Dostluq inkişaf edəcək

Dostluq inkişaf edəcək
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mart ayının 1-də Yaponiya hökumətinin Azərbaycan Respublikasındakı səfiri cənab Şusuke Vatanabeni xanımı ilə qəbul etdi. Heydər Əliyev Mərkəzində baş tutan bu görüşün ilk mərhələsi tanışlıq xarakteri daşıdı. Səfir İsmayıllı RİH başçısı M.Sadıqovu təyinat münasibəti ilə təbrik etdi, ona bu şərəfli və məsuliyyətli işdə uğurlar dilədi.
M.Sadıqov təbrikə görə təşəkkür etdi və bildirdi:
– Artıq bir neçə ildir ki, Yaponiya səfirliyi ilə rayon İcra Hakimiyyəti arasında yaranmış əməkdaşlıq və dostluq bu gün də uğurla davam etdirilir. Minnətdarlıq hissi ilə bildirirəm ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllı rayonunda icra edilən 11 layihə öz bəhrəsini verməkdədir. 12-ci layihə üzrə – şəhərdə uşaq bağçası tikintisi ilə bağlı işlər görülür.
Yaponiya hökuməti tərəfindən qədim yaşayış məskəni olan Lahıc qəsəbəsinin infrastrukturuna verilən dəyər bölgəmizdə turizmin inkişafına edilən köməklikdir. Demək olar ki, respublikamızda birinci olan və rayonumuzda tikilən məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu da səfirliyin maliyyə dəstəyi ilə icra edilmişdir.
Başçı rayonun bir neçə yaşayış məntəqəsində məktəb, uşaq bağçası, xəstəxana binalarının, su anbarının tikintisi, artezian quyularının qazılması, kanalizasiya xətti çəkilişi ilə əhalinin sosial durumunun yaxşılaşdırılmasına görə rayon ictimaiyyəti adından səfir Şusuke Vatanabeyə minnətdarlıq etdi.
Özünün və Yaponiya hökumətinin ünvanına deyilən xoş və səmimi sözlərə görə səfir M.Sadıqova dərin təşəkkürünü bildirdi, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf və davam edəcəyini vurğuladı.
Səfir İsmayıllı ilə İto şəhərlərinin qardaşlaşması məsələsini də söhbətin mövzusuna çevirdi, məsələdə qarşıda duran vəzifələr, əməkdaşlığın istiqamətləri müzakirə olundu. İto şəhərinin gözəlliklərindən danışan səfir onun coğrafi relyefi, əhalisi, insanların məşğuliyyəti və sair haqqında danışdı. O bildirdi ki, İto İtaliyada və İngiltərədə olan iki şəhərlə də qardaşlaşmışdır. İtoda İsmayıllı ilə qardaşlaşmaya müsbət münasibət vardır.
Söhbət zamanı Başçı səfirin Azərbaycan haqqında söylədiyi fikirlərdən qürur duyduğunu bildirdi, turizmin inkişafında Azərbaycan-Yaponiya dostluq əlaqələrinin önəmli səviyyəyə qaldırılmasının vacibliyi məsələsinə toxundu.
Rayonda işsizliyin aradan qaldırılması, tolerantlığın inkişafı sahəsində görüləcək işlərdən söhbət açıldı.
Başçı İsmayıllını hərtərəfli inkişafını təmin edəcək elmi konsepsiya üzərində işlədiyini qeyd etdi.
Səfir Yaponiyada sunami dəhşətlərinin yaşandığı vaxtı xatırlatdı və qeyd etdi ki, onda İsmayıllı ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkındakı “Yapon bağı”nı ziyarət etdilər, dərdimizə şərik olduqlarını bildirdilər. Zərər çəkənlərə görə Tanrıya dualar etdilər. Belə bir münasibəti yalnız ən yaxın dostlardan gözləmək olardı.
Görüşdə təbiəti qorumaq həyatı, bəşəriyyəti qorumaq kimi, söhbətin mövzusu oldu.
Sonda səfir Ş.Vatanabe Azərbaycanın İsmayıllı, Yaponiyanın İto şəhərləri arasında qardaşlaşma məsələlərini ehtiva edən müraciəti imzaladı. Səfirə Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvləri tərəfindən hazırlanmış tablo və əl işi olan xalça hədiyyə olundu. Başçı M.Sadıqov Ş.Vatanabeni ailəliklə Lahıc qəsəbəsindəki evinə qonaq dəvət etdi. Səfir səmimi qəbula və dəvətə görə minnətdarlığını bildirdi.
Tədbirdə RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əzizə Vahabova və rayon təhsil şöbəsinin müdiri Rasim Orucov iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz