Qanlı səhifələrdən biri

H.Əliyev adına İvanovka kənd tam orta məktəbində bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Toplantı iştirakçıları ilk öncə Xocalı və digər şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirə məktəbin direktoru Mixail Uryupin, pedaqoji kollektivin bir qrup üzvü, rus və Azərbaycan bölmələrinin şagirdləri qatılmışlar. Tədbirdə Xocalı faciəsindən bəhs edən kadrlar nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına Xocalıda törədilən qanlı hadisələr haqqında məlumat verildi. Bir gecədə Xocalı şəhəri yerlə yeksan edildi, ölənlərin, itkin düşənlərin, əsir aparılanların sayı yüzlərcədir. Ermənilərin dinc əhalinin başına gətirdiyi vəhşiliklər sübut edir ki, bunların heç bir analoqu yoxdur.
Hazırda Xocalı şəhərinin sakinləri respublikanın 50-dən çox rayonunda məskunlaşıb. Bu faciə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Tədbirin təşkilində məktəbin psixoloqu Səbinə İsayevanın əməyi qeyd olunmalıdır. Məktəbin VIII-XI sinif şagirdləri Günəş Məmmədova, Aytac Mirzəliyeva, Qorxmaz Mirzəliyev, Səfa Vəliyeva, Nazpəri Zərbəliyeva, Mehdi Dadaşov, Elmin Ələsgərov, Alim Balalıyev çıxış etmişlər. “Şəhidlər”, “Xocalı abidəsi” və digər şeirlər ifa edilmişdir.
Bəhram Soltanov,
məktəbin tarix müəllimi

Şərh Yaz