Zirvələrə doğru başlanan yol

Tarix boyu insanlar təhsilə özünün mənəvi təkamül qüvvəsi kimi baxıb. Təhsildə baş verən yeniliklər həyati zərurətdir. Bu sahədə müəllimlərin üzərinə düşən məsuliyyət daha böyükdür. Gənc nəslin gələcəyinin düzgün müəyyənləşməsi məhz müəllimlərdən asılıdır. Uzun müddətdir ki, mətbuat səhifələrində bir gənc müəllim, onun əldə etdiyi nailiyyətlər haqqında söz demək istəyirdim. Onun son günlərdə əldə etdiyi uğurlar məni bir daha bu işə həvəsləndirdi. Sizə haqqında danışacağım insan gənc fizika müəllimi Şəkər Hacıyevadır. O, kollektivimizə gəldiyi günlərdən 9 il keçir. Bu müddət ərzində o özünü müəllim və şagird kollektivinə sevdirmiş, tədris etdiyi fizika fənninə qarşı şagirdlərdə yüksək maraq hissi aşılamışdır.
Şəkər müəllimə çox cavandır. O, 1981-ci ildə rayonumuzun ucqar kəndlərindən biri olan Qalacıqda ziyalı ailəsində doğulmuşdur. Atası Nadir müəllim qızının xüsusi istedada malik görüb, onu elmin cığırlarına yönəltmişdir. Beləliklə, orta məktəbi müvəffəqiyyətlə bitirən gənc qız sənədlərini Bakı Dövlət Universitetinin fizika fakültəsinə vermiş və qəbul olmuşdur. İllər ötmüş o, ali təhsilini başa vuraraq müəllim kimi, doğma rayonuna qayıdaraq A.Aslanov adına 2 nömrəli tam orta məktəbində fəaliyyətə başlamışdır. Qısa müddətdə o özünü bacarıqlı, öz ixtisasına layiqincə yiyələnmiş bir müəllim kimi göstərmişdir. Peşəsinə olan bağlılıq onun yeni-yeni müvəffəqiyyətlərə nail olmasına imkan vermişdir. O, dərslərin tədrisində yeni təlim metodlarına böyük üstünlük verir. Hər dərs prosesində şagirdlərin dərsləri yüksək səviyyədə mənimsəmələri üçün İKT-dən geniş istifadə edir.
2011-2012-ci tədris ilində Şəkər Hacıyeva rayonumuzun bir neçə müəllimi ilə birlikdə Türkiyə Respublikasının Trabzon şəhərində keçirilən “Yenilikçi öyrətmənlər” kursunda keçmiş və bu kursda əldə etdiyi bilikləri böyük həvəslə tədris etdiyi fizika fənnində tətbiq etməyə başlamışdır. Bunun nəticəsidir ki, onun şagirdləri müxtəlif bilik yarışlarında, layihələrin hazırlanmasında, fənn olimpiadalarında yüksək bilik nümayiş etdirirlər. Ş.Hacıyeva şagirdlərini beynəlxalq onlayn bilik olimpiadasına qoşmuş və şagirdləri yüksək bilik nümayiş etdirərək Ural Federativ Müəllimlər Evi tərəfindən Diplomlarla təltif olunublar. Onun dərs dediyi buraxılış siniflərində fizika fənnindən qeyri-kafi qiymət alan olmayıb.
Ş.Hacıyeva ingilis dilini öyrənir. AZETA-nın üzvüdür, AZETA konfranslarında iştirak edir. Müxtəlif layihələrə, Amerikanın İEARN təşkilatının, Ekologiya Nazirliyinin, Zukov fondunun layihələrinə qoşulub. O, Türkiyə Respublikasının Burdur şəhərində Mehmet Akif Ersoy Universitetinə dəvət almış və həmin Universitetdə Respublikamızı layiqincə təmsil etmişdir.
Şəkər Hacıyeva hazırladığı şagirdlərin fizika fənni üzrə olimpiadanın rayon turunda qalib gəldiklərinə görə, məktəbin beynəlxalq əlaqələrinin yaradılmasında, layihələrdə, rayonun ictimai işlərində fəal iştirakına görə dəfələrlə Fəxri fərman və Diplomlarla təltif olunub.
TQDK-nın məlumatına görə Şəkər Hacıyevanın fizika fənni üzrə göstəriciləri ildən-ilə artıb. Şəkər müəllim inkluziv təhsilə cəlb olunan şagirdlərlə xüsusi iş aparır.
Ş.Hacıyeva məktəbin Kiçik Akademiyasının üzvüdür. Eyni zamanda UGŞ məktəbində baş məşqçi müəllimdir.
Ş.Hacıyeva şagirdlərin fizikaya aid əl işlərinin (maketlərin) hazırlanmasına köməklik göstərir, şagirdləri ilə kitab müzakirələri aparır. Fizikanın tədrisində İKT-nin tətbiqi ilə bağlı mühüm məsələləri müzakirə edir. Ş.Hacıyeva metodbirləşmə iclaslarında fizika fəninin tədris keyfiyyətinin yüksəldilməsi üçün, tədrisə yeni təlim metodunun, İKT-nin tətbiqi ilə bağlı lazımı metodik tövsiyələr verir. O, həm də məktəbdə şagirdlərə İKT bilikləri üzrə maarifləndirmə təlimləri keçir.
Ş.Hacıyevanın 5 illik pedaqoji iş təcrübəsinin məktəbin müəllimləri arasında yayılması məqsədə uyğun hesab edilmişdir. Şəkər Hacıyevanın fizika fənninə aid www.fizika-az.com veb saytı da var.
Ş.Hacıyevanın rayonda çıxan “Girdiman”, “İsmayıllı xəbərləri”, “Təhsil problemləri” qəzetlərində, “Elm və təhsil” jurnalında vaxtaşırı məqalələri çıxır.
Onun bu ilki tədris ilində nailiyyətlərinə daha bir sevindirici xəbər əlavə olundu. O, VII Beynəlxalq fənn olimpiadasında dərs dediyi X sinif şagirdləri Bahar Əsədova, Leyla Talıbzadə, IX sinif şagirdi Afaq Sabirli, XI sinif şagirdi Seymur Səmədzadə və Dilqəm Məmmədovla birlikdə yeni uğura imza atdı. Bu uğurun nəticəsi olaraq Şəkər müəllimə şagirdləri ilə bərabər Fəxri fərman və Diplomla mükafatlandırıldı. Həmin diploma Praqa, Çexiya və Rusiya alimləri yüksək rəy vermişlər. Şəkər müəllimə dəfələrlə yeni dərsliklər haqqında təkliflərini vermiş və bu fikirlər bəyənilmişdir. O, fizika fənni üzrə yeni dərs vəsaiti hazırlamaq üzərində işləyir. Onun bu uğurlarını bütün kollektivimiz alqışlayır, elmin çətin və şərəfli yollarında yeni nailiyyətlər arzulayır.
Zirvələrə doğru başlanan yolGilas Musayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin direktor müavini

Şərh Yaz