ki, mövcud proqramlara yenidən baxılmalıdır.
Məlumdur ki, məktəblərdə tədris edilən ədəbiyyat dərsləri əslində elə yeniyetmələrin əxlaq tərbiyəsinə xidmət edən bir fəndir. Fənnin adı da “ədəb” sözündən götürülmüşdür və “ədəb, əxlaq, tərbiyə, bilik, mərifət və sair mənalarını ifadə edir. Demək istəyirəm ki, ayrıca əxlaq dərsinə, əxlaq kitabına ehtiyac yoxdur. İndi ədəbiyyat dərslərində çox zaman şagirdlər riyaziyyatdan və digər dəqiq fənlərdən test tapşırıqlarını yerinə yetirirlər. Necə deyərlər, hamı alim olmaq istəyir, adam olmaq, şəxsiyyət olmaq istəyən azdır. Bütün fənlərin tədrisi mənəvi dəyərlərimizin inkişaf etdirilməsi üzərində köklənməli olduğu halda, ədəbiyyat dərslərinin belə “tədrisi” kimə və nəyə lazımdır? Bu, biganəliyin nəticəsidir ki, şagirdlərimiz fikirlərini ifadə etməkdə çox çətinlik çəkirlər. Qəbul imtahanları test üzrə aparılır. Dəqiq və təbiət elmlərində bu üsul fayda verə bilər. Test imtahanlarına qarşı çıxmıram, lakin ədəbiyyatdan test imtahanları çətin ki, lazımi səmərə verə bilsin, buna inamım yoxdur. Axı ədəbiyyatın bir xüsusiyyəti də onun söz sənəti olmasıdır. Bədii ədəbiyyatda söz silah rolunu oynayır. Ədəbiyyatdan test imtahanına gedən məzun, döyüşə silahsız gedən əsgərə bənzəyir. Fikrini “hə”, “yox” sözləri ilə başa çatdırmaqla işini bitmiş hesab edir. İnşa yazılara məktəblərdə əhəmiyyətsiz iş kimi baxılır.
Əvvəllər məktəblərdə qiymət cədvəllərində şagirdlərə əxlaqdan beş balla qiymət verilirdi. Əxlaqdan aşağı qiymət alan şagirdlərə attestat verilmirdi. “Əxlaq” termini daha geniş məna ifadə etdiyi üçün sonralar “davranış” adı ilə adlandırıldı. Burada isə qiymətləndirilmə beş balla deyil, sadəcə olaraq “kafi” və “qeyri-kafi” ilə qiymətləndirilməyə başlandı. Məktəblilərin ayrı-ayrı yaş qrupları üzrə nümunəvi davranış qaydaları vardır. Kimsə, davranışdan qeyri qiymət alanda yoldaşları o, şagirdə başqa tərzdə baxırdılar. Şagirdlər yoldaşlarının və müəllimlərin qınağından ehtiyat edərək qaydaları pozmağa cəsarət etmirdilər. Məktəblilər kitabxanalarla əlaqə saxlayır, bədii ədəbiyyat oxuyurdular. Ayrı-ayrı siniflərdə sinifdənxaric oxu materialları verilirdi. Kitab müzakirələri, disputlar keçirilirdi. Belə müzakirələrdə bədii əsərdəki obrazlar təhlil edilir, onlara qiymət verilirdi. Tam orta məktəblərdə tərbiyə işləri üzrə direktor müavini fəaliyyət göstərir. Digər fənlərin tədrisində də tərbiyə məsələlərinin aparılmasına geniş imkanlar var.
Müasir məktəblər “cavanlaşmağa” döğru gedir, bununla belə o, gəncin ağsaqqal sözünə, məsləhətinə ehtiyacı vardır. Məlum olduğu kimi, müvafiq qərarla pensiya yaşına çatmış müəllim işdən uzaqlaşdırılır. Axı biz bununla illər boyu qazanılmış təcrübəyə, biliyə, tərbiyəyə arxa çevirmiş oluruq. Doğrudur, həmin qərarda səhhəti və hazırlıq səviyyəsi yüksək olan pedaqoqların hər il dəyişilən müqavilə ilə işdə saxlanması nəzərdə tutulsa da, burada həmin cəhətlər deyil, tamam başqa amillər ön plana keçir. Mən bunları təqaüddə olduğum üçün demirəm. Həmin qərardan bir neçə il əvvəl ərizəmlə işdən çıxmışam. Çox istərdim ki, savadlı, bacarıqlı gənclər yaşlı nəsli əvəz etsin. Belə gənclərimiz az deyil.
Məqalə müəllifi yazının sonunda mənəvi dəyərlərimizin Avropa və dünya mədəniyyətinə inteqrasiyasına toxunur. Dünya ölkələrinin qarşılıqlı əlaqələrinin genişləndiyi müasir dövrdə bu proses milli əxlaq və mədəniyyətimizin inkar edilməsinə gətirib çıxarmamalıdır. Böyük türk yazıçısı və mütəfəkkiri Gökyay türk xalqlarının Avropa mədəniyyətinə yaxınlaşması haqqında yazır ki, biz bu zaman Yaponiya təcrübəsini əsas götürməliyik. Yaponlar Avropa və dünya mədəniyyətinə qaynayıb-qarışarkən öz mədəniyyətini qoruyub saxladı. Nəticədə, öz əzəli kökü üstündə inkişaf edən mədəniyyəti daha da inkişaf edib cilalandı və yeni çalarlar qazandı.
Yazının sonunda bir daha mənəvi tərbiyəmizin müasir durumu üçün narahat olan Şahmurad həkimə toxunduğu bu məsələyə görə razılığımı bildirirəm. Pedaqoqlarımızın və digər ixtisas sahiblərinin müzakirəyə qoşulmasını istərdim.
Mənəviyyat  varlığımızdırHeydər Xəlilov,
təqaüddə olan müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz