Faciə qurbanlarının ruhu şad olsun

H.Əsədov adına Vəng tam orta məktəbində Xocalı faciəsi ilə əlaqədar tədbir keçirildi. Burada yaradılmış xüsusi guşədə həmin gecədə erməni faşistləri tərəfindən törədilmiş vəhşilikləri əks etdirən fotolar nümayiş etdirilmişdir.
Anım tədbirini giriş sözü ilə məktəbin direktoru Ş. Cəfərov açdı və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ş.Cəfərov qeyd etdi ki, həmin gecədə heç kəsə rəhm edilmədi, həmvətənlərimizin başına insanlıqdan kənar vəhşiliklər gətirildi. Məktəbin tarix müəlliməsi A.Bağırova öz çıxışında Xocalı faciəsini tam təfərrüatı ilə tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin aparıcıları – V sinif şagirdləri Misir Cəfərov və Rəfael Rüstəmova söz verildi. Şagirdlərdən Fidan Calalova, Rəfael Əhmədov, Namiq Qaflanov, Şəhla Hüseynova, Sübhan Cəfərli və digərləri faciə ilə bağlı şeirlər, bayatılar, Xocalı faciəsini əks etdirən kompozisiyalar təqdim etdilər.
Anım tədbirində məktəb kollektivi ilə bərabər kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailəsinin üzvləri və Qarabağ müharibəsi veteranları da iştirak etmişlər.
Ümman Ağayeva,
məktəbin fizika müəllimi

Şərh Yaz