Ana dilimizi qoruyaq

Ana dilimizi qoruyaqAna dilinin dərindən öyrənilməsi, sevilməsi doğma xalqın tarixini, onun qəlbini, taleyini anlamaq deməkdir. Dilin unudulması millətin öz varlığından, mənəvi mədəniyyətindən məhrum olması ilə nəticələnir. Vətənsevərliyin əsas meyarlarından biri də dilə münasibətdir. Bir vaxtlar ədəbi mətbuatda və çıxışlarda B.Vahabzadə, A.Məmmədov, Y.Seyidov, Qabil, K.Abdulla, H.Abbaszadə, S.Rüstəmxanlı və başqa ünlü alimlərimiz, tanınmış qələm sahiblərimiz dilimizə göstərilən ögey münasibətlə bağlı həyəcan təbili çalırdılar. Bu gün şükürlər olsun ki, o günlər arxada qalıb. Respublikamız müstəqil olduqdan sonra dilimizin cəmiyyətdə tətbiq dairəsi genişlənmişdir.
1995-ci ildə qəbul olunmuş Konstitusiyamıza görə Azərbaycan dili Dövlət dili kimi təsdiq olundu. Ulu öndərimiz 2001-ci ilin iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu fərmanla həmin ilin 1 avqustundan ölkə ərazisində bütünlüklə yeni latın qrafikalı Azərbaycan əlifbasına keçməsi qərara alındı və həmin gün “Azərbaycan əlifbası və Azərbaycan dili günü” təsis edildi. Bundan sonra 30 sentyabr 2002-ci ildə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasında Dövlət dili haqqında qanun” qəbul edildi və 2 yanvar 2003-cü ildə Ümummilli liderimiz H.Əliyev bu qanunun tətbiq edilməsi barədə fərman imzaladı. H.Əliyevin Azərbaycan dilinin inkişafı üçün gördüyü bu misilsiz işlər dilimizə qarşı edilmiş haqsızlığı aradan qaldırdı, onun hüquqlarını qorudu, cəmiyyətdəki mövqeyini tam bərpa etdi.
İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Azərbaycan dili rahat işlədilə bilməsin. Digər sahələrdə olduğu kimi ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də müəllimlərin böyük rolu olmalıdır. Orta məktəblərdə Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bu məqsədlə 21 fevral 2013-cü il tarixində işlədiyim M.Piriyev adına Tircan kənd tam orta məktəbində “Mənim ana dilim” ədəbi-bədii kompozisiya təşkil etdim. Tədbirdə məktəb kollektivi və İsmayıllı RTŞ-nin metodisti Sabir İsmayılov da iştirak edirdi. Tədbirdə məktəbimizin dil-ədəbiyyat müəllimləri Sanil Adgözəlov və Firuz Aslanov çıxış etdilər. S.Adgözəlov Azərbaycan dilinin qədimliyi, zəngin tarixə malik olması haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar verdi. F.Aslanov isə dilimizin üslub qaydalarından, onun incəsənətdə, ədəbiyyatda və digər sahələrdə işlənməsi haqqında geniş məruzə etdi. Daha sonra şagirdlər ana dili haqqında yazılmış şeirlər söylədilər, mahnılar ifa etdilər. N.Gəncəvinin, S.Vurğunun, M.F.Axundzadənin əsərlərindən hazırlanmış səhnəciklərlə tədbir iştirakçılarında xoş əhval-ruhiyə yaratdılar. Şagirdlərin şifahi xalq ədəbiyyatından göstərdiyi nümunələr dilimizin gözəlliyini, saflığını ürəyəyatımlılığını bir daha sübut etdi.
Tədbirin sonunda RTŞ-nin metodisti Sabir İsmayılov çıxış edərək tədbir haqqında öz ürək sözlərini dedi. Daha sonra məktəbimizin direktoru İlqar Gərayev çıxış edərək tədbirdə fərqlənən şagirdləri “Ən yaxşı ifaya görə” Fəxri fərman və pul mükafatı ilə mükafatlandırdı.
Belə tədbirlərin keçirilməsi şagirdlərdə öz doğma dilinə məhəbbət, dilini qorumaq və sevmək kimi müsbət keyfiyyətlərin aşılanmasında mühüm rol oynayır.
Təranə Əhmədova,
M. Piriyev adına Tircan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz