Şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi yolları

Şagirdlərin tədqiqatçılıq  qabiliyyətlərinin inkişaf  etdirilməsi yolları
Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.
Heydər Əliyev

Ulu öndərin bu tövsiyəsinin həyata keçirilməsində müasir dövrdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Respublikamızda həyata keçirilən təhsil islahatı təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilib.
Yaşadığımız əsr kompyuter əsridir. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi dəyişikliklərin aparılmasını tələb edir. Bu dəyişikliklər özünü ümumi orta təhsilin məzmununda, təşkilində, strukturunda aparılmasını, dövrün tələbinə uyğun olaraq səmərəliliyin və keyfiyyətin olmasını tələb edir.Şagirdlərin tədqiqatçılıq  qabiliyyətlərinin inkişaf  etdirilməsi yolları

Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.
Heydər Əliyev

Ulu öndərin bu tövsiyəsinin həyata keçirilməsində müasir dövrdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Respublikamızda həyata keçirilən təhsil islahatı təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilib.
Yaşadığımız əsr kompyuter əsridir. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi dəyişikliklərin aparılmasını tələb edir. Bu dəyişikliklər özünü ümumi orta təhsilin məzmununda, təşkilində, strukturunda aparılmasını, dövrün tələbinə uyğun olaraq səmərəliliyin və keyfiyyətin olmasını tələb edir.
Müstəqil, yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran mühüm vəzifələrdəndir. Danılmaz faktdır ki, qabiliyyətli, istedadlı şəxslər cəmiyyətin aparıcı qüvvələridir. İstedad, demək olar ki, hər bir şagirddə var. Ancaq bu istedadın üzə çıxarılması, inkişaf etdirilməsi məktəbin, müəllimin üzərinə düşür. İstedad, ilk növbədə fəaliyyət prosesində təşəkkül tapır. Təlim prosesi nə qədər məqsədəuyğun qurulsa, şagirdin istedadı da bir o qədər tez üzə çıxacaq və inkişaf edəcəkdir. Deməli, hər bir şagirdin sirli, qəribə dünyasına ilkin olaraq müəllim daxil olur. Müəllim şagirdin qabiliyyətini düzgün müəyyənləşdirməkdə, ona fərdi yanaşmaqda, inkişafına düzgün istiqamət verməkdə yardım göstərir.
Bütün bunlar müəllimlərdən hər hansı bir fənnin tədrisində işini yüksək səviyyədə qurmağı tələb edir. Məncə, humanitar fənləri tədris edən müəllimlər isə daha böyük əzmlə bu işə girişməlidirlər. 42 ildir ki, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirəm. Pedaqoji fəaliyyətə başladığım ilk gündən işimə ciddi, məsuliyyətlə yanaşmışam. Lakin son illərdə tətbiq etdiyimiz yeni təlim texnologiyaları göstərdi ki, doğrudan da bir müəllim kimi həm fəaliyyətdə, həm düşüncə tərzimizdə böyük dönüş yaratmalıyıq.
Köhnə təlim formalarından uzaqlaşmalıyıq. Bu günün uşaqları dünənin uşaqları deyil, onların maraq dairələri də, dünyaya baxışı da, dərslərə münasibətləri də tam dəyişmiş, inkişaf etmiş formadadır. Deməli, zamanın, cəmiyyətin inkişafı ilə ayaqlaşmaq lazımdır. Təlim keyfiyyətini yüksəltməyə çalışan hər bir müəllim mənim fikrimcə, şagirdlərə fərdi yanaşmağı həmişə üstün tutmalıdır.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanda dilimizin öyrənilməsi, tədrisi, işlədilməsi və inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan dilinin öyrənilməsi və tədrisi bilavasitə təhsil müəssisələri ilə bağlıdır. Azərbaycan dilini və ədəbiyyatı öyrənərkən ayrı-ayrı bəhslərə yaradıcı yanaşmaq üçün fənn müəllimlərindən tədris prosesini canlı qurmaq tələb olunur.
Dərs prosesi elə canlı təcrübə meydanıdır ki, o, şagirdlərin və müəllimlərin bəzən özlərinə belə məlum olmayan müsbət və ya mənfi cəhətləri üzə çıxarır. Şagird və ya müəllim bir-birinin əməyindən bəhrələnə bilir. Dərsin yekununda müəllim şagirdlərin müzakirə və müşahidələrini cəmləşdirib müəyyən nəticələr əldə edir. Bu nəticələr şagirdlərin özü haqqında da, dərsdə tətbiq olunan yolların faydalılıq dərəcəsi haqqında da ola bilər.
Bu gün istedadlı şagirdləri üzə çıxarmaq və onlardakı bu qabiliyyəti inkişaf etdirmək üçün müxtəlif metodlar mövcuddur. Bunların içərisində şagirdlərin tədqiqatçılığa cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə, hər şagirdin istedadının, qabiliyyətinin məhz hansı sahəyə olduğunu müəyyən etmək lazımdır. Şagirdlərin bütün xüsusiyyətlərini nəzərə alaraq onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması üçün tədqiqatçılığa cəlb olunması faydalıdır.
Tədqiqatçılıq qabiliyyətinin düzgün istiqamətdə inkişafı gələcəkdə şagirdi böyük uğurlara aparıb çıxara bilər. Ancaq nəzərə almaq lazımdır ki, hər şagirdi tədqiqatçılığa, axtarışa cəlb etmək düzgün deyil.
Ümumiyyətlə, şagirdlərdə tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün hansı yollardan, metodlardan istifadə faydalıdır. Təcrübəmdən bilirəm ki, bu işdə müasir interaktiv təlim metodlarından istifadə etmək daha uğurlu nəticələrə gətirib çıxarır. Məsələn, layihə metodu bu işdə özünü daha çox doğruldur.
IX sinif şagirdlərinə 1-ci dərsdə Ə.Cavadın “Göy göl” şeirinin məzmunu üzərində iş tapşırılır. Şagird özü şeiri müstəqil şəkildə oxuyur, öz fikirləri əsasında təhlil edir, müəyyən nəticəyə gəlir. 1-ci dərsdə məqsəd şeirin məzmununun öyrənilməsi, ideya-bədii xüsusiyyətləri barədə ilkin təsəvvürün yaradılmasıdır. Vətənimizin təbii gözəllikləri ilə bağlı təsəvvürün dərinləşdirilməsi və zənginləşdirilməsi, vətənlə bağlı qürur hissinin zənginləşməsinə nail olunmasıdır.
Sinfə tədqiqat sualı ilə müraciət edirəm : Göygölə onlarca bədii əsərin həsr olunmasına səbəb nədir? Fərqli fərziyyələr eşidilir. Qarşımıza çıxan suallardan sualın doğru cavabını müəyyənləşdirməliyik . . . Bunun üçün tədqiqatın aparılması vacib məsələdir.
Tədqiqatçı şagird müstəqil olmalıdır. Şagird öz düşündüyünü sərbəst deməli, səhv olacağından çəkinməməlidir. Müstəqillik şagirdin gələcəkdə sərbəst söz, fikir demək qabiliyyətini üzə çıxarır. Bu həm dil dərslərində, həm də ədəbiyyat dərslərində tədqiqatçılıq imkanlarına geniş yol açır.
Fənlərarası əlaqə şagirdlərin tədqiqatçılıq qabiliyyətini ya hər iki fənn istiqamətində inkişaf etdirə bilər, ya da şagird özü üçün hansı fənnə dərindən yiyələnmək istədiyini, hansı fəndə özünü daha çox təsdiq edə biləcəyini kəşf edər.
C.Məmmədquluzadənin VIII sinifdə tədris edilən “Qurbanəli bəy” hekayəsini tədris edərkən şagirdlərə “Qurbanəli bəy” hekayəsinə çəkilmiş şəkillər tapşırılırsa, nəticədə, ilhamla işlənmiş bir rəsm nümunəsi yarana bilər. Yaxud S.Vurğunun “Ceyran” qoşmasının məzmunu üzərində iş aparan zaman şagirdlərə bu şeirə uyğun şəkil çəkməyi tapşırmaq olar. Vətənimizin bənzərsiz təbiəti, nadir heyvanları barədəki məlumatın zənginləşdirilməsi, tükənmək təhlükəsi olan nadir heyvanlara qayğının göstərilməsini, onların qorunmasının zəruriliyi barədəki təsəvvürün dərinləşdirilməsini aydınlaşdırmaq dərsin əsas məqsədi olmalıdır. Bununla bağlı ölkəmizdə mövcud olan nadir heyvanların və quşların rəngli şəkillərini çəkməyi şagirdlərə məsləhət görmək olar. İstedadlı şagirdlər dil dərslərində daha çox üzə çıxırlar. Bunun üçün də onları tədqiqata cəlb etmək lazımdır.
“Cümlə” bəhsini tədris edərkən “Xalq mahnılarında sadə cümlənin növləri” mövzusu ayrı-ayrı hissələrə bölünərək 3-4 şagirdə tapşırıla bilər. Məsələn, xalq mahnılarımızda nəqli, sual, əmr, nida cümlələrinin axtarışı ayrı-ayrı şagirdlərə tapşırılır. Beləliklə, müxtəlif materiallar alınır.
Nəticədə, şagirdlər Azərbaycan dilini mənimsəməklə yanaşı, həm də şifahi xalq ədəbiyyatının bir növü olan xalq mahnıları ilə dərindən tanış olur, şifahi xalq ədəbiyyatındakı sadə və dərin mənaları tapa bilirlər.
Şagirdlər tədricən tədqiqatın mərhələlərini mənimsəməlidirlər. Onlar bilməlidirlər ki, birinci mərhələdə materialları toplamaq, ikinci mərhələdə toplanan materialları ümumiləşdirmək və qruplaşdırmaq, üçüncü mərhələdə isə müəyyən bir nəticəyə gəlmək lazımdır. Məsələn: VI sinif şagirdlərindən biri “Xalq mahnılarında cümlənin məqsəd və intonasiyaya görə növləri” mövzusu üzrə tədqiqat aparmış, materiallar toplamış, müəyyən qruplaşdırmalar etmiş və nəticəyə gəlmişdir ki, xalq mahnılarımızda daha çox nəqli cümlələr işlənir.
Dərs prosesində şagirdi tanıdıqdan, onun hansı qabiliyyətə, istedada malik olduğunu müəyyənləşdirdikdən sonra sinifdənxaric tədbirlərə cəlb edirəm. Belə tədbirlərin əsasını isə ədəbiyyat, dram dərnəyi və müxtəlif yazılar, müsabiqələr təşkil edir.
Ümumiyyətlə, məktəbdə ədəbiyyat dərnəyinin olması istedadlı şagirdlər üçün vacibdir. Belə şagirdləri ayrı-ayrı fənn müəllimlərinin “kəşf etməsi” azdır, həm də onları bütün kollektivə təqdim etmək, tanıtmaq lazımdır ki, gələcəkdə cəmiyyətin önündə gedə bilsinlər. Oxumağa, yazmağa həvəsi olmayan, zorla “3” qiyməti alan şagird demək olar ki, dram dərnəyində oynadığı qəhrəmanların hesabına müəllim və şagird kollektivinin sevimlisinə çevrilə bilər. Hər hansı bir yolun, metodun vasitəsilə şagirdləri tədqiqata cəlb etmək işinə ilk növbədə müəllim böyük həvəs göstərməlidir. Humanitar fənn müəlliminin özü də tədqiqatçı olmalıdır.
Sonda onu demək istəyirəm ki, müəllim və şagirdə verilən 45 dəqiqəlik dərs vaxtı tədqiqatçı şagirdlər və müəllimlər üçün məhdud zamandır. İstedadlı və tədqiqatçı şagirdlər müxtəlif dərnəklərdə, disputlarda, şagird elmi cəmiyyətlərində birləşməli və qabiliyyətlərini orada inkişaf etdirməlidir. Belə şagirdlərin gələcəyinə inanmaq olar.
Arifə Bəşirova,
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz