Halal zəhmətlə firavan həyata

Halal zəhmətlə firavan həyataİsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov fevral ayının 22-də, ilk iş həftəsində Tircan kənd sakinləri ilə görüşdü.
RİH başçısı görüşə gələnləri salamladı. Ümumi tanışlıq istiqamətində etdiyi açıqlamalardan sonra o söhbəti dövlət quruculuğu, sahəsinə yönəltdi. İnsanların, xüsusilə də kənd yerlərində yaşayanların sosial vəziyyətlərinin acınacaqlı olmasından narahatlığını bildirdi. Təəssüf ki, kənd iqtisadi tənəzzül həddindədir. Bu vəziyyətdən çıxmağın yolları axtarılmalı və tapılmalıdır.
Hər gün ölkədə gedən inkişaf barədə kifayət qədər xəbər eşidir, məlumat alırıq. Rayonun isə bir sıra kəndlərində hələ də yol, qaz, işıq, su sahəsində problemlər vardır. İnsanlar hər yerdə rahat yaşamağa can atırlar. Bu, həyatın tələbidir və bu cür düşünənlər haqlıdırlar. Dövlətimizin başlıca məqsədi də öz vətəndaşlarına arzulanan şəraiti və güzəranı qurmaqdır.
Artıq rayonun 27 yaşayış məntəqəsinə mavi yanacaq verilir. 2010-cu ildə qazlaşdırılacaq kəndlərdən birinin Tircan olacağı söylənilsə də, hələ də kənddə qaz yanmır.
Tədbirdə çıxış edən kənd sakini Əbil Əbilov kəndarası elektrik dirəklərinin nasazlığından danışdı. Ərazidə güclü külək əsərsə, bu dirəklərin davam gətirə bilməyəcəyini, ciddi qəzaların baş verə biləcəyini xatırlatdı. Bir neçə il əvvəl bu səbəbdən kənddə ev yandı. Suyu İsmayıllıdan gətirməli oldular. Girdiman çayı kəndin yanından axsa da, oradan su götürmək olmur. Təhlükəsizlik məqsədi ilə hər kənddə su hovuzu tikmək olmazmı? Məgər bu o qədər vəsait tələb edir? Kəndə yaxın yerdə həm yanğın təhlükəsizliyi, həm də mal-qaranın sulanması üçün süni göl tutulması işinə başlanılmışdı. Hansı səbəblərdənsə, o iş yarımçıq qaldı. Bu işi başa çatdırmaq yaxşı olardı.
Ə.Əbilov ətrafdakı meşələrin qırılmasından ürək yanğısı ilə danışdı. Yaşı səksəni haqlamış bu ağsaqqal fikrinin bir hissəsini şeirlə ifadə etdi.
Olmadı meşələrə bir arxa duran,
Yayımız alovdu, qışımız boran.
Gözəl meşələri qoydular viran,
Kimdi bu meşələri qıran, qoruyan?

Dağlara buldozerlə yol açdılar,
Meşəni qırmaqda həddi aşdılar.
Marallar, cüyürlər səsdən qaçdılar,
Meşədəki quşlar hara uçdular?..
Söz yox ki, bu misraları ürək ağrısı keçirmədən qələmə almaq mümkün olmazdı.
Başçı aidiyyəti təşkilatlara Tircan kəndi ərazisində meşəsalma işində dönüş yaradılması barədə ciddi tapşırıqlar verdi, bu işdə kənddəki tam orta məktəbin şagirdlərinin, eləcə də sakinlərin yaxından iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi.
Sakinlərlə görüşdə torpaqlardan səmərəli istifadə, aqrar sahənin inkişafı məqsədinə xidmət edən geniş söhbət getdi. Rəşid İslamov bu sahədə təcrübəsindən danışdı. İrfan Abdulov ona kənd təsərrüfatı ilə əsaslı şəkildə məşğul olmaq üçün kredit verilməsini xahiş etdi.
Yüksək gərginlikli elektrik xəttində dirəklərin çürüməsi səbəbindən tez-tez açılmalar olmasından söz getdi. Kəndin elektrik montyorunun olmaması məsələsi görüşün gedişi zamanı həllini tapdı.
Maçaxı kənd sakini Bəsirə Xəlilova eyni inzibati ərazi dairəsinə daxil olduğundan Tircana diqqət ayrılacağı vaxtda bu kəndin unudulmamasını xahiş etdi.
Halal zəhmətlə firavan həyataTircanın bir məhəlləsi olan və Qasımkənd kimi tanınan ərazidə ibtidai məktəb açılması təklifi görüşdə problem kimi qaldırıldı. Lakin məlum oldu ki, bunun üçün şagirdlərin yaşadığı yerlə məktəb arasında məsafə ən azı 3 kilometr olmalıdır.
Şəhid atası Gülbaba Piriyev kəndin içməli suya ehtiyacından, Əliyar Məmmədov gənclərə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasından, Valid Rüstəmov sosial yardım ala bilməməsindən, Ağagül Mahmudov daimi yaşamaq üçün kəndə qayıtdığından, lakin qeydiyyata alınmada problemlərlə üzləşməsindən söz açdı. Müəllim Firuz Aslanov kənd məktəbinin başdansovdu tikilməsindən gileyləndi.
Görüşdə Qaz İstismar Sahəsinin rəisi Eldar Səlimzadənin açıqlamasından məlum oldu ki, bu il Tircan, Maçaxı, Zərgəran kəndlərinə və Basqal qəsəbəsinə mavi yanacaq veriləcəkdir.
Kənd sakini Ələm Balaşov Mirdaməd müəllimi, onunla bərabər görüşə gələnləri salamladı. Ümumi razılıqdan sonra fikrini dağları tərənnüm edən bir şeirlə tamamladı.
Başçı M.Sadıqov Tircan kəndinin yaxın keçmişindən, onun tanınmış ziyalılarından söz açdı. Kəndin əvvəlki qaynarlığını özünə qaytarmaqdan, insanların yerə-yurda bağlılığını təmin etməkdən danışdı, bunun mümkünlüyünə inandığını söylədi. Başçı bildirdi ki, arzuladığımız sosial rahatlıq bizdən, işimizi fayda verəcək səviyyədə qura bilməkdən asılıdır. Ələbaxımlıq həmişə halal zəhməti hesabına firavan dolanmış ismayıllılara xas olan sifət deyil. Xoşbəxt sabahımızın təməlini öz əllərimizlə, elə bu gündən özümüz qoymalıyıq.
Başçı görüşdə səslənən narazılıqlarla bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Ş.Soltanov

Şərh Yaz