Halallığın zirvəsində

Halallığın zirvəsindəDünyaya göz açanda ilk dəfə Əhən kəndini görən bir həmyerlim haqqında fəxr edərək, qürur duyaraq danışmaq istəyirəm. O, yeniyetmə vaxtından həyatının ən kiçik şirinliyini də böyük zəhmətlər, əziyyətlər bahasına qazanıb. Bu insan Əhən kənd sakinlərinin, ismayıllıların bu gün fəxrlə adını çəkdikləri Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Səfərəli İbrahim oğlu Məmmədovdur. O, 1929-cu ildə dağlar qoynunda doğulub. Dağların əzəmətinə, vüqarına söykənib boya-başa çatıb. Taleyinə müharibənin ölçüyəgəlməz ağrı-acısını görmək düşüb. Az yaşı ilə kolxozun ən çətin işlərində çalışıb. 1947-ci ildə Bakıya gəlib. 15 nömrəli texniki peşə məktəbinə daxil olub. Buranı bitirdikdən sonra onu Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin idarəsində işə götürüblər. Əmək kitabçasında yeganə bir iş yeri də elə bu idarənin adıdır. 50 ilə yaxın müddətdə doğma trestində çalışıb, şan-şöhrətə də burada çatıb. Bənnalıqla məşğul olub, daş yonub evlər tikib, insanlara isti ocaq, sevinc, xoşbəxtlik bəxş edib.
Səfərəli müəllimin başçılıq etdiyi briqada Bakıda yeni yağ zavodunda, yeni Bakı Neftayırma zavodunda, Kondisioner zavodunda və başqa mühüm dövlət əhəmiyyətli binaların tikintisində çalışıb. 8-ci kilometr adlanan qəsəbənin yaşayış binalarının bünövrəsini qoyanlardan biri olub. ”Əmək insanı ucaldır” deyimi sanki Səfərəli Məmmədov haqqında söylənilib. Nə qışın sərt soyuğu, nə yayın qızmar günəşi onu öz işindən usandırmayıb. Bakının mərkəzində yerləşən ən gözəl binaların ucaldılmasında onun zəhmət payı olub. Onun gənclik illərində aldığı ilk mükafatlar iki dəfə Azərbaycan Ali Sovetinin Fəxri fərmanı olub, sonra Lenin ordeni, Sosialist Əməyi Qəhrəmanı, Bakı şəhərinin fəxri vətəndaşı, respublikanın əməkdar inşaatçısı, Oktyabr İnqilabı Ordeni, SSRİ Dövlət Mükafatı Laureatı kimi ən mötəbər fəxri adlara layiq görülüb. Sadə bir peşə adamının bu qədər fəxri ada layiq görülməsi halallığın, elinə-obasına, xalqına bağlılığın nəticəsidir. Onun keçdiyi ömür yolu çoxlarına örnək olub.
Əhən kəndinin yetirməsi, SSRİ Dövlət Mükafatı Laureatı fəxri adına Səfərəli müəllimdən savayı Əhliman Qasımov da layiq görülüb.
“İki sahil” qəzetində Səfərəli müəllim haqqında yazılmış “Hər binada nişanəm var” adlı məqalədə bəzi sətirlər gözümə sataşdı. Oxudum və onun nə qədər böyük bir insan olduğunun bir daha şahidi oldum:
“…1972-ci ildə Moskvada Zaqafqaziya respublikalarının 10 günlüyü keçirilirdi. Mayın 26-da Heydər Əliyev gəldi Moskvaya, getdik onunla görüşməyə. Mən hələ o vaxtlar fəxr edirdim ki, başqa respublikaların birinci katibləri Heydər Əliyevin ətrafına yığışırdılar. Heydər Əliyev mənimlə görüşəndə zarafat etdi ki, Məmmədov sən burada neynirsən, inşaat işləri çox qabağa gedir, sən gəlmisən bura? Sonra dedi ki, mən göstəriş vermişəm Moskva prospektində meyvə-tərəvəz bazası tikiləcək. Sən o obyektdə işləməlisən. Oktyabrın 1-də qırmızı lenti kəsməliyik. Onda biləcəyəm ki, sən doğrudan da qəhrəmansan. Nə isə, Bakıya qayıdan kimi həmin obyektin tikintisinə başladıq. Heydər Əliyev həmin tikintiyə iki dəfə gəldi. Oktyabrın 1-də artıq bina hazır idi. Heydər Əliyev ayın 3-də gəldi, qırmızı lenti ikimiz kəsdik. O əlini mənim kürəyimə vurub dedi ki, çox sağ ol, bu obyekt Gürcüstanda üç ilə tikilib, bizdə isə beş ay müddətinə tikildi…
1982-ci ildə Bakı şəhərinin fəxri vətəndaşı seçildim. O vaxt, L.İ.Brejnev Bakıya gələndə böyük sənətkarımız Rəşid Behbudovla mən “Bakı şəhərinin fəxri vətəndaşı“ medalını Brejnevə təqdim etdik…
Yaxşı günlər görmüşəm. Həmişə də işimlə fəxr etmişəm. Öyünmüşəm ki, tikdiyim binalar Bakı şəhəri üçündür. İndi hərdən tikdiyim binaların yanından ötəndə qürur hissi keçirirəm. Bir anlıq həmin binaların özülünü qoyduğumuz günlərə qayıdıram”.
Bu məqaləni dəfələrlə oxumuşam. Belə bir insanı şəxsən gördüyüm və tanıdığım üçün sevinirəm. Düşünürəm ki, zahirən çox təvazökar, sadə qəlbli, şux zarafatları ilə hamının ürəyində sevinc işığı yandıran, ovuclarından ömrünün zəhmət cığırları keçən şərəfli və keşməkeşli ömür sürən, halallığın zirvəsində yer tutmuş bu ağsaçlı şəxsiyyət haqqında nə qədər yazsam da azdır. Onun layiq bildiyi yüksək fəxri adlar, təriflər qarşısında mənim yazdıqlarım sıravi sözlərdir.
Hazırda Səfərəli müəllim aramızda yoxdur. Ömür vəfa etmədi. Biz 2010-cu ilin ilk yaz günündə – martın 22-də bu gözəl insanı həmişəlik itirdik.
Ruhu şad olsun. Allah rəhmət eləsin.
M.Hacıyeva

Şərh Yaz