Hüseynqulu Sarabski Basqalda

Basqalda keçmişin acılı-şirinli hekayətlərini açılmamış bir dəfinə kimi sinəsində saxlayan möhkəm yaddaşlı qocalar yaşayırdı. İllər ötdükcə onların görüb şahidi olduğu əhvalatlar tarixə dönür, qəlbə yatan xoş bir nağıl kimi insanı valeh edir.
Əlisina Əzizov Basqalın uzunömürlülərindən idi. Müxtəlif vəzifələrdə – kənd istehlak cəmiyyətinin sədri, klub müdiri, kənd sovetinin sədri, süd emalı məntəqəsinin müdiri işləmişdi. O, gözəl tar çalır, cavanlıqda isə kənd həvəskarları ilə birlikdə tamaşalara quruluş verir və baş rollarda çıxış edirmiş.
Hüseynqulu  Sarabski  Basqalda
1981-ci ildə, ölümündən bir neçə ay əvvəl Ə.Əzizov mənə səhnə ilə bağlı xatirələrini söyləmişdi. “Zəhmətkeş” qəzetində mən bu söhbət haqqında “Şirin xatirələr” adlı məqalə dərc etdirmişdim.
Basqal istər iqtisadi, istərsə də ictimai həyatı ilə Şamaxı qəzasının başqa kəndlərindən fərqlənirdi. Buranın hər cür şəraiti olan əttar, baqqal, əllaf dükanları, gur bazarı, buz kimi sərin suları, istirahət üçün meşələri, bağları var idi. Qəsəbə istedadlı, igid oğlanları ilə də məşhur idi. Basqallılar xalq şənliklərini təmtəraqla keçirər, hətta teatr tamaşaları belə göstərərdilər.
Basqalda həyat qaynayırdı. 20-ci illərin əvvəlində yeni quruluşa böyük ümid bəsləyən əhali arasında nikbin əhval-ruhiyyə hökm sürürdü. Küçə və meydanlar izdihamın canlanmasından qaynar qazana bənzəyirdi. Qəsəbədəki karvansara axşamlar furqon, dəvə, atla ətraf yerlərdən gələn tacirlərlə dolu olardı. Karvansaranın rahat otaqları, yeməkxanası və çayxanası vardı. Axşamlar otaqlarda yerli və gəlmə musiqiçilər çalıb oxuyardılar.
“Oyun çıxarmaqda” səriştəsi olan, məzəli-duzlu söhbətləri indi də dillərdə gəzən şair təbiətli şərbaf Sədi Əlifzadə belə çox gediş-gəlişi, camaatın marağını nəzərə alıb, Basqalda tamaşa vermək üçün ümid bəslədiyi bir neçə gənci – Cəbrayıl Əliyevi, Əlisina Əzizovu, Məqatil Axundovu, Əllam Axundovu, Əliyusif Tağıyevi, Cabbar Şıxıyevi, Abbasqulu Cəfərovu, Mirzəbala Zöhrabovu və başqalarını bir yerə toplayıb vəcdlə dedi:
– Bizim basqallılar çox arif camaatdır. Qonaqlarımız da çoxdur. Gəlin, bir tamaşa hazırlayıb xalqa göstərək.
Rus və Azərbaycan dillərində yaxşı savadı olan, nitq mədəniyyəti və gözəl bədii qiraəti ilə fərqlənən, sonralar, ömrünün axırına kimi müəllim işləyən Cəbrayıl Əliyevdə dramaturqlardan M.F.Axundovun, N.Nərimanovun, Ə.Haqverdiyevin, N. Vəzirovun və başqalarının dram əsərlərindən ibarət kitabları vardı. Uzun məsləhətləşmədən sonra yerli aktyorlar M.F.Axundovun “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının üzərində dayandılar.
Gərgin, lakin maraqlı keçən məşqlər başlandı. Geyim, qrim, dekorasiya lazımi səviyyədə deyildisə də, həvəskar aktyorlar cani-dildən məşqlər edir, rolları təbii aparmağa səy göstərirdilər.
Əlisina Əzizov tamaşanın müvəffəqiyyətindən bəhs edərək deyirdi:
– Bir neçə qoca arvadı dilə tutub onların kofta-tumanını iki günlüyə aldıq. Son məşqin gedişi göstərdi ki, tamaşanı göstərmək olar. Mən, Molla İbrahimxəlil kimyagər, Sədi Əlifzadə dərviş Abbas, Abbasqulu Cəfərov Molla Həmid, Məqatil Axundov isə Hacı Nuru rollarında çıxış edəcəkdik. Bizə elə gəlirdi ki, hər şey yerli-yerindədir: fırıldaqçı kimyagərlərin saç-saqqalı da, onların geyimi də, hərəkətləri də, danışıqları da.
Birdən diksinmiş kimi, Abbasqulu yerindən qalxıb həyəcanla soruşdu:
– Əcəb balaca məsələni nəzərə almamışıq. Bəs tamaşanı harda göstərəcəyik?
Sədi Əlifzadə qəşş edincəyədək güldü və dedi:
– Bu ona bənzəyir ki, adamları yığasan ki, sizi qonaqlığa aparıram. Boş qabları Molla Nəsrəddin kimi göstərəsən və deyəsən: – əziz qonaqlar, əlimiz boş, üzümüz qara olmasaydı, sizə bu qablarda ləzzətli yeməklər verəcəkdim…
Xeyli götür-qoy edib tamaşanı karvansaranın böyründəki yemək salonunda verməyi qərara aldıq. İlk səhnə təşəbbüsümüzün yaxşı nəticələnməsindən həvəslənib biz daha sonra N.Nərimanovun “Bahadır və Sona”, “Şamdan bəy”, C.Məmmədquluzadənin “Ölülər” pyesini də həmin geniş və əlverişli salonda göstərdik…
1921-ci ilin xoş rayihəli bahar günləri idi. Birdən xəbər yayıldı ki, Azərbaycan opera sənətinin görkəmli xadimi, istedadlı ifaçı Hüseynqulu Sarabski bir dəstə bakılı aktyorla Basqala gəlir. Qonaqları qarşılamaq üçün qəsəbənin fəalları Əhməd bağına qədər çıxmışdılar.
Həmin gün H.Sarabski həvəskar artistləri toplayıb onlara ifaçılığa aid dəyərli məsləhətlər verdi, qrimdən və dekorasiyadan düzgün istifadə etməyi öyrətdi. Artıq tamaşa vermək üçün yuxarı məscid hərtərəfli uyğunlaşdırılmışdı. Geniş tamaşa zalı, səhnə, qrim otağı, hətta orkestr üçün çala da professional qaydada düzəldilmişdi.
H.Sarabski Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının məşqində də iştirak etmişdi. Təbiidir ki, həvəskarlar qadın rollarını kişilərin ifasında göstərmək məcburiyyətində qalırdılar. Cəbrayıl müəllim Cahan xala, Əlisina Əzizov Gülçöhrə rolunda çıxış edirdilər.
O zaman Basqalda Əzi, Sahab, Səmid, Mirzə Babayev qardaşlarından ibarət balabançılar və xanəndələr dəstəsini nəinki Şirvan mahalında, Gəncədə, Tiflisdə tanımayan yox idi. Sahab kişinin zil səsi, uzun nəfəsi və güclü zənguləsi hamını heyran edirdi. Hətta zil pərdələrə qalxanda belə onun sifətində, üzündə heç bir dəyişiklik görünmürdü. Diksiyası olduqca aydın, həm də rəvan idi. Sahab Babayev sürəkli, coşqun zəngulələrlə muğamın zilinə qalxıb balabanın son pərdələrində ustadlara məxsus guşəxanlıq etdikcə həmişə məclisi alqış sədaları bürüyürdü.
Əzi Babayev balaban, Mirzə qoşanağara, Qüdrət Abdulov nağara, Səyyarə İsgəndərova qaval çalır, Səmid züy tuturdu. O zaman ətraf mahallarda bu mahir ansambla tay olar musiqi kollektivi tapmaq çətin idi.
Əzi, Mirzə, Sahab, Səmid qardaşları obadan-obaya, eldən-elə dəvət olunar, toylarda çalar, oxuyardılar. Müharibədən əvvəl, həmçinin müharibənin ilk illərində bu tanınmış ailə ansamblının şöhrəti Basqaldan xeyli uzaqlara yayılmışdı. Bir qayda olaraq, toy başlamazdan əvvəl zurnaçılar dəstəsi toy evinin damına, yaxud yaxınlıqdakı hündür yerə – təpəyə çıxaraq zil səslə müxtəlif el havalarını coşqunluqla ifa edərdilər. Onlar bununla toyun başlandığını camaata xəbər verirdilər. Basqalda toylar üç gün, üç gecə davam edərdi.
Zurna-balabançılar dəstəsi Basqalda keçirilən bütün ictimai tədbirlərdə, konsertlərdə, şənliklərdə hamının arzuolunan qonağı idi.
Bu ansamblın müşayiəti ilə komediyadakı musiqi parçalarını oxuyarkən H.Sarabski son dərəcə təmkinlə ifaçıları ara-sıra saxlayır, nümunə üçün özü oxuyur və dəfələrlə onları təkrar etdirirdi…
– Basqalda üç gün qaldıqdan sonra, – deyə Əlisina kişi söhbətinə yekun vurur, – hörmətli aktyor bizimlə vidalaşdı. Biz ondan çox şey öyrəndik. On gündən sonra isə Sarabskinin vəd etdiyi hədiyyələri – dekorasiya ləvazimatlarını, qadın və kişi paltarlarını. Qrim əşyalarını alanda, onun necə sadə, təvazökar və səmimi insan olduğunu yəqin etdik.
İllər ötdükcə H.Sarabskinin köməyi ilə binası qoyulmuş həmin yerli teatr kollektivi püxtələşdi, onun ifaçıları cilalandı. İstedadlı həvəskar artistlər öz yetkin tamaşaları ilə bütün ətraf kəndlərdə yaşayan zəhmətkeşlərin rəğbətini qazandı. Kollektiv dəfələrlə rayon yarışlarının qalibi olmuşdu. Sonralar cəbhədə qəhrəmanlıqla həlak olmuş Əliyusif Tağıyev “O olmasın, bu olsun” komediyasında Məşədi İbad rolunu elə məharətlə oynayır, oradakı mahnıları elə məlahətli səslə oxuyurdu ki, onu adından çox “Məşədi Əliyusif” deyə çağırırdılar.
Kollektiv Böyük Vətən müharibəsinin axırlarına kimi mütəmadi olaraq yüksək səviyyədə məzmunlu tamaşalar göstərmişdi.
Hüseynqulu  Sarabski  BasqaldaMiryavər Hüseynov

Şərh Yaz