Problemləri bərabər həll etməliyik

Problemləri bərabər həll etməliyikFevral ayının 21-də İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İvanovka kəndinin sakinləri ilə görüşdü. Görüş kəndin Heydər Əliyev adına tam orta məktəbində baş tutdu. Məktəbin akt zalına toplaşmış kənd sakinlərini salamlayan RİH başçısı onların problemləri ilə maraqlandı.
RİH başçısının İvanovka İƏD üzrə nümayəndəsi Olqa Jabina kəndin qaz, elektrik enerjisi və su ilə təminatında olan çatışmazlıqlardan söz açdı, kənddə poçt şöbəsinin, mədəniyyət evinin qış aylarında istiliklə təmin olunmamasından danışdı, kənd ərazisində olan iki təbii gölün təmizlənməsi məsələsinə toxundu.
N.Nikitin adına kolxozun sədri Qriqoriy Minnikov təsərrüfatda çalışanlar adından Mirdaməd Sadıqovu İsmayıllı rayonuna başçı təyin olunması münasibətilə təbrik etdi. Sədr ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin İvanovka kəndinə səfərlərindən, bu səfərlərin kənd sakinləri üçün mənəvi əhəmiyyətindən, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının kənd sakinlərinə verdiyi ruhdan söz açdı.
Q.Minnikov çalışmalara baxmayaraq, rəhbərlik etdiyi təsərrüfatın ildən-ilə zəifləməsindən təəssüfləndiyini bildirdi. O qeyd etdi ki, istehsalın müəyyən sahələrində məhsuldarlıqda artım əldə olunsa da, kolxozda yaranmış borcların ödənilməsi əsil problemə çevrilmişdir. Kolxozçuların aylıq əmək haqlarının 60-100 manat arasında olduğunu qeyd edən sədr buradan qaynaqlanan digər problemlərə diqqət çəkdi.
Kəndin sakinləri açıq söhbət şəraitində keçən görüşdə onları narahat edən əsas məsələlərə toxundular. Kolxozun hüquqşünası müstəqillik illərində kolxozun Nizamnaməsinə heç bir dəyişiklik olunmadığını böyük narahatçılıq kimi diqqətə çatdırdı və bu amilin təsərrüfatın geriləməsində az rol oynamadığından danışdı.
Problemləri bərabər həll etməliyikSakinlərdən bir neçəsi şəxsi məsələlərdən, məişət problemlərindən, həyətyanı torpaq sahəsi almaqda üzləşdikləri çətinliklərdən söz açdılar.
Kəndin Ağsaqqallar Şurasının sədri Nikolay Dubrovin kolxozda geriliyə səbəb olan məsələlərə toxundu və Mirdamət müəllimin şəxsən tanıdığını, onun rəhbərliyi ilə bu vəziyyətdən çıxış yolu tapılacağına ümidvar olduğunu bildirdi. O, ağsaqqal olaraq kənd sakinlərini təsərrüfatı qaldırmaq naminə birliyə dəvət etdi. Cari ilin həm də seçkilər ili olmasını qeyd edən N.Dubrovin ivanovkalıların dövlət siyasətini dəstəkləyəcəklərini, Prezident seçkisində bir nəfər kimi, hazırda hər bir vətəndaşın qarantı olan cənab İlham Əliyevə səs verəcəklərini bildirdi.
Problemləri bərabər həll etməliyikÇıxış edənləri diqqətlə dinləyən M.Sadıqov kolxozda yaranmış geriliyin elmi təhlili üzərində dayandı, məsələ ilə bağlı fikirlərini açıqladı. Gənclərin kəndi tərk etməməsi üçün onların arzu və istəkləri istiqamətində əsaslı iş aparılması, İvanovka kəndinin əvvəlki gurluğunu, əməksevərliyini və şöhrətini özünə qaytarmaq barəsində əməli iş görmək üçün kənd sakinlərinə, eləcə də məsul şəxslərə tapşırıqlar verdi. Başçı həmçinin görüşdə qaldırılan şəxsi məsələlərə diqqətlə yanaşılmasını aidiyyəti təşkilatların rəhbərlərinə tapşırdı.
Tanışlıq xarakteri daşıyan ilk görüşdə Başçı bildirdi ki, bundan sonra İsmayıllıda olan idarə və təşkilatların heç birində vətəndaşların narazılığına səbəb ola biləcək neqativ hallara yol verilməyəcək, rüşvət alınmasına, korrupsiyaya cəhdlər belə cəzalandırılacaqdır. Dövlət idarəsində çalışan məmurun vəzifə borcu dövlətin qanunları çərçivəsində onun vətəndaşına xidmət etməkdən ibarətdir. Gördüyü işdən ötrü əməkhaqqı alan hər bir vəzifə sahibi qanun qarşısında məsuliyyətini dərk etməlidir. Belə olmadıqda həmin insanlar tutduqları vəzifə ilə vidalaşmalı olacaqlar.
Problemlər, çətinliklər hər yerdə var. Biz qüvvələri birləşdirərək onları həll etməliyik. Çalışmalıyıq və nail olmalıyıq ki, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlar yaşayışından razı qalsın, özünü xoşbəxt saysın. RİH başçısı M.Sadıqovun görüşün sonunda dediyi bu fikirlər alqışlarla qarşılandı.
Sakinlərlə görüşdən sonra Başçı İvanovkada tikilən xəstəxanada və çörək zavodunda gedən işlərlə maraqlandı.
Ş.Soltanov

Şərh Yaz