Gənclərlə görüş

Gənclərlə görüş
Mart ayının 5-də İsmayıllı Olimpiya-İdman Kompleksində RİH başçısı Mirdaməd Sadıqovun gənclərlə görüşü oldu. Bayramsayağı görkəmdə olan idman ocağında həmin gün əsil qələbəlik idi. 1000-dən artıq gəncin uğurları gündən-günə artan Olimpiya-İdman Kompleksində toplanması, hər birinin yüksək əhval-ruhiyyədə olması birmənalı şəkildə ölkənin inkişafını, etibarlı gələcəyini əks etdirirdi. Görüşdə gənclərlə iş sahəsində fəaliyyət göstərən müvafiq idarə və təşkilatların da nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli gənclərin quruculuq illərində həmişə ön sırada durduğunu və Azərbaycan gəncliyinin çox fədakar bir zümrə olduğunu vurğuladı, gənclərin ölkəmizin inkişafı üçün hər cür fədakarlığa, qəhrəmanlığa hazır olduqlarını qeyd etdi. O bildirdi ki, rayon əhalisinin 22060 nəfəri gənclərdir. Onlardan 4 min nəfərdən çoxu idmanla məşğul olur. İdmanın 17 növü üzrə 31 qrup fəaliyyət göstərir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatları vurğulayan başçı ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini dedi. O, Prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd etdi. Başçı bildirdi ki, gənclərimiz bu gün rayonun iqtisadi inkişafı yollarını aramaqda qüvvə və bacarıqlarını nümayiş etdirməlidirlər. Bu sahədə bilik, bacarıq nümayiş etdirənlərin müvafiq işlə təminatı gerçəkləşəcək. Rayonda gənclərdən ibarət intellekt mərkəzi yaradılacaq. Gənclərlə görüşBu mərkəz savadlı gənclərimiz üçün hünər meydanına çevriləcək. Burada özünü təsdiqləyən gənclər rayonun idarə və təşkilatlarının, müəssisələrin aparıcı kadrlarına çevriləcəklər.
Başçı rayonda ASAN xidmət üçün yaxın vaxtlarda inzibati bina tikiləcəyini açıqladı. Bu binada bir sıra xidmətlərin sivil qaydalarla aparılacağından danışdı. Qeyd olundu ki, bu xidmət mərkəzində bilavasitə gənclərin çalışacağı nəzərdə tutulur.
Gənclərin maraq dairəsinin geniş olduğuna istinad edən başçı rayonda turizmin, aqrar sahənin iqtisadi təməl üzərində qurulmasından danışdı. O, təbiətin, ekoloji prinsiplərin qorunması məsələlərinə də münasibət bildirdi.
Çıxış edən gənclərdən Günel Ağazadə qeyd etdi ki, rayonda qadınların, xüsusən də gənc qızların əmək məşğulluğu istiqamətində əsaslı işlər görməyə ehtiyac vardır. Hikmət Əhmədov veteran idmançı kimi, idmançılar günündə tədbir iştirakçılarını salamladı. Bir pəhləvan olmaqla 43 illik təcrübəsində qazanılan uğurlardan, yetirmələrindən, onların işlə təminatında olan problemlərdən danışdı. Abid Həmzəyev İsmayıllıda sağlam, güclü gənclərin yetişməsindən söz açdı. Kəndlərdə yaşayan gənclərin potensialını araşdırmaq məqsədi ilə onların bir sıra yarışlara cəlb olunması məsələsinə toxundu. Çoxmübarizəli döyüş növü üzrə Avropa çempionu Bayram Qəhrəmanov məşqçi idmançıların da diqqətə ehtiyac duyduqlarını söylədi. Fərid İbrahimov ümidverici idmançıların beynəlxalq yarışlarda iştirakına dəstəyin vacibliyindən danışdı. Uşaq və Gənclər İdman Məktəbinin futbol üzrə məşqçisi Tərlan Vahidov idmanın bu növünə diqqətin artırılmasını zəruri saydı.
Uşaq İncəsənət Məktəbinin müəllimi Cavid Bədəlov məktəbin əsaslı təmirə ehtiyacı olmasından, təlim üçün musiqi alətlərinin, tədris üçün kifayət qədər sinif otağının olmamasından danışdı.
Pərvinə Mahmudova rayonda xarici dil kursları açılması təklifi ilə çıxış etdi. Xarici dillərin öyrənilməsinə xüsusi önəm verən M.Sadıqov bir sıra idarə və təşkilatların iclas zallarında belə kursların təşkil olunması ilə bağlı tapşırıqlar verdi.
Gənclərlə görüşQalınçaq kənd məktəbinin XI sinif şagirdi Qadir Mehdizadə oxuduğu, 400 şagirdi olan məktəbdə 6 kompyuter olması barədə məlumat verdi. Bu halın acınacaqlı olduğu bildirildi və çalışqan şagird olduğundan Q.Mehdizadəyə kompyuter bağışlandı. Şəhər 6 saylı tam orta məktəbinin şagirdi İsmayıl Faxtıyev məktəbin idman zalının istifadəyə yararsız vəziyyətdə olmasını, qış aylarında məktəbin normal qızdırılmadığını söylədi.
Görüşdə gəncləri əhatə edən çoxsaylı məsələlərə diqqət ayıran Başçı azyaşlı, eləcə də məktəb yaşlı uşaqların dini məsələlərə cəlb edilməsində neqativ məqamlara toxundu.
Qarşıda duran böyük vəzifələrin həyata keçirilməsində gənclərin aparıcı qüvvə olmasını bir daha xatırladan Başçı onları mübarizliyə işgüzarlığa səslədi. İsmayıllı gənclərində milli vətənpərvərlik ruhunun yüksək olduğunu fəxrlə qeyd edən M.Sadıqov şəhər ərazisində salınacaq parklardan birində tarixi şəxsiyyət olmuş Cavanşirin heykəli ucaldılacağını bildirdi. Gənclərimizin mübariz ruhda tərbiyəsi üçün belə bir abidə əhəmiyyətlidir və yerini tutacaqdır.
Görüşdən razılıq əlaməti olaraq gənclər iclas zalını alqış sədaları ilə tərk etdilər.
Görüşün əsas məqsədi rayon gənclərinin problemlərinin öyrənilməsi və onların respublikanın ictimai həyatında daha yaxından iştirak etmələrinə, rayonda həyata keçirilən tədbirlərdə fəal olmalarına şərait yaratmağa yönəldilmişdi. İrəli sürülən təkliflərin bir çoxunun yaxın günlərdə müzakirə edildikdən sonra icrasına başlanılacağı diqqətə çatdırıldı.
Ş.Soltanov

Şərh Yaz