Yaddas kitabcasi

Novruz şənliyi

Novruz şənliyiBu gün bəlkə də çox ailələrin və onların balaca fidanlarının, şənliyimizə rəngarənglik qatan digər balacaların yaddaşında unudulmaz tarix olacaq. Novruz şənliyimiz balaca, şirin aparıcılarımız, elə bahar kimi təravətli Nilufər və Səbinənin “Səməni “mahnısı ilə başladı.
İlk olaraq şənliyi Mərkəzin direktoru Lətifə Əliyeva açaraq balacaları necə çox sevdiyini, onlara və onların ailələrinə ən xoş və ülvi arzularını elə ürəkdən bildirdi ki, balacalar da, böyüklər də bir ağızdan “Çox sağ olun!” – dedilər.
Mərkəzimizdə əsl bayram əhval-ruhiyyəsini hiss olunurdu. Bu şənlikdə balacaların valideynləri, 5 nömrəli məktəbin 2-ci sinif şagirdləri, xüsusi qayğıya ehtiyaclı uşaqlar, idarə və müəssisə nümayəndələri, həmişə mənəvi və maddi dəstəkləri ilə yanımızda olan könüllülərimiz və bayramımızı öz musiqiləri ilə şənləndirən musiqi qrupu iştirak edirdilər. Şirin aparıcılarımız əvvəlcə Novruz bayramının tarixindən, onun əlamətlərindən, simvollarından, çərşənbələrdən danışdılar, Novruzla bağlı suallar verdilər, bütün cavablar elə iştirakçıların özlərindən alındı. Çərşənbələri təmsil edən 5 nömrəli məktəbin II sinif şagirdləri böyük sevinclə öz çıxışlarını gözləyirdilər. Sonra onlar çərşənbələrin əlamətlərindən və adət-ənənələrindən danışdılar.
Novruz bayramının əsas personajlarının Kosa və Keçəlin gəlişi isə uşaqların sevincini daha da artırdı. Onların məzəli söhbətləri, uşaqlarla oyunları bayramı daha da maraqlı etdi. Balacaların söylədikləri şeirlər, sağlamlıq imkanları məhdud Nicatımızın ifa etdiyi “Qaragilə” mahnısı və bir-birindən gözəl rəqslər bayrama daha şən əhval-ruhiyyə bəxş etdi. Bayramın sonunda iştirak edən bütün uşaqlara Mərkəz tərəfindən hədiyyələr, Novruz sovqatları paylandı, ailələrə ərzaq paketi təqdim olundu.
Gülnar Mikayılova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Şərh Yaz