Məsələlərə müdrikliklə yanaşmalıyıq

Məsələlərə müdrikliklə yanaşmalıyıq
Mart ayının 5-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Quşencə kəndində səyyar qəbul-görüşü keçirildi. Quşencə kənd tam orta məktəbinin akt zalında baş tutan görüşdə 240 nəfərə yaxın kənd sakini, rayonun xidməti idarə və təşkilatların, müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdi.
Başçı görüşdə iştirak edənləri salamladı, özü haqqında tanışlıq xarakterli bəzi məlumatları diqqətə çatdırdı.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Quşencə kənd inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi Yaşar Şirəliyev İƏD haqqında məlumat verdi.
Qısa arayış:
Quşencə İƏD-i 807 təsərrüfatdan ibarət olmaqla, Quşencə, Zoğallıq, Balik və Enişdibi kəndlərini əhatə edir. Təsərrüfatlardan 546-sı Quşencənin, 116-sı Zoğallığın, 112-si Balikin, 33-ü isə Enişdibinin payına düşür. Quşencənin 2229 nəfər, Zoğallığın 531 nəfər, Balikin 454 nəfər, Enişdibinin isə 143 nəfər sakini vardır. Əhali ümumilikdə maldarlıq və əkinçiliklə məşğuldur.
İƏD-in ərazisində 1158 hektar dövlət torpağının 1141 hektarı meşə, 17 hektarı isə sair torpaqlardır. 2154 hektar bələdiyyə torpağından 65 hektarı əkin, 1149 hektarı örüş, 779 hektarı kolluq, 144 hektarı isə istifadəyə yararsız sahələrdir. Xüsusi mülkiyyətdə olan torpaq sahəsi 1617 hektardır. Bunun 1412 hektarını əkin, 195 hektarını həyətyanı torpaq, 16 hektarını üzüm sahələri təşkil edir. İƏD-də 2011-ci ildə əkinə yararlı torpaqların 1240 hektarı, 2012-ci ildə 1280 hektarında taxıl əkilmişdir.
Göstərilən kəndlər üzrə təsərrüfatlarda 2430 baş iri buynuzlu mal-qara, 2966 baş qoyun-keçi, 5498 baş ev quşu bəslənilir.
Ərazi üzrə statistik məlumatları dinlədikdən sonra başçı M.Sadıqov yerdəki problemlərlə maraqlandı. Çıxışlardan məlum oldu ki, İƏD-dəki kəndlərin hamısında yol, su, işıq, əmək məşğulluğu problemləri vardır. Yaxın ətrafdakı kəndlərin əksərində təbii qazdan istifadə olunduğu halda, Balik kəndində hələ də yanacaqdan istifadə üçün meşələri qırmaq məcburiyyətindədirlər. Adları çəkilən kəndlərin heç birində elektrik montyoru yoxdur. Fərdi evlərin tikilməsi üçün həyətyanı torpaq sahələrinin alınmasında çətinliklər mövcuddur.
Məsələlərə müdrikliklə yanaşmalıyıqÇıxışlarda maddi durumu, mənzil şəraiti aşağı olan ailələrin təmsilçiləri onlara maliyyə yardımı olunmasını dilə gətirdilər. Ərazidə münasib iş yerləri açılmasını xahiş edənlər də oldu.
Başçı qeyd etdi ki, mövcud şəraitdə məsələlərə müdrikliklə yanaşmaq lazımdır. Bir qədər fəal insanlar işlərini elə qurmalıdırlar ki, təsərrüfat idarəçiliyini zəif bilənlər onlardan nümunə götürsünlər və ya qüvvələrin birləşdirilməsinə üstünlük versinlər. Çətin anlarda halallıq zəminində qüvvələrin cəmləşdirilməsi, münasibətlərin səmimiliyi həmişə faydalı olmuşdur.
Çıxış edənlərin sırasında dövlətdən aldığı kredit hesabına təsərrüfat sahibinə çevrildiyini deyən, ona qoşulan bir neçə ailənin də çalışaraq özünə güzəran yaratmasından danışan da oldu.
Başçı görüşdə qaldırılan problemlərin həllini aidiyyəti təşkilatların rəhbərlərinə tapşırdı. İƏD üzrə işsizliyin aradan qaldırılması yollarının araşdırılması istiqamətində əməli iş görmək üçün aidiyyəti təşkilatlara tövsiyələr verdi.
Ş.Soltanov

Şərh Yaz